Təxminən iki il yarım əvvəl olardı. “Beşmərtəbə” adlanan yerdə kinorejissor Əbdül Mahmudovla (Şeyx Əbdül)ÿmüsahibədəydim. Salamlaşıb, oturan kimi Şeyx mənim qarşıma bir şərt qoydu: “Siyasətdən danışmayacağıq, suallar ancaq mədəniyyəti əhatə etməlidir”.
Dediyinə görə, o, siyasətə son vermək barədə Məkkədə Qara daşa əl basıb, and da içmişdi.
Adamın andını pozdurmayacaqdım ki…
Ayrılanda Əbdül bəy əli ilə evinin səmtini göstərdi və bilmirəm nəyə görəsə Fövqəladə Hallar nazirinə təşəkkürlərini də dilə gətirdi. Dedi ki, bir göstərişilə onun evini yüksək səviyyədə təmir ediblər.
“Azadlıq”da oxuyanda ki, Şeyx nazirlərə qəzəb püskürüb, barmağımı dişlədim, “əcəba andınımı pozdu?” deyə özümə sual etdim.
Şeyx Əbdülü andından döndərən səbəbləri dörd gözlə oxudum. Dedim, bəlkə o, ölkəni saran əxlaqsızlığa kükrəyib? Düşündüm, bəlkə Ilham Əliyevin özünün və övladlarının adına rəsmiləşdirdiyi dövlət mülkiyyətinin acı taleyi onu hirsləndirib? Gördüm ki, yox…
Bəlkə, söz azadlığının boğulmasına, sənətin məddahlığa uyğunlaşdırılmasına etiraz edir? Yenə də yox…
Bəlli oldu ki, Şeyxin evini təmir adı ilə yararsız hala salıblar. O da buna görə dövlət məmurlarının qapısını döysə də, hay verən yoxdur. Bundan qəzəblənən Şeyxin birdən yadına düşüb ki, bəs, o, yüksək sənətdə əmək verərkən indiki məmurlar cırıq şalvarda gəzirmişlər…
Məni indi təəccüb götürüb, Fövqəladə Hallar Nazirliyi bu qədərmi qabiliyyətsizdir ki, təmir etdiyi evlər iki ilə sökülüb tökülür?
Dövlətin başqa orqanları konkret bu hadisəyə görə Kəmaləddin Heydərovla haqq-hesab çəkməlidir. Görün o, nə böyüklükdə xəta edib ki, siyasətdən danışmamağa Yaradanın hüzurunda and içən adam, budur, qibleyi-aləmin təbirincə desək, “müxalif ünsürə” çevrilməkdədir.
Mövzunu ciddiyyə alsaq, durum faciəvidir. Bir sənət adamının, tanınmış ziyalının dövlət orqanlarında süründürülməsi, onun eşidilməməsi özbaşınalıqdır, biabırçılıqdır. Ancaq bu halın yaranmasında o sənət adamının və onun kimilərin heçmi rolu yoxdur?
Şeyx Əbdülün qonşularını “Qış bulvarı” adlanan yerdə sözün əsl mənasında terror etdilər. O adamlar evlərində yaşaya-yaşaya evləri başlarına uçuruldu; ədalətli kompensasiya tələb etdikləri üçün onları polisə apardılar, döydülər, söydülər. Bu cür dramatik hadisələr cərəyan etdiyi vaxtda isə Şeyx özünü siyasətdən kənarda saxlayaraq, ATV-də meyxananın cana və ruha faydası haqqında müdrik çıxışlar edirdi.
Şeyx meyxananın məziyyətini dünya ictimaiyyətinə çatdıra bildi. Indi görək, o, öz dərd-sərini də dünyaya duyura biləcəkmi?
Və əsas sual budur: ona həyatdan uzaq mövzularda danışmaq üçün saatlarla efir verən kanallar, indi öz problemini səsləndirməyə 1 dəqiqə qıyacaqlarmı?
Hiss edirəm ki, ev problemini qabartdığına görə Şeyxin üstünə çox getdim. Belə də olmalıdır, ictimai çəkisi olan adamların işi öz çəpərlərinin arxasında gördükləri ilə məhdudlaşmamalıdır. Cəmiyyət belə insanlardan fədakarlıq gözləməkdə haqlıdır. Bu insanlar ictimai vəkillərdir, onların şər önündə susması xəyanət olmasa da, elə ona tay bir şeydir.
Ölkə bu cür susmaların, guşənişinliyin ucbatından yaramaz hala gəlib. Adam az qalır ki, pisniyyət olub, hər bir ziyalının evinin uçurulmasına dua etsin. Bizim ziyalılar birbaşa həyatlarında fəlakəti hiss etməsələr, “müdrik” susqunluğu tərk etmirlər.
Ümid sənədir ancaq, Fövqəladə Hallar Nazirliyi!
P.S. Iş elə gətirib ki, indi ölkəmizdə öz evinin müdafiəsinə qalxan adam da qəhrəman sayılır. Vəziyyət bu qədər ağırdır. Neçə dəfə reportajlarımda üzləşmişəm; evi qanunsuz sökülən insan, daha pis aqibətlə üzləşməmək üçün “adım olmasın, filan şeyi yaz” xahişini edib.