Fövqəladə hallar naziri Kəmaləddin Heydərov müğənni Akif Islamzadəyə 20 min manat yardım edib. Akif Islamzadə özü ondan kömək diləyib, Kəmaləddin Heydərov da yox deməyib. Akif Islamzadə bu hadisədən çox xoşbəxt olub və nazirə təşəkkürlərini də qəzetlərdə bəyan edib. O, bu hadisəni mədəniyyətə atalıq qayğısı kimi qiymətləndirib.
Heydərovun bundan əvvəl Siyavuş Aslana, Yaşar Nuriyə də 30 min, 40 min verdiyini deyirlər.
Bu hələ son deyil, daha əvvəl Ziya Məmmədovun da bir şairə 4 min cibxərcliyi verdiyi ictimailəşmişdi. Çox zərərli tendensiyadır. Deməli, millətin varın-dövlətin tala, ye, axırda 4-5 nəfər tanınmışa yardım et, ol xeyriyyəçi!
Köməksiz adama əl tutmaq gözəl əlamətdir. Ancaq bu sual daha aktual olmalı deyilmi: Niyə bu ölkədə illərini, ömrünü sənətə xərcləmiş Siyavuş Aslan kimi biri kəmaləddinlərə möhtacdır?
40 min manat bir nazirin 2 illik maaşı qədərdir. Bəlkə Kəmaləddin müəllim gündə bir xurma ilə dolanır, yemir-içmir maaşını xeyriyyəçiliyə xərcləyir?
Qanun da dövlət postu tutanlara bizneslə məşğul olmağı qadağan edibsə, nazir xeyirxahlığı quldurluğun başqa varinatdır. Bu, onların cinayətkar obrazının xalqın nəzərində yumşaldılması üçün düşünülən hərəkətdir.
Xəstə sənət adamlarının qayğısına qalmaq üçün onların cibinə pul basmaqdan daha vacib işlər var. Məsələn, rüşvətə bulaşmamaq, büdcəni talamamaq.
Vay halımıza onda olacaq ki, hamımız ziyaməmmədovların, heydərəliyevfondlarının talanlarını görmədən “humanizm”lərinə heyran qalacağıq. Hələ ki, nə qədər adam qarət yolu ilə toplanan sərvətlərin ülvi dəyərlər üçün işlədilməsində comərdlik görmür, bunu uca səslə, utanmadan bəyan etməlidir. Bəlkə onda saxta qayğıkeşlikdən məst olanlar ayıla.
Təkcə məmurlar deyil, onların buyruğunda duran xeyli insan var ki, cəmiyyətə özlərini başqa cür olduğunu, əslində xalq üçün ürək yanğısı keçirdiyini sırımaq istəyirlər. Məsələn, onlardan biri ITV-şnik Anar Yusifoğludur. Hər dəfə saytlarda onun yazılarını görəndə sanki ünvanıma söyüş eşidirəm. Bu insan ülvi dəyərlərdən yazır, ağsaqqala, ağbirçəyə diqqətdən, dünyanın faniliyindən, fələyin rəhmsizliyindən qeydlər edir. Guya humanistdir, dünyanın dərdini çiynində daşıyır, ciddidir, kədərlidir və s.
Əlbəttə, heç kimə yazmağı qadağan etmək olmaz. Ancaq cəmiyyətə bu sualı da verməyi qadağan edə bilməzsiniz: Anar müəllim, sözün var, o boyda ITV əlindədir, çıx efirə, danış. Niyə danışmırsan? Camaatın başını tütək, balabanla qatmaqla məşğulsan. Türklərin bir sözü var; bu nə pəhriz, bu nə tutma? Xalqın anasını ağladan rejimin, şərin vinti olacaqsansa, sən ölənlərinin ruhu, daha biz zavallılara da rəhm et, qalxıb bizə mənəviyyat dərsi keçmə.
Mənimçün bu tip adamlar Fəzail Ağamalıdan da betərdilər. Fəzail, bilirsən ki, Fəzaildir. Sabah ölkədə demokratik dəyişikliklər olanda dilini dinməz yerinə qoyub çəkiləcək kənara. Vicdanı varsa, vicdan əzabı çəkəcək, cinayətlərinə görə isə həbs cəzası. Amma bu anarlar ortaya çıxıb deyəcək ki, qardaş, siz nə danışırsınız, mən rejimi içindən dağıdırdım. Filan yazımda sətiraltı ifadələrlə Ilham Əliyevin bir ay yuxusunu qaçırmışam, bir abzasıma görə Heydər Əliyev fondunun səkkiz kərpici düşüb…
Anar müəllim haqqında çox söz yazmaq olar, ancaq onsuz da o bizi eşidən deyil. Ona görə bu müqəddəs insanı verək proletariatın dahi rəhbəri Leninin ixtiyarına. V.Iliç yazırdı: “Gözünün qarşısında baş verənləri görməyib bəşəri dəyərlərin, tarixin arxasında gizlənənlər, guya hadisələrin fövqündə dayananlar yazar deyillər, ədəbi gədalardılar”.