Narkoman Hilal Məmmədovu casus elan etdilər. Adam bilmir, xarici ölkələrin qeyri-ciddiliyinə gülsün, yoxsa Azərbaycanın.
Narkomanların əsasən iradəsi zəif olanlardır. Casusları isə elə belə adamlardan, yoldan keçənlərdən seçmirlər. Onlar dəmir-beton konstruksiyasından da möhkəm, zəif yerləri, asılılığı az olmalıdır.
9 milyonluq ölkədə tərəfdaş kimi narkomanı seçən dövlət, dövlət deyil, cizgi filmidir.
Mən öz hisslərimə, qənaətimə Azərbaycan hüquq-mühafizə orqanlarından çox inanan adam kimi Hilal müəllimin narkomaniyadan çox-çox uzaq olduğuna əminəm. Mədəni insan olan Hilal müəllimlə teatrda, mitinqdə, qapalı tədbirlərdə çox rastlaşmışam. Onu el dili ilə xarakterizə etsəm, deyərəm, ipək kimi adamdır.
Onun ölkənin milli maraqları əleyhinə hər hansı fəaliyyəti olubsa belə, məni daha çox o düşündürəcək ki, onları niyə, hansı səbəbdən belə bir ziyalı edib? Populistcəsinə çıxmasın, neyçün vətən öz övladına sahib durmayıb ki, o da xəyanətə əl atıb?
Istintaqın tələsinə düşün xəyanət, casus sözünü çox işlətməyim. Bunların oyun olduğunu gözəl bilirik. Azərbaycan hökuməti sadəcə özünə bir az ciddiyyət donu biçmək istəyir. Ictimai fəalları nəşəxor kimi damlamaq artıq lətifəyə dönmüşdü. Mübarizəyə (cəmiyyətin fəal kəsimi ilə olan mübarizədən söz gedir) daha ağır, qorxulu məzmun verməyin gərəkliyini onlar gec də olsa anladılar və budur: vətənə xəyanət, casusluq!!
Ötən əsrin 90-cı illərin siyasi modası geri dönür. O illərdə biz nə qədər siyasətçinin, döyüşçümüzün vətənə xəyanət maddəsi ilə günahlandırdığını gördük.
Indi əsas məsələ, Hilal Məmmədovun sağ qalmasını təmin etməkdir. Uca səslə deyilməsə də, onun həyatına həbsdə son qoyulma planından çoxları danışır. Belə bir xəbis plan varsa, onun yazanlar, icra edənlər bir daha düşünsünlər. Fərqli düşünən insanlara qarşı bu cür davranışın sonu yoxdur. Insan, özü də düşünə bilən insan ət torbası, ağac deyil ki, onu yandırıb, basdırıb yox edəsiniz. Fikirləri həbslə buxovlamaq olmur. Hilal Məmmədovların düşüncəsi zərərlidirsə, o fikirlərlə azad polemika aparılacaq meydanlar, televizyalar yaradılmalıdır. Fikri fikirlə yenərlər, qandal, zəhər, güllə ilə yox…
Hilal Məmmədovun işində yenidən Iranın “Səhər” telekanalı lənət dairəsi kimi göstərilib. Mən “Səhər”in Azərbaycan dövlətinə qarşı tutduğu mövqeni mübahisələndirməyəcəm. Sadəcə o kanalın auditoriyası ilə sıx təmasları olan şəxs kimi hər kəsi düşünməyə dəvət edirəm.
“Səhər”ə cənub və mərkəzi aran camaatı baxır. Gəncləri demirəm, yaşlı və orta nəsil bu kanalın verilişlərini lap həsrətlə gözləyir. Nə qədər görmüşəm, adamlar sevimli dominolarını atıb “Səhər”ə baxmağa qaçıb.
Yoxsa, düşünürsünüz ki, o adamların hamısına “Səhər”i izləmək üçün Iran xalis tiryək yollayır? Ya bəlkə onlara pul verirlər?
AzTV-nin və onun törəmələrinin boz verilişləri ilə camaatın başını tovlamaq alınmır axı. Insanlar fərqli söz eşitmək istəyir. Onu siz vermirsiniz, Iran öz həqiqətlərini büküb onu bizim insanlara göstərir. Ora baxmamaq üçün siz daha baxımlı verilişlər təqdim etməlisiniz. Təkcə yaxşı görükən süjetlərlə də iş bitmir, insanlara yaxşı həyat vermək lazımdır.