Yasamal qəbiristanlığının kənarı ilə hündürlüyü bir metrə çatan daş hasar var idi. Baxıram ki, oranı söküb yerində 5 metrlik hasar ucaldırlar. Heyrətə gəlirəm. Bakı başdan-başa hasarlar şəhərinə çevrilir…
“Bu hadisə görəsən, Ilham Əliyevin ideyasıdırmı?”, – deyə çox düşünürəm. Xalq toyuğuna hin tikə bilmir, bu rəhmətliyin oğlu isə milyonları hasarlara xərcləyir. Tamam, qardaş öz rezidensiyasını 10 metrlik, üç qatlı hasarla əhatələtdirir – bunu başa düşdük, bəs bu qəbiristanlığı niyə hasarlayırsan? Yoxsa, qorxursan ki, ölülər dirilib Prezident Administrasiyasının qarşısında “Ilham, istefa!” qışqırar?
Doğrudanmı, Azərbaycan hökuməti, ölkəni idarə edənlər bu hasarla ölkənin eybəcər görkəmini gizlətməyin mümkünlüyünə inanır? Inanana oxşayırlar…
O hasarların arxasında nə dayandığından bizim də xəbərimiz var, beynəlxalq aləmin də. Bir şeirdə deyildiyi kimi, “kimi aldadırsan, ay zalım oğlu?”
Məqsəd avropalılara ölkəni yaxşı göstərməkdirsə, bunu, hasarlamaqla bacarmayacaqsınız. Axı o binəva xarici bu ölkəyə hasarları seyr etmək üçün gəlmir. Siz qaş düzəldən yerdə gözü çıxarırsız. Qadağan olunan bağın alması daha dadlı olur, bilmirsiz? Bu cür hərəkətlə siz xaricilərin hasarın o üzünü görməyə can atmasına zəmin yaradırsız. Xarici düşünəcək ki, görəsən o daş hasarların arxasında nə sirr yatır, beləcə, rüsvayçılıq dizə çıxacaq.
O daş hasarların arxasında gizlədilənlər kasıbçılıq mənzərələridir. Kasıblıq ayıbdırmı? Yox. Sadəcə, Ilham Əliyev öz şöhrətpərəst siyasətinin girovuna çevrilib. O, analoqsuz inkişaf barədə o qədər gurultulu çıxışlar edib ki, özü də istər-istəməz pərt duruma düşüb. Həmin gizlədilən mənzərələr “analoqsuz inkişafın” tənqidçiləridir. Ilham Əliyev siyasi rəqiblərini daş-divarların arxasına salıb susdurduğu kimi, eyni qaydanı təbiətə, ota, suya, mazut çalasına qarşı da tətbiq edir. Yəni, belə – ey zibillik, sən xoşuma gəlmirsən, davay, keçdin hasarın dalına. Hacıbala, orada bir hasar! Vəssalam.
Həyəcanımız öldümü?
Bugünlərdə maraqlı bir hadisə oldu. ABŞ-da bir jurnal Israilin Azərbaycanla hərbi əməkdaşlığından yazdı, ölkəmizin Iranı vurmaq üçün Israil dövlətinə hərbi baza verdiyini iddia etdi.
Məqalədən sonra azı, 2-3 jurnalistin türməyə basılacağını düşündüm. Yanıldım, olmadı. Dünya boşuna fırlanmayıbmış, deyəsən, hökumətimiz bu fırlanmadan nəsibini alıb. Söhbət o hökumətdən gedir ki, “Iran Azərbaycanı vura bilər” ehtimallı məqalə yazdığına görə Eynulla Fətullayevi həbsə atmışdı. Xarici işlər naziri bu məqaləyə görə donos yazmışdı ki, “məqalə xarici şirkətləri ”panika”ya salıb”, ay nə bilim, ölkə vətəndaşları bu yazıdan sonra bir ovuc “dimedrol” atmasa, yata bilmir.
Indi o nəhənglikdə ölkənin çox nüfuzlu jurnalı ölkəmizlə bağlı qorxulu müharibə qoxulu xəbər yazır, bizdən reaksiya yoxdur. Nə təşvişə düşən var, nə də türməyə salınan. Olmaya, hisslərimiz korşalıb? Ya bəlkə Elmar Məmmədyarov donosbazlığa “tövbə” deyib?
Rusiyanın ölməyinə göz dikənlər
Müharibə mövzusunda mən bugünlərdə yapçı Siyavuş Novruzovun da müsahibəsini oxudum. O da Qarabağ problemi barədə danışarkən maraqlı fikir işlədib – Rusiya olmasa, Azərbaycanın imkanı var ki, ordusu bir həftəyə Yerevanda dayansın…
Tamam, Siyavuş müəllim. Sizə inandıq, lakin bir neçə sualı da cavablandırmalısınız ki, xalq çaşqın qalmasın.
Siz Qarabağın işğaldan azad olunmasını Rusiyanın yoxluğunda görürsünüz, bəs Rusiya nə vaxt yox olacaq?
Rusiyanın ermənilərə arxa-dayaq olduğunu deyirsiniz, amma o tərəfdən də rus hökumətinə könül vermisiniz, Rusiyanın antipodlarına kəllə atırsınız – bu qəribə vəziyyətə bir izahınız varmı?
Nəhayət, bizə bir sirri açarsınızmı – Ilham Əliyevin o “lazım gəlsə” dediyi şey Rusiyanın çökməsi deyil ki?