Ustad Şəhriyarın misralarıdır, deyir:
Gün var ki, heç zad olmaz
Gün var ki, hər zad olar.
Mən geridə qalan son 4 günü Azərbaycanın fəal, etirazçı kəsimi üçün “hər zad olan” günlərdən sayıram.
Əvvəlcə Qənimət Zahid “Azərbaycan saatı” verilişi ilə Avropadan televerilişə başladı. Bununla da illərdir, müxalif sözü efirdən eşitmək həsrətinə son qoyuldu.
“Azərbaycan saatı”nın səhəri Almaniyanın məşhur “Şpigel” jurnalı Əli Kərimlidən müsahibə yayımladı. Kimlər bilmirdisə, məlumat üçün yazım: “Şpigel” 1989-cu ildə Azərbaycan xalqını “Ilin xalqı” elan edən nəşrdir.
Əli Kərimlinin müsahibəsi yayımlanan gün dostlarıma dedim ki, faktiki ev dustağına çevrilən, üzünə ölkədəki əksər media orqanlarının qapısı bağlanan, hər tərəfdən blokadaya alınan müxalifət liderinə tribuna verdiyinə görə “Şpigel” də azərbaycanlılar üçün “ilin jurnalı” sayılmalıdır.
“Şpigel”dəki müsahibənin “səsi” artıq hökumət düşərgəsindən eşidilməkdədir. Hökumət belə şeyləri asan həzm eləyə bilmir. Əminəm ki, növbəti günlərdə yapçılar “Şpigel”in redaksiyasında azı, 5-10 “erməni dəyirmanı” tapacaqlar.
“Şpigel” estafeti “8 aprel”ə verdi. Müxalifət son dərəcə gözəl bir aksiya keçirdi. Hər şey qaydasında idi – iştirakçılar da, çıxışlar da, şüarlar da.
Azərbaycan müxalifətinin aktivinə yazılan bunca parlaq hadisələr qala-qala, bir də baxıram ki, bizim Seymur Həzi, Pənah Hüseyn nə edir? Nə edəcək, Siyavuş Novruzovun mitinqlə bağlı hansısa qeyri-ciddi açıqlamasını ciddi-ciddi şərh ediblər.
Dünən yazmışdım, biz müxalifətin səhvi ondadır ki, S.Novruzov kimi cizgi filmi personajını ciddiyə alırıq, onun fikirlərini şərh edirik, köşə yazırıq. Müxalifətin ən böyük səhvi ənənəvidir – öz uğuru qalıb kənarda hakimiyyətin hansısa bir sərsəm ideyasına enerji sərf edir. Ey hörmətli dostlar, bu zəfər günlərində kimdir Siyavuş Novruzovun dediyinə qulaq asan?
Qürbət eldə mənim bir dəyərli dostum var, o, məni “pis qəzetçi” adlandırır. Mənə belə bir tövsiyəsi də var: “Bəy, bu Siyavuş Novruzova siz ələ düşməyən nemət kimi baxmalısınız, o, mətbuatın maqazin xəbərləri üçün ən mükəmməl instrumentdir. Siz ona stimul verin ki, bacardıqca çox danışsın, bundan sonra onun danışdıqlarını qəzetin ”maqazin” bölümündə manıslarla bir yerdə çap edin. Bundan həm Siyavuş müəllim rahatlanacaq, həm qəzetinizin tirajı artacaq, həm də cəmiyyətimiz şənlənəcək”.
Dostum haqlıdır. Ümid edirəm ki, sayqılı siyasilərimiz və qəzetimizin rəhbərliyi bu dəyərli məsləhətə önəm verəcək.
Zurna çalmayın, nə olar…
Tanınmış simalardan biri AXCP-dən çıxmağa bəhanə gəzdiyi bir vaxtda Əbülfəz Elçibəyin dediyi tarixi bir söz var. O demişdi: “Filankəs, bilirəm ki, sən partiyadan gedəcəksən. Gedirsən get, daha zurna çalma”.
Bu sözü 8 apreldə mitinqə getməyənlərin indi ucalan səslərini eşidərək xatırladım. Mitinqə getməmisiniz, öz işinizdir, daha “zurna çalmaq” nəyə gərək?
Polis pis adam deyil
Azərbaycan polisi haqqında tənqidi yazılarım çox olub. O tənqidlərin aşağı-yuxarı hamısını haqlı sayıram. Azərbaycan polisinin uniformasında nə sirr varsa, onu geyinəndə çoxları insanlıq formasından çıxır, qəddarlaşır, humanizm, ülvi dəyərlər ona yad olur. Ancaq bu yazdıqlarım da polisimiz haqqında tam təsəvvür yaratmır. Buna dünən şahid oldum. Mitinqlərdə dinc insanlara qarşı zorkalıq edən polis mayoru Süleyman Nemətovdan söz açdım, “o kimdir?”, – deyə soruşan yoldaşıma “pis adamdır” cavabını verdim. Həmsöhbətim “pis adam” ifadəsinə təəccübləndi. Başa düşürsünüzmü, Ramil müəllim, insanlar polisin “pis adam”dan da o tərəfdə olduğuna sidqi dildən inanırlar.