İl başlayandan bəri nə vaxt qəzeti açıram, Isa Qəmbərin müxtəlif dövlət orqanlarına yazdığı məktublardan xəbər tuturam. Isa bəy Müsavata qurultay yeri almaq üçün, az qala hər həftə məktub yazır.
Bakı şəhər rəhbərliyi, Mədəniyyət Nazirliyi girinc qalıb, bu boyda nəhəng şəhərdə guya, yer tapa bilmirlər.
Ancaq nə hikmətdirsə, nə ət, nə də balıq olduğu bilinən, hakimiyyətin buyruğunda hazır dayanan süni bir təşkilat – “Irəli” üçün respublika sarayında konfransa yer tapılır. Mayın 6-da saray onların xidmətindədir.
Müsavatdan öncə AXCP də eyni münasibətlə üzləşmişdi.
Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında danılmaz rolu olan AXCP 6 ildir ki, ofissizdir. “Irəli”yə isə Içərişəhərdə böyük bir ofis əta olunub.
Bunlara dözmək olardı. Ancaq dünyanı ikiüzlü olmaqda, beynəlxalq təşkilatları ikili siyasət yürütməkdə qınayan Azərbaycan hökumətindəkilər yuxarıda yazdıqlarıma görə azacıq da olsa, utansaydı…
Təşəkkürlər, Müdafiə Nazirliyi!
Azərbaycan Müdafiə Nazirliyi 10 il olacaq ki, mənə 500 manat borcludur. Uzun yazışmalardan sonra nazirliyin “pulumuz azdır, çoxalan kimi verəcəyik” cavabını ala bilmişəm. Bu cavab üçün mən hər gün yatmamışdan əvvəl dua edirdim ki, büdcədən Müdafiə Nazirliyinə daha çox pul ayrılsın. Ancaq hər dua müstəcəb olmaz ki…
Bu gün Müdafiə Nazirliyinə halallıq verdiyimi, o pulu bağışladığımı bəyan edirəm. Məni bu cür səxavətli addım atmağa vadar edən isə nazirliyin keçmiş əməkdaşı Lənkəran Əliyevlə məhkəmə çəkişməsində qazandığı qələbədir. Nazirlik məhkəmə vasitəsilə Lənkəran Əliyevin evini əlindən alıb. Bu “işin” detalları mənə bəlli deyil. Çünki Lənkəran Əliyevin adına qəzetdən yox, real həyatda bəlli olan istənilən adam üçün bu hadisə misilsiz həzz mənbəyidir.
Lənkəran Əliyev vəzifədə olarkən Azərbaycan ordusuna sitəm çəkdirmiş biridir. Mən onun imzası keçən onlarla faciəvi həyat hekayəsi danışa bilərəm. Lənkəran Əliyev ordunun ən qürurlu zabitlərini sındırmaqla, onları türmədə çürütməklə yaddaşlara düşən adamdır.
Onun iniltilərini eşitdikcə dünyada ədalətin təntənəsinə inamım daha da möhkəmlənir.
Arıqlamaq üçün dieta saxlayıram, bu isə mənə əlavə gərginlik, stress yaşadır. Belə acı günlərdə mənə və yüzlərlə hərbçiyə, onların ailəsinə xoş anlar yaşatdığı üçün Müdafiə Nazirliyinə necə təşəkkür etməyim? Təşəkkür də edirəm, pul da bağışlayıram. Götürün o pulu, mümkünsə əlavə ittiham da yazın.
Oqtay Gülalıyevi həbs edən hakim, nömrəni mənə yolla
Daha bir məhkəmə qərarını da alqışlamalıyam. Söhbət tanınmış ictimai xadim Oqtay Gülalıyevi həbsə atan məhkəmə qərarından gedir. Cənab Gülalıyev dinc əhalini iğtişaşlara səsləmək ittihamı ilə tutulub. Ittiham quramadır, təbii, hadisə özü isə pozitivdir. Neyçün?
Əlimdə ixtiyar olsaydı, Oqtay Gülalıyevi tam başqa ittihamlarla həbsə salardım. Uzun müddətdir ki, Sabirabadda və başqa Kür basan rayonlarda onun fəaliyyətinin adı “dimedrol” idi. Cənab Gülalıyev hiddətlənmiş xalq kütlələrinin inqlabi fəaliyyətinin korşalması üçün əlindən gələni də etdi, gəlməyəni də.
Kürün suyu və hirs-hikkəsi boğaza çatan camaat inqilab etmək istəyirdi, Oqtay bəy isə onlara maarifçilik təlqin edirdi. Ay filan yerə ərizə yaz, sizin bu hüququnuz var, o hüququnuz yoxdur. Pahooo, camaat, gəlin yığışın bura, mən sizə BMT-nin Cenevrə Konvensiyasında mülkiyyət və kompensasiya hüquqları barədə müddəaları oxuyum, filan…
Bəlkə də bir gündə həll olunası problemi Oqtay bəy illərlə uzatdı. Di öz cəzandı çək, Gülalıyev. Inqilab belə şeyləri bağışlamır.
Hörmətli Oqtay bəy, Siz donuzu Quran oxumaqla darıdan çıxarmağı xalqa təlqin edirdiniz, indi özünüz bu işlə məşğul olun, görün alınırmı?