“Rusiyadakı azərbaycanlılar” böyük anlayışdır, mən Rusiya bazarlarındakı azərbaycanlılardan yazacam. Gördüyüm, söhbətləşdiyim sadə insanlardan.
Rusiyada Xoşqədəm Hidayətqızını Nazim Ibrahimovdan populyar (Nazim Ibrahimov – xaricdə yaşayan azərbaycanlılarla iş üzrə komitənin rəhbəri) gördüm. Xoşqədəm xanımın tapıb Rusiya bazarlarında üzə çıxardığı azərbaycanlıları mən də danışdırdım. Amma məsələyə heç də bu xanım kimi sentimental hisslərlə baxmayacam. Moskvada yerləşən zəhmətkeş dostum Teymur Hüseynovun Rusiyada itib-batanlar barədə dediklərinin altından mən də öz imzamı qoyuram: “Qardaş, fikir vermisənsə Xoşqədəm xanımın tapdığı adamların çoxu 94-95-dən sonra Azərbaycandan qaçan adamlardır. Heç gördünüz ki, onların arasında ”92-93″-cü illərdə Azərbaycandan gedənlər olsun? Bu adamları ailələrinə qaytarmaq xeyirxah işdir, ancaq ötəri söhbətlərdir. Bu gün bir ata ailəsinə qayıdırsa, elə həmin gün yüzlərlə Azərbaycan kişisi ailəsini tullayıb bura qaçır. Ona görə ki, Azərbaycanda yaşayılası deyil. Ölkədəki vəziyyət düzəlməyincə Xoşqədəmin hind filmləri kimi verilişləri boş şeydir, baş aldatmadır”.
Bizdə belə fikir yayğındır ki, Rusiyada ən ağır güzəranı orta Asiyalılar sürür. Inkar etməyəcəm, özbəklər, taciklər Rusiyanın ən ağır işlərini görürlər; küçə süpürürlər, ictimai ayaqyoluları da təmizləyirlər, hətta azərbaycanlılar onları özlərinin ən qara işlərində çalışdırırlar. Amma… S. adlı dostumu dinləyək: “Biz də burda qaçqınıq, özbəklər də. Bax, mənim işçim özbəkdir. Mənim bir bitim də yoxdur, amma o mənim əlimin altında işləyə-işləyə ölkəsində ev də alıb, maşın da. Indi istəyir ikinci bir arvad da alsın. Azərbaycanı isə elə bahalıq ediblər, burdan yolladığımız pula saqqızdan başqa bir şey düşmür”.
Azərbaycanın iqtidasiyyatının bərbadlığı, göründüyü kimi, ölkəmizdən uzaqlarda da fəsadını hiss etdirir.
“Odlar Yurdu”nda Rusiyada işləyənlərin bir obrazı var. Bu, əli, boyunu qızıla bürünən pullu insan obrazıdır. Bax, bu obraz bizim minlərlə insanımızı bədbəxt, əsir edib. Kafka deyəsən, “Hökm” əsərində bir növ eynən bizim qərib azərbaycanlıları təsvir edib. Orda da Rusiyaya gedən bir alman pulsuzluğa və uğursuzluğa görə geri dönə bilmir. Axı onu geridə cibidolu gözləyən nə qədər yaxını var… Mən təklif edirəm ki, Rusiyaya gedən adamlarımıza qarşı rəhmli olaq, onları belə ağır missiyaya kökləməyək. Onların günü çox ağır keçir. Mənə nə qədər nümunə dedilər ki, azərbaycanlılar kirayə haqqının baha olması üzündən iki otaqlı evdə iki müxtəlif ailə yaşayır. Bunun nə demək olduğu barədə bir atalar sözü var: “El elə sığar, ev evə yox”.
Rusiyada bir tikə çörəyin əsiri olan azərbaycanlılarda bizim kitablardan, şeirlərdən öyrəndiyim qürbət həsrətini də gördüm. Azca içən kimi onlar Könül Xasıyevadan tutumuş, Əflatunun muğamatlarına qədər hər cür kədərli mahnılara qulaq asırlar. Demək olar, hamısının telefonunda da bu qəbildən musiqilərdir. Azərbaycan üçün onların burunlarının ucu göynəyir, bura gəlməyi ancaq avantüristliyə aludə olanlar həyata keçirir və ya xəyal edir. Bu adamlar Rusiyanı da tərifləmirlər, di gəl bu ölkədə Azərbaycanla müqayisədə gördükləri ədalət onları qərib ölkəyə məhrəmləşdirir. Mən bir daha əmin oldum: “Insanlar şirin hər gün bir əzizlərini yediyi ölkədə yaşamağa razı olarlar, təki o ölkədə ədalət olsun” (Konfutsi).