Bir nəfərin ölümü faciə, minlərin ölümü isə statistikadır,- demişdi kimsə. Bu fikri Azərbaycanın vicdan məbhusları haqqında da işlətmək olar. Onların sayı həmişə çox olduğundan yerli və beynəlxalq ictimaiyyət üçün statistikaya çevirilib. Hə, indi say bir az azalıb. Azlıqsa təsəlli sayıla bilməz. Hazırkı idarə üsulu qalırsa, Ilham Əliyev adlı hökumdar nə qədər var, siyasi məhbus problemi də o qədər duracaq.
Bu gün onlardan ikisi – Şahin Həsənli və Vidadi Iskəndərli barədə ayrıca yazmaq istəyirəm.
Şahin Həsənlinin cibindən güllə çıxarmışdılar. Bu, açıq şər-böhtan idi. Qurama istintaq, məhkəmə bu günə qədər aydınlaşdıra bilmədi: bu ziyalı, mədəni və siyasi insan gülləni cibində niyə gəzdirsin?
Bəlkə, onun “28 may”ın ətrafında güllə sexi var?
Bəlkə, o güllələri öz dostu üçün ad günü hədiyyəsi alıbmış?
Əlbəttə, bu suallar Şahin bəyə verilən ittihamlar qədər düşük və gülüncdür. Di gəl nə edəsən, bu ölkədə gülünc böhtanlarla insanı il yarım həbsdə saxlamaq olur.
Məqsəd bəllidir. Bu, Şahin Həsənlinin özündən çox onun kimi mübarizə yoluna qədəm qoyanları qorxutmaq üçün düşünülüb.
Şahin Həsənli belə böhtandan qorxsaydı, elə sədri Əli Kərimlinin cibinə tank əleyhinə qumbara qoyulanda özü üçün dərs çıxarardı. Onun həbsdən əfv ərizəsi yazmaqdan imtina etməklə bağlı yolladığı mesaj da bir daha göstərir ki, əqidəsində möhkəmdir və bunun inamını yalançı məhkəmə hökmləri ilə sarsıtmaq olmayacaq.
Vidadi Iskəndərli peşəkar hüquqşünas, hüquq müdafiəçisidir. Ona verilən ittihamlar o qədər uydurma oldu ki, biri də yadımda qalmayıb.
Hüquq müdafiəçisinin özünü müdafiə edə bilmədiyi görüntüsü yaratmaqla hakimiyyət demək istəyir: mənə qarşı çıxmağı ağlınıza da gətirməyin, Ağanəzərəm, belə gəzərəm.
Bütün avtoritar rejimlər bir-birinin ağzına tüpürmüş kimi eyni səhvi edirlər. Mübarəkin, Qəzzafinin, Bəşər Əsədin də zindanları heç vaxt vicdan məhbusu qıtlığı yaşamayıb. Ancaq onların heç biri vicdanı həbs atmaqla özlərinin bədbəxt aqibətini sığortalata bilməyiblər.
Bizimkilər də istisna deyil. Ədalətsiz, qanunsuz həbslər ötəri də olsa qorxu yarada bilir. Ancaq əks-effekt daha dağıdıcı olur. Mən sizə 19 yaşında həbsxanalara düşən cəbhəçi Cabbarın nümunəsini xatırlada bilərəm. Demək olar, əksəriyyəti sadə, zəhmətkeş insan olan Cabbarın qohumları dövlətin böhtanına dözmədilər. Cabbarın anası yetkin bir cəbhəçiyə çevrildi. Tədbirlərə qatılıb siyasi məzmunlu çıxışlar etdi. Böyük bir nəsil Cabbara görə Ilham Əliyevdən əllərini üzdü. 19 yaşlı əzizini şərləyən insana heç bir vicdanlı adam səs verməz, ehtiram bəsləməz.
Eyni şeyi Şahin Həsənli barədə də demək olar. Onun siyasi fəaliyyətini heç zaman təqib etməyən qohumlarını hakimiyyət bir gündə işdən qovdu. O qohumlar başa düşdü ki, sözün əsl mənasında onlar siyasətlə məşğul olmasalar da siyasət onlarla məşğul olmağı bacarır.
Şahin Həsənli, Vidadi Iskəndərli 9 milyonluq əhalinin hamısının qan qohumu deyil. Ancaq onlar bəşəriyyətin bütün vicdanlı təbəqəsinin əzizidirlər. Onlara görə bu təbəqənin vicdanı hər gün sızlayır.
Kim nə deyir desin, dünya son nəticədə ədalətlidir. Bu gün haqsızlığa düçar olan mübarizə insanlarının ideallarına qovuşacağı gün uzaqda deyil. Mən həmin gün “vicdan məhbusu” istehsal edən konveyerin cəmdəyinə tüpürəcək insanların növbəsini indidən təsəvvür edirəm. Vay hallarına… Nə öyüləcək keçmişləri olacaq, nə də ümid dolu gələcəkləri.