Deputat mandatını Ağdam camaatından oğurlayan Bəxtiyar Sadıqova görə biz – “Azadlıq” qəzetində çalışanlar xalq düşməniymişik. Ondan başqa cür söz eşitsəydik, təəccüblü olardı.
Gözünü məmurların qohum-əqrəbasının ölümünə dikən adamdan daha nə gözləmək olardı? Bunu yersiz yazmadım, o özü demişdi ki, qəzetinin əhəmiyyətli maliyyə mənbəyi ora verilən başsağlığılardır.
Adam yəni, bu qədər pisniyyətdir.
B.Sadıqovun yazısının məntiqinə görə, ona görə düşmənik ki, Azərbaycanın sərvətini talayanlara, bu cür talançılara yaltaqlananlara, Azərbaycan vətəndaşına zülm edənlərə, bu zülmü ört-basdır edənlərə baş əymirik, onların əllərini öpmürük…
Bəxtiyar Sadıqov “Azadlıq” qəzetini tozsorana bənzədərək yazır ki, bu qəzet harda çirkli şey var, onları içinə toplayıb tirajını artırır.
“Azadlıq”ın uğurunun dəqiq düsturunu tapıb bu adam. Bu qəzetin məqalələrinin statistikasını aparsaq, çox asanlıqla görərik ki, məqalələrin mütləq əksəriyyəti Bəxtiyar Sadıqovun ləbbeyk dediyi, pişvazında durduğu məmurlardır. Bəxtiyar müəllim onları zibil sayırsa, öz işidir, ancaq yaxşı olar ki, bu fikrini dolayı yolla yox, birbaşa yazsın, desin.
“Azadlıq” qəzetinin uğurudur bu: o, zibili zibil kimi təqdim edir, daha bəxtiyarsadıqovlar kimi, zibildən konfet düzəltmir.
Bəxtiyar Sadıqovu bizim üstümüzə, xüsusən, “Azadlıq” qəzetinin “Eurovision” barədə tənqidi yazılarına görə göndəriblər. O da öz ağlı ilə guya, bizi şantaj etmək istəyib. Məsələn, yazır ki, bu qəzetdə çalışanlar Azərbaycanın qələbələrini görmək istəmir və ya belə qələbələrə xor baxırlar.
Qələbə üçün “Azadlıq” kimi çalışan varmı? Bu qəzetin yaranış amalı da qələbəyə bağlıdır, məddahlığa yox.
“Azadlıq”ın istəyi qələbədir. Amma bizim qələbə anlayışımız fərqlidir. Bəxtiyarsadıqovlar xalqın üzərində polis dəyənəyinin, zülmün bərqərar olmasını, biz isə xalqın özünün qələbəsini istəyirik.
Biz real qələbələrdən yanayıq, onlar isə saxta qələbələrdən.
Biz imza yerində hər kəsin imzası olan qələbənin, bəxtiyarsadıqovlar isə ancaq Məzahir Pənahovun imzası olan qələbəyə təşnədir.
“Azadlıq” “Eurovision”da qələbəmizə heç vaxt üz turşutmaz. Xalqımızın əsas hissəsi kimi, bizi də bu yarışmanı bəhanə edərək, büdcənin talanması acıdır.
Bizi yandıran odur ki, Bakıda keçirilən dünya miqyaslı yarışdan həzz almağı xalqımıza haram ediblər. “Eurovision”da nə mahnılar oxuyacaqlar, bilmirik, amma o yarışa görə evləri uçurulan insanların növhələrini, mərsiyələrini bizə dinlədib ürəyimizi qan ediblər.
Bəxtiyar Sadıqovun bizə tövsiyə etdiyi şeyin adı arsızlıqdır. O deyir ki, nə olsun, dinc əhalinin evini başına uçururlar, büdcənin atasını yandırırlar, Azərbaycanda insan hüquq və azadlıqlarına qara qəpik qədər hörmət qoyulmur, ermənilər bizə baxır… siz gülün, şənlənin… Bağışlayacaqsız, Bəxtiyar Sadıqov, bu qədər arsızlığı hələ ki, özümüzə rəva bilmirik.
Bu adam iki daşın arasında yazısına Ramil Səfərovun da adını salıb. Bir dəfə də olsun, Ramil Səfərovun dar gününə dair qələm işlətməyən saray yazarı indi onun adından daim Ramili diqqətdə saxlayanlara qarşı istifadə edir.
20 ilə yaxındır ki, Qarabağın bir qarış torpağını geri qaytarmayan bir hakimiyyətə saray mirzəliyi edən adam, get, “lazımının gəlməyini” gözlə və fədakar zəhməti hesabına həyat sürən insanları ləkələməyə çalışma.
Dəyərli oxucularımız üçün bir məlumatı da xatırlatmaqda fayda görürəm. Təxminən 2 il əvvəl idi, Bəxtiyar Sadıqov cəsarətlənib televiziyadakı ucuz şouları hədəfləyən iri bir məqalə yazdı. O məqalədə Faiq Ağayev və ATV-dəki Yusif Ağayevi yerlə bir etdi. Yazının üstündən cəmi iki ay keçmişdi ki, Ilham Əliyev adıçəkilən şəxsləri fəxri adlarla mükafatlandırdı. Danışırlar ki, bu hadisədən sonra Y.Ağayev Bəxtiyara dağ çəkən SMS yazıb. SMS belə olub: “Nooldu rəis, alınmadı?”