Avropa Şurasındakı alman deputat Kristofer Ştrasser Azərbaycan hakimiyyətinə od vurub. Ştrasser üzərində cəmləşən şübhələri obyektiv bir hesabatı ilə darmadağın etdi. Nəhayət, dərindən nəfəs alın, Azərbaycan neftinin, kürüsünün məğlub etmədiyi bir vicdanlı adamı da tanıdıq.
O, Azərbaycandakı siyasi məhbusların siyahısını tərtib edib. Uzun müddətdir, dəvəquşu sindromu ilə hərəkət edənlərin, “Ştrasser gəlmədisə, siyasi məhbuslardan heç kim xəbər tutmayacaq” deyənlərin xəyalları suya düşüb…
Hökumət əsəbiləşib. Yersiz deyil, payızda onlar bu siyahıya görə pis günlər yaşayacaq. Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında məsələ yenidən müzakirəyə çıxarılacaq. Indi hökumət bütün gücü ilə K.Ştrasseri, onun hesabatını gözdən salmağa girişib. Ən pisi isə odur ki, Ştrasserə qarşı dayananların sırasında bizim hüquq müdafiəçiləri boy verir. Soruşacaqsınız ki, kimlər?
Konkretliyi sevirəm, ad çəkək: Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı…
Onların Ştrasser əleyhinə keçirdiyi mətbuat konfransına olan susqun reaksiyalara heyrətlənməmək mümkünsüz. Ölkədə cəmi bir siyasi məhbusun olması o dövlətə, onu idarə edənlərə xəcalət sayılmalıykən, bizim bu xanımlar nə edir? “Ştrasserin siyahısında 5 adam çoxdur”, “3 adamın orada olması yersizdir”, “birindən bizim xoşumuz gəlmir” tipli təftişlər…
“Hüquq müdafiəçiləri” adlanan bu QHT rəhbərlərinə “siz kimin dayısı uşağısınız?” deməyəcəyəm. Lakin çox istədim ki, biz bəzi məsələləri aydınlaşdıraq. Novella xanım, Səidə Qocamanlı Müsavat partiyasının üzvləridir. Artıq birinci dəfə deyil ki, bu insanlar “dövlətçilik” bəhanəsilə cəmiyyətin maraqlarını baltalayırlar. “Eurovision” ərəfəsində müxalifətin mitinq keçirmək istəyinin “ermənilərin dəyirmanına su tökmək” olduğunu bu insanlar demişdi…
Sual yaranır: müxalif partiyanın bileti cibində varsa, hakimiyyətin yaramaz əməllərini rahatlıqla malalamaq olarmı? Yəni, bu bilet kifayət edirmi ki, böyük bir cəbhənin qınağından sığortalanasan? Mən bunu düzgün saymıram, əminəm ki, avtoritarizmin ağır yükünü illərdir çiynində gəzdirən müsavatçı arxadaşlar da saymaz. Elə isə niyə tilsim qırılmır, niyə bu adamlara partiyaçı olduqları, ədalətli davranmalarının vacibliyi xatırladılmır? Bu, firqə maraqlarını güdməkdirmi? Axı heç belə firqəçilik də olmur.
Diqqət yetirək, Səidə xanımın dediklərindən bir parça: “Ştrasserin siyahında ”Texnikabank”ın əməkdaşı Elnur Seyidov və “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı da var. Biz Əvəz Zeynallını potensial siyasi məhbus hesab etsək də, məhkəmə qərarı olmadan bunu rəsmi şəkildə açıqlaya bilmərik. Həmçinin Elnur Seyidovun istintaqı başa çatmayıb”.
Xanım təəccüblənib, axı nüfuzlu beynəlxalq təşkilatlar neyçün onlardan iznsiz, onların rəyi olmadan Əli Kərimlinin qaynını, Əvəz Zeynallını siyasi məhbus elan ediblər… Axı istintaq bitməyib! O təşkilatların hamısını yığmaq lazımdır, Səidə xanım onlara beş-altı gün mühazirə keçib siyasi məhbus meyarlarını öyrətsin.
Səidə xanımdan fərqli olaraq, mənim tanıdığım bir Azərbaycan var. Orada qərəzli istintaq o qədər məşəqqətli və uzunmüddətlidir ki, onun bitməsini gözləyib həbsə qiymət vermək hakimiyyətin zülmünə şərik çıxmaqdır.
Səidə Qocamanlıgilin məntiqi budur: ay Ilham Əliyev, istənilən adamı şərlə, sal türməyə, il yarım istintaq altında saxla, qorxma, nə qədər hökm yoxdur, ona “siyasi məhbus” deyə bilmərik. Il yarım lalıq, karıq, koruq.
Ştrasserə qarşı qəzəbin bir motivi də onun hicab məhbuslarını siyahıya salmasıdır. Avropalı başa düşür ki, onların həbsi siyasidir, amma bizimkilər yox. Yaxşı, siz bu dindarlara nə təklif edirsiniz? Öz baxışlarını piket yolu ilə ifadə etməsinlər, silaha sarılıb cihad elan etsinlər?
Deyəsən, dini kəsimin sinəsindən itələməyin fəsadını avropalılar bizim müsəlman hüquq müdafiəçilərdən daha yaxşı bilir.
Və sonda… Hər dəfə hüquq müdafiəçilərini tənqid edəndə eşitdiyimiz sözlərdir, deyirlər: “Bizim heç kimin qarşısında öhdəliyimiz yoxdur. Il uzunu bizim tənqid edirlər, başlarına bir iş gələn kimi bizim üstümüzə qaçırlar. Heç kimə borclu deyilik”.
Dostlar, hələ də belə düşünürsünüzə, o zaman bilin: Borcunuz var, özü də çox! Sizin hüquq müdafiəçisi kimi cəmiyyət qarşısında məsuliyyətiniz var. Siz o məsuliyyəti unudursunuzsa, cəmiyyət də unutmağa borclu deyil. Xoş olmasa da, xatırlatmalıyam ki, 20 ildir sizin çörəyiniz siyasi məhbuslardan çıxır. Milyonlarla manat qrant və s. formada siyasi məhbus mövzusundan yararlanaraq əldə etmisiniz. Zəhmət çəkin, işinizlə məşğul olun, özü də peşəkarcasına, daha “böyük qardaş”dan gələn təlimatlar əsasında yox!