“Eurovision”u yenidən qiymətləndirmək üçün birinci işim təşəkkür olacaq.
Ötən il El və Nikki qələbə qazananda bir çox zəhmətkeşlərimiz kimi mən də dilxor idim. Gec də olsa, onlara “sağ ol” deyirəm, Azərbaycan xalqına yaşatdıqları sevincə, Əliyevlərə nəsib etdikləri pərtliyə görə minnətdaram.
Əslində, keçənilki dilxorluq iki gəncin qələbəsinə görə yox, bu qələbəni mənimsəyib bizim başımızı xarab edəcək siyasi sistemə görə idi. İnsafən, hakimiyyət bu istiqamətdə əlindən gələni etdi də. Gəncləri tutub YAP-a saldılar, onların dili ilə “qüdrətli Azərbaycan”ı öydürdülər.
Ancaq heç gözləmədiyim hadisələr o şadyanalığı hakimiyyətin gözündə qoydu. Həmişə adını çəkib, üzünü görmədiyimiz dünya ictimaiyyəti gözlərini Bakıya zillədi. Qibleyi-aləmin camaatımızın başına uçurduğu evlərdən ünlü dərgilər yazdı, telekanallar göstərdi. Milyonlarla manat vəsait bahasına tikilən “büllur saray” əcnəbilərin gözünü qamaşdırmadı. Onların iti nəzərləri bu layihəyə görə oğurlanan pullara, haqqı tapdalanan insanlara yönəldi.
Belə olan halda, göz yaşı üstündə qurulan xanimanda “Eurovision” kefi yaşamaq Əliyev rejiminə nəsib olmadı. Əlbəttə, birinci növbədə öz tərslikləri və səhvləri ucbatından. Höcətlik etməyib, əzicilikdən əl götürsəydilər, insanlara qarşı mərhəmətli olsaydılar, mənzərə tam başqa olardı.
Bir xarici jurnalist mənə belə bir sualla müraciət etdi: “Eurovision”a qədər bəlkə də insanlarınızda belə bir fikir vardı ki, dünyanın ölkədəki real vəziyyətdən xəbəri yoxdur, ona görə burada durum belə ağırdır. Bəs dünya mediasında bu yazılanlardan sonra beynəlxalq qurumlardan ölkənizi idarə edənlərə qarşı təsirli tədbirlərin olmaması sizinkiləri üzməyəcək ki?..”
Mənim cavabım belə oldu: “Bəli, kimlərdəsə belə xəyal qırıqlığının yaranması mümkündür. Ancaq prosesi geniş qiymətləndirsək, müsbətdir. Bizim ölkənin mübariz insanlarına indi Qərb təşkilatlarından daha önəmli olan o ölkələrin ictimai fikridir. Həmin təşkilatların stolunun üstündə illərdir Azərbaycanla bağlı mötəbər hesabatlar yatır. Bu, o hesabatlardır ki, ölkəmizdə azadlıqların məhdudlaşdırıldığını, insanların səfalətə düçar edildiyini, zorakılığı özündə əks etdirir. Təşkilatlar öz maraqlarına görə bu hesabatları gözardı edə bilir. Ancaq indi ayrı-ayrı qəzetlər, insanlar Odlar Yurdunda nələrin baş verdiyini bildi və bu bilgi Qərb siyasətçilərinin davranışına təsir göstərəcək”.
Azadlıq carçısı! Mən ona belə deyirəm…
Lorenin qələbəsi isə Azərbaycanda Əliyev adlı zülmün yıxılmasını istəyən nə qədər çox insanın olduğunu göstərdi. Bu sadə xanımın qələbəsi şərəfinə yazılan “facebook” statuslarından, şərhlərindən şadyanalıq süzülürdü. Sizi inandırım ki, ötən il ölkəmizin qələbəsi zamanı bunca fərəh doğuran qeydlər oxumamışdım. Lorenə bu dəstək sadə səbəbdən idi – o, bizim dərdlərimizi dilə gətirmişdi. O, Əliyevlərin təntənəsinə tabe olmayıb, insanları qayğılandıran problemlərə ürək ağrısını ifadə etmişdi. “Ah, sizin necə gözəl dolmanız, Qız qalanız var…” kimi yaltaq ibarələrlə AzTV-də boy göstərənləri yox, “mən burda gördüklərimdən dəhşətə gəldim” deyən Loreni sevdi xalqımız. Və burdan ən böyük nəticəni İlham müəllim özü üçün çıxardı.
Yarışma bir neçə gündür ki, başa çatıb, rejimin pərişanlığı isə bitməyib. Neçə gündür ki, mən intizardayam: axı bu Səbinə Babayevə yarışmada pis nəticə göstərmədi, niyə hakim ailə ötən illərdəki kimi onun qayğısına qalmır? Niyə bu qızı qəbul edib, ölkəmizin adını beşliyə saldığına görə YAP-a üzv yazdırmır, ev, avtomobil vermirlər?
Yəqin ki, bunlar olacaq, amma birinci iş “Eurovision” nokautundan çıxmaqdır.