Yazçılar Biriliyi ev verəcəyi üzvlərinin adını açılayıb. Onlardan biri Aydın Xandır. Bu adamla nəşriyyatda qonşuyuq. Hər gün işə gələndə də, gedən də də Aydın Xanın Ilham Əliyevin rəşadətli siyasəti barədə bəlağətli çıxışını eşidirəm. Dünən onu evə görə təbrik etdim, neçə il əmək stajı olduğunu soruşdum. Deməsinə görə, 21 il. “21 ildir işləyirsən, bəs niyə özün ev almırdın” – sualımın qarşılığında Aydın Xan nə dediyini özü də başa düşmədi.
Düşünürsüzmü, adam 21 ildir işləyir, amma hələ ev ala bilməyib, dövlətə möhtacdır. Mənim stajım da az deyil, mən də evsizəm, ancaq bizi fərqləndirən cəhət var.
Aydın Xan deyilən yazar iki prezident seçkisində Ilham Əliyevə ictimai vəkillik etmiş biridir.
Bu adam mürtəce referendum dəyişikliyini dəstəkləyərək “Ilham Əliyevə prezidentlik vəzifəsi azdır, o daha böyük təşkilatlara rəhbərlik etməlidir” deyən biridir.
Məncə, Yazıçılar Birliyi bu qərarı ilə ölkədəki yalançı inkişaf nağılllarını da, Aydın Xanın yalançı ziyalı obrazını da darmadağın etdi.
Adamdan soruşarlar, o necə analoqsuz inkişafdır ki, prezidentin vəkili olan adamlar belə ondan nəsibini ala bilmir, illərdir evsiz-eşiksiz qalır?
Erməni manısları və bizim alimləri birləşdirən cəhət
Vaxtaşırı bizim ictimai müzakirələrdə şahə qalxan bir mövzu var. Ay haray, ermənilər filan mahnını oğurladılar, adə qoymayın, dolmaya, zurna-balabana da əl uzatdılar.
Oğurluq qəbahətli əməldir, qüruru olan adam gərək belə şeydən uzaq dursun. Ancaq bir şey də var, nəyi və kimin oğurluq etməsi də önəmlidir.
Mən türmədə olarkən “X” rayonundan oğurluq üstə tutulan alasəydəş bir gənci kameramıza salmışdılar. O, mənasız bir oğurluq etmişdi: bir təhna qadının evinə girmiş, onun çemodanını əkişdirmiş, sonra bəlli olmuş ki, çemodanın içində qiymətli zinət yoxdur, qadının özəl geyimləridir.
“Niyə tutulmusan?” soruşanda, bu səydəş adam, onun halına acısınlar deyə cavab verirdi: “Vallah heç nə, bir dəst alt paltarının zibilinə düşdüm”. Həmyerliləri onu ha başa salsalar da ki, a bala, belə demə, özün üçün daha təmtəraqlı oğurluq hekayəti düzəlt ki, sən də, biz də biabır olmayaq, xeyri olmurdu, adam hərləyib-fırlayıb söhbəti gətirirdi o xüsusi geyimlərin üstünə.
Bu xatirəni ona görə yazdım ki, siz qərar verəsiniz, adi bir manısın, aşbazın oğurluq etməsi daha biabırçıdır, ya elm adamının? Mən ikincini seçirəm və buna görə bərk xəcalət təri tökürəm.
Müəllif Hüquqları Agentliyinin rəhbərinin dünənki açıqlamasıdır. “Elm adamlarımız Rusiyadakı işləri oğurlamaqla məşğuldur, plagiat edirlər”, – dedi.
Biz bu cür insanlardan nə öyrənə bilərik, oğurluqla ad, titul qazanan sonra isə bizim cibimizə girən bu parazitlər o erməni manısından daha ziyanlı deyilmi?
Bir kəlmə də ermənilər barədə…
Neçə vaxtdır ermənilərin ictimai radiosunu dinləyirəm. Gəldiyim nəticə budur. Ermənilərin “ümummilli lideri” soyqırımdır. Bütün cümlələr soyqırımla başlayır, bütün abzaslar soyqırımla bitir. Qafqazın iki xalqını iki uydurma, mif əsarət altında saxlayır. Bizim də, ermənilərin də xoşbəxtliyə gedən yolu bu mifləri dəfn etməkdən keçir.
Dünya birliyi ədalətsizliyə dözmür
ITV-nin xəbərləri başlayanda bir videoçarxı var; at çapıb ox atan oğlanın fonunda diktor Azərbaycanın bəlalarını sadalayır və deyir ki, dünya birliyi hələ də ədalətsizliyə susur.
Ismayıl Ömərövun nəzərinə çatdırmaq istəyirəm ki, dünya birliyi ədalətsizliyə daha susmur. Elə bir gün yoxdur ki, Azərbaycanda xalqı zəlil gününə salanlar tənqid edilməsin.
Dünyanın ən populyar nəşrləri, telekanalları xalqın boğulan səsini elə-aləmə duyurur. Ancaq gördüklərimiz nə?
Azərbaycan hakimiyyətində ciddi təlaş görürük bununçün. Axı onları ayrıca bir “Azərbaycan həqiqətləri” var. O həqiqətlər isə dolma, tütək və Heydər Əliyev irsindən başqa bir şey deyil. Mütərəqqi dünyanın isə “Azərbaycan həqiqətləri” kimi ucuz materiallardan qarnı toxdur, belə həqiqətləri ancaq işgəncə məqsədi ilə kiməsə dinlətmək, oxutmaq olar. Əsl həqiqətləri isə Azərbaycan hakimiyyətinin eşitməyə dözümü yoxdur.
Alman mətbuatında Əli Kərimlinin bir müsahibəsinin və Ilham Əliyev əleyhinə 3-4 yazının çıxması artıq hakimiyyəti isterika həddinə çatdırıb. Bu günlərdə “Yeni Azərbaycan” qəzeti “Hitler Almaniyasının məğlub edilməsində Bakı nefti əvəzsiz rol oynadığına görə indi almanlar bizlə düşmənçilik aparır” cümləsini oxusam, heç təəccüblənmərəm.
Ümid edək ki, “Monitor”u söndürməklə həqiqətlərin ağzını bağlamağı bacarmayan Ilham Əliyev hakimiyyəti onun əsl sifətini göstərən dünya miqyaslı monitorlarla davanın mənasızlığını tezliklə anlayacaq.