London yarışlarını izləmirəm, deyə bilməyəcəm. Idmandan yox, idman yarışlarından dəhşət zəhləm gedir. Desələr ki, Messinin, yaxud da Mariya Şarapovanın oyununa pulsuz baxmaq və Siyavuş Novruzova 9 bakal pivə almaq variantı arasında seçim et, tərəddüdsüz ikincini seçərəm. Mən bir insanın topu təpikləyib, ştanqı qaldırıb həyəcanlanmasını rahat anlayıram, amma başqasının top dalınca, dəmir-dümür qaldırmaqla uğraşıb qan-tər tökməsinə ömrünü xərcləməsini yox.
Nəsə, Olimpiadanı birbaşa da olmasa, dolayısı ilə, daha çox “facebook”da dostlarımın yaydığı qeydlərdən izləyirəm. Qeydlər də nə qeyd… Sanki müharibədən qara xəbər broşürləri oxuyursan. Hər saat məğlubiyyət xəbərləri alırıq.
London yarışlarında vəziyyətimiz o qədər ağırdır ki, hətta AzTV kimi əbədi və sarsılmaz optimizm tribunası da ordan şən və fərəhli xəbər verə bilmir. Idmançılarımız uduzur, insanlarımız isə bu məğlubiyyətdən çox az hallarda içlərini çəkirlər. Bu, daha çox erməniyə yeniləndə olur, qalanlarında camaatın dünya-aləm heç vecinə də deyil.
“Kim sevirsə idmanı, demək, sevir Ilhamı!” kəlamının yarandığı ölkədə isə məğlubiyyətlər hakimiyyəti yandırmaya bilmir. Avqustun istisini ömrü boyu canında hiss etməyən Ilham Əliyev bu məğlubiyyətin alovunu çox həssaslıqla duyur. “Hər idmançının məğlubiyyəti Ilham Əliyevin şəxsi məğlubiyyətidir və buna görə o, məsuliyyət daşıyır” desək, şişirtmiş olmarıq. Niyə? Çünki Ilham Əliyevdən başqa heç kim onların qazandığı uğura şərik çıxmır. Qızıl, gümüş medal alanda nə deyirdilər? Göydə Allah, yerdə Ilham Əliyevin atalıq qayğısı olmasaydı, ala bilməzdik…
Indi idmançılar prezidentin diqqət və qayğısı nəticəsində bir-bir məğlub olurlar. Uduzan hər idmançı Ilham Əliyevin potensial vəkili idi.
Güləşçilərin, boksçuların bir-bir kəlləmalayallaq olması xəbərlərini eşitdikcə, dinc aksiyalarda Ilhamçı idmançıların aksiyaçılarla vəhşi davranışı lent kimi gözümünü önündən keçir və deyirəm: nooldu bəs, niyə rinqdə bu adamlar güclərini göstərə bilmirlər? Niyə tərəfmüqabil olanda bunların dizi əsir? Dinc insanları döyməyə nə vardı, bəs yarışda özləri kimi müqavimət göstərənlərə niyə bata bilmirlər?
Məni bir məsələnin xəyalı götürüb, medalla qayıdanda başlarına ləl-cəvahirat səpilən, YAP-a yazdırılan idmançılarla necə davranılacaq?
Birinci variant: onları yenə kütləvi şəkildə YAP-a yazdırıb, sonra ordan qovmaq lazımdır!
Ikincisi: hakimiyyət siyasi sayıqlıq nümayiş etdirərək, o məğlub idmançılarla bağlı ciddi araşdırma aparmalıdır. Heç ola bilməz ki, bu məğlubiyyət seriyasında erməni barmağı, Azərbaycan müxalifətinin pozucu fəaliyyəti olmasın. Bu faktlar təsdiqlənərsə, onları AzTV-yə çıxarıb, səmimi etiraflar etdirmək lazımdır. AzTV növbəti yarışlara qədər vətənimizə qarşı bu cür xəyanətkar mövqe tutanların burnundan yediklərini piltə-piltə tökməlidir.
Su içmək qədər asan təhsil
II qrupda keçid balının 150-yə endirilməsi münasibətilə xalqımızı təbrik edirəm. Böyük ümidlərim var ki, yaxın illərdə Misir Mərdanovun kolxozunda 11 il dözdüyünə görə bütün abituriyentlərə avtomatik və balsız tələbə bileti hədiyyə ediləcək. 150 balla tələbə adı qazanmaq eyni zamanda, qul bazarında diplomlu heyətin çoxalmasını şərtləndirir.
Yəqin, elə tələbə bileti almağın su içmək qədər asan olmasına görədir ki, təhsil haqları hər il ağlasığmaz həddə bahalanır. Axı, öz aramızdır, bir var, kitab oxuyub yazı yaza bilənə dərdi anladasan, bir də var, iki eşşəyin arpasını güclə bölənlərə. Müəllimlərin zəhməti çox olduğundan təhsilin də qiyməti buna görə bahalaşır. Mənim ağlım belə kəsir. Təhsilin başbilənlərinin izahı necədir – mən də sizin kimi bundan xəbərsizəm.