İlham Əliyev Azərbaycanda rüşvət və korrupsiyanın kökünü kəsmək üçün daha bir sərəncam imzalayıb. Sərəncam 2012-2015-ci illəri əhatə edəcək. Bəzi qəzetlərin təbirincə desək, ətrafı və məmurlar burcutmasa, Ilham Əliyevin bu sərəncamı ilə Odlar Yurdunda muzeyə də qoymağa bir korrupsioner tapılmayacaq.
Mən intizamlı təbəə kimi qibleyi-aləmin korrupsiyanın səviyyəsini sıfıra endirəcəyinə əminəm. O, qısa müddətdə ölkəmizdə yüz mindən çox iş yeri aça bildisə, kasıblığın səviyyəsini 45 faizdən 6-7 faizə qədər endirdisə, korrupsiya onun qarşısında tab gətirə bilməz. Bir sözlə, var ümid gələcəyə…
Yeni sərəncamın bir məqamı diqqətçəkicidir; hər bir dövlət məmuru gəlirləri ilə bağlı hesabat verməlidirlər. Mən düşünürəm ki, bu hesabatlardan sonra Azərbaycanda qiyamət günü başlayacaq və ölkəmiz yeni dövrə qədəm qoyacaq. Baş prokuror Zakir Qaralov necə demişdi: korrupsiya ilə mübarizəni birinci özümüzdən başlamalıyıq. Onun üçün təsəvvür edək, birinci hesabatı birinci şəxs – qibleyi-aləm verir.
Ilham Əliyevin gəlirləri haqqında hesabatı ilə tanış oluruq.
“Allahdan gizlin deyil, sizdən niyə gizli olsun; xırdalıqlara getməyəcəm, 3 mobil operatorum var. SOCAR-la bağlı deməyim artıq görünər, amma yenə deyim, o, mənlikdir. Gədəbəydə 3-4 qızıl yatağı mənim üçün işləyir. Ən böyük tikinti şirkəti – ”Akkord” da mənə işləyir, Zakir Qaralovla adı çıxsa da. Silk Vey, Kapitalbank, Beynəlxalq Bank, “Paşa Holdinq”də mənim üçün zəhmət çəkir”.
Kəmaləddin Heydərovun hesabatı: “Mən şəffaf adamam, onsuz da camaat nəyim var, bilirdi, indi özüm deyirəm. ”Gilan Holdinq” mənimdir. 7 hotelim var, onun ən məşhuru “Kempinski” hoteldir, Qanlı gölün qırağında tikmişəm. Qəbələ, Zaqatala, Masallı, Yardımlı, Göyçayda istirahət mərkəzlərim var. Göbələk, qara kürü və nərə balığının satışı mənim inhisarımdadır. Çay, tütün biznesi də bəndənizindir. Başqa biznesim də var, gözləyirəm, Ziya Məmmədov sərvətlərin açıqlasın, davam edərəm”.
Ziya Məmmədov: “ZQAN holdinq” bizim nəslə işləyir. Beynəlxalq Avtovağzal, 28 maydakı, Füzuli meydanındakı ticarət Mərkəzləri mənimdir. Bir şirə zavodum var, təzə qurmuşam, inanım, hələ gəliri çox azdır. Iki bankım var, “London taksiləri” də bizimdi. 14 şadlıq evim, 8 istirahət mərkəzim, Mərkəzi Aran və Şirvanda 8 min xırdabuynuzlu, 2 min iri buynuzlu heyvanım var. Binə yarmarkasında 2 seksiyadan da gəlir götürürəm”.
Vasif Talıbov: “Cümlə Naxçıvan mənlikdir. Təndir çörəyindən tutmuş, taksiyə qədər hər şey mənim üçün qazancdır. Sözünüz var, hııı?”.
Ramil Usubov: “Qarabağla bağlı nə qədər restoran, şadlıq evi gördünüz, mənlikdir. Sayını deyə bilməyəcəm, ona görə ki, sınamışam, saydıqca azalır. Allah bərəkət versin, 28 may ətrafında bir-iki sexim var, ayaqqabı, kürk-filan tikirlər. Gön biznesinə əl qoymaq istəyirdim, dedilər Kəmaləddin müəllimindir. Bakı ətrafında bir neçə istirahət mərkəzim var. Bəylər müəllimlə birgə 3 toyuq ferması da saxlayıram. Avtomobil biznesindən də faiz götürürəm. Yol Polisi, Çeviklər, sahə müvəkkilləri, bir sözlə, vaxtınızı almaq istəmirəm, polislə bağlı yığılanlar bəndənizə bağlıdır. Pis yaşamıram, buna da şükür”.
Bəylər Əyyubov: “Bananı deyirlər, amma bu məni aşağılamaq üçündür, bütün sitrus meyvələrinin ölkəyə gətirilməsinə, satışına mən baxıram. Azərbaycanın 30 rayonunda istirahət mərkəzim, 20 şadlıq evim, 15 yanacaqdoldurma məntəqəm var, ət biznesi də mənimdir. Qara bazarda valyuta dəyişdirilməsi də kurasiyamdadır. 4 bazarım var. Bir şərab zavodum, ümumi sayı 20 mini aşan qoyun sürüm, at ilxım var. Xəzərdə bir yaxta da əldə etmişəm”.
Hesabat bitməyib…