Keçən il yazdım, qəribçiliyə saldılar. Xalqımız, dövlətimiz üçün çox böyük həssaslıq yükü daşıdığından bir daha təkrarlayıram.
1992-ci ilin Xocalı soyqırımından sonra 3 gün matəm elan olunub. Matəmin ikinci günü o zaman Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Ermənistan rəhbərliyilə görüşüb-öpüşüb. Təkrar edirəm, gülərək görüşüb, öpüşüb. Bunları 1992-ci ilin “Yeni Müsavat” (10 sentyabr 1992-ci il, 25 (43) sayı) qəzetindən oxuyaraq öyrənmişəm. “Yeni Müsavat”dakı bu məlumatlar hazırda parlamentdə yer alan Fərəc Quliyevin Heydər Əliyevə açıq məktubunda öz əksini tapıb.
Keçən il Fərəc bəyin partiyası bu xatırlatma yazımı bəyanatla qarşıladı. Yazının mahiyyəti qaldı bir kənarda, məni erməniyə-rusa işləməkdə, F.Quliyevin parlaq imicini ləkələməyə cəhddə suçladılar.
Indi daha soyuq başla yazıram, sual verirəm:
Fərəc bəy, fərz edin ki, mən doğrudan da yəhudi icmasından maliyyələşirəm, hesab edin ki, havadarlarım Londonda, Düsseldorfda oturub sizə qarşı məkrli planlar qururlar. Tamam, mən özümlə bağlı bu həqiqətləri etiraf etdim. Növbə sizdədir, axı mən öz fantaziyama əsaslanıb sizə nəsə yazmamışam, konkret faktı göstərmişəm. Ona görə də lütfən, xalqımız üçün bir açıqlama verin; deyin bilək ki, Heydər Əliyev doğrudanmı elə iş görüb? Doğrudanmı YAP-ın ulu öndəri soyqırımın qanı qurumamış erməniləri bağrına basıb? Bunları detallarına qədər yeni nəslə çatdıra bilərsinizmi? Sizi əmin edirəm, verəcəyiniz qiymətli açıqlamanı köşəmdə yayımlamağa hazıram.
Ilham Əliyevdən ilhamlananlar
Ilham Əliyevin rəsmi saytı var, ordan bir məktubu oxudum (http://az.president.az/articles/4346). Orada bir naxçıvanlı müəllim Ilham Əliyevə yazır ki, siz ölkəmizi son 9 ildə 90 il irəli aparmısınız.
Bu məktub məndə iki rəy yaratdı:
BIR: Gör bizim balalar nə cür nadan adamların təhsilinə möhtac qalıb. Düşünə bilirsinizmi, bu adam müəllim olub belə ağlasığmaz tərif uydurursa, gör təhsil almasaydı, oxumağı, yazmağı bilməsəydi, nə “xarüqələr” yaradardı.
IKI: Padşahımızın zövqünə baxın ki, bu cür duzsuz, dozası ifrat tərifləri özünə rəva bilib, saytına qoydurur.
Xülasə, biz çətin adamların arasında, çətin adamların tabeçiliyi altında yaşayırıq, dostlar.
26 fevral dərsləri
Xocalı soyqırımını andığımız üçün Bakının nə hallara qaldığını gördük. Bəlli oldu ki, milyonlarla manat xərclənən nəqliyyatın intellektual idarə olunması nağıldan başqa bir şey deyil. Tədbir keçirilməyən ərazilərdə nəqliyyatı tənzimləmək müşkülə dönmüşdü. Bu qabiliyyətsiz idarəetməyə görə insanlarımızın Xocalı tədbirinə qarşı xoş olmayan ifadələr səsləndirməsinə nail olanlara “afərin” deyirəm.
26 fevralda baş verən iki cılızlıqdan da yazmalıyıq. Qarşıdan 2 aprel aksiyasının ildönümü gəlir. Keçən il 2 aprelə görə tutulan 16 vicdan məhbusuna verilən ən ciddi ittihamlardan biri nə idi? Tıxac yaradıblar, avtobuslar 20-30 dəqiqə gecikib… Avtobuslar fevralın 26-da 5-6 saat işləmədi. Amma buna görə biz şirkətlərin narazılığını eşitmədik.
“2 aprel ayrı, 26 fevral ayrıdır” deyəcəksiniz, razılaşacağam. Amma onu da unutmayaq ki, 2 aprellər, 2 aprelə çıxan insanlar olmayınca biz yeni xocalılardan sığortalanmamışıq.
Xocalı anımında müxalifət bir saatadək yürüş etdi. Polisin bu yürüşə müdaxilə etməməsi onunla nəticələndi ki, aksiya tam sakit və heç bir insident olmadan sonuclandı. Biz burda “2 aprel” aksiyasının kilidini tapırıq: demək ki, aksiyalardakı təhlükəsizliklə bağlı bütün təxribatların, “çp”lərin arxasında polis dayanır.