“Qanun” nəşriyyatı bu yaxınlarda ünlü yapon yazarı Murakaminin “Norveç meşəsi” romanını ana dilimizə çevirərək, yayımlayıb. Azərbaycan gəncliyi üçün maraq doğuracaq bu romanı daha çox insanın oxumasını gözləyirəm. Ondan sonra roman haqqında ayrıca yazım olacaq.
Bu gün sadəcə, romandakı bir qəhrəmanın işlətdiyi fikri yazıma vasitə edəcəyəm. Varlı balaları ilə bir məktəbdə oxuyan kasıb uşaq sonra öz dostuna iztirabını belə izah edir: “Varlıların bəzən özlərinin də bilmədiyi bir xoşbəxtliyi olur. Onlar ciblərində pul olmayanda bunu rahatlıqla deyə bilirlər. Kasıbın isə, özəlliklə imkanlılar arasında yaşayan, çalışan, oxuyan kasıbın belə rahatlığı olmur. O, cibində pulunun olmadığını dilə gətirə bilmir, gizlədir, bu haqda susur”.
Qəhrəman bu vəziyyəti gözəl və yaraşığı olmayan xanımın bəzənməyilə müqayisə edir: “Gözəl qız bəzənməyəndə rahatca deyir ki, bu gün makiyaj etməmişəm, pis görünürəm. Çirkin isə bunu deyə bilmir, desə belə, bu, gülməli çıxar”.
Sizə qəribə gəlməsin, Murakamının bu qeydlərini mən demokratik dəyərlər baxımından çox ciddi qiymətləndirirəm. Səbr edin, anladıram.
Demokratik cəmiyyət olmanın, demokrat olmanın bir vacib göstəricisi də insanların onları idarə edənlərə gülməsinə imkan verməkdir. Özü də açıq gülüş, ictimailəşmiş gülüş…
Konkretləşdirək: özünü regionun analoqsuz lideri və super demokratı sayan Ilham Əliyevin bir karikaturasını görmüsünüzmü?
Hə, mən görmüşəm, çox az da olsa, belə şeylər var. Lakin bunlar nəşrlərdən kənarda qalan, gizli yaradıcılıq nümunələridir. Qəzetlərin, jurnalların üzü bu iş üçün bağlıdır.
“Bizdə bu işi bacaran adamlar yoxdur” deməyə cəhd etməyin, çünki hökumət nəşrlərində müxalif insanların bol-bol karikaturaları çıxır. Üstəlik, biz indi lənətlənən “92-93″-cü il qəzetlərini vərəqləsək, o səhifələrdə həmin dövrün rəhbərlərinin bol-bol karikaturalarını görə bilərik. Əbülfəz Elçibəyin karikaturasını o vaxtlar AXC-nin sağ əli sayılan ”Azadlıq” qəzeti də yayımlayıb.
“Bu nədir?” sualını bizim üçün Murakami cavablayıb.
Despotlar gülüş obyekti kimi qəzetlərə düşməkdən qorxurlar. Çünki onlar zatən gülməlidirlər. Onların nitqləri, davranışları, analoqsuz layihələri əvvəl heyrət, sonra isə xalqda gülüş yaradır. Bu gülüşün isə açıq forma alması, ictimailəşməsi diktatorları “çirkin qız” kimi sıxır, kompleksin altında əzir.
Demokratlar isə karikaturalarından da həzz alırlar. Yanlış etdikləri bir işin karikaturaya çevrilməsi onları əsəbiləşdirmir. Əksinə, bu onların öz fəaliyyətlərinə düzən verməsi üçün bir səbəb olur.
Yaxınlarda Türkiyənin eks-prezidenti Turqut Özal haqqında bir yazı oxudum. Mərhum Özalın prezident olarkən bir özəlliyi də öz ofisində karikaturalarından sərgi düzəltməsi imiş. T.Özal hər gün işə gəlib-gedəndə karikaturalarına baxarmış. Əziz qonaqları gəldikdə ilk göstərdiyi yerlərdən biri karikaturları olarmış. Məmləkətin hansısa guşəsində sanballı karikaturasının çıxdığını eşitdikdə, köməkçisini işə qoşar, karikaturasının orijinalına yaxşı pul ödəyib alarmış Özal…
Ilham Əliyevin ofisinin içində belə bir sərgini təsəvvür edə bilirsinizmi? Bizim dövlət aparatındakı bütün sərgilər birmənalı olaraq Heydər Əliyevin həyat və yaradıcılığını tərənnüm edir. Bizim saraylarda sərgilənən əsərlər zəlimxanyaqubların məhdiyyələri üçündür. Və biz artıq bunun sirrini bildik. Diktator “bax, bu işi görərkən çox gülməli idim” deyə, bunu özünə belə, etiraf edə bilmir. Axı onlar nə zaman gülməli olmadılar ki…
Bir iş var ki, onların xalqa bəxş etdikləri gülüş də acı olur…