Tənbəllik etməsəm, siz dəyərli oxucular üçün bir iş görəcəyəm. Axtarıb 1990-cı ilin “Ulduz” jurnalını tapacağam və orada mərhum jurnalist Elmira Əmrahqızının Heydər Əliyevdən götürdüyü bir müsahibəni “Azadlıq”da yayacağam.
Həmin müsahibədə bir yer var, jurnalist soruşur: “Heydər müəllim, hakimiyyətdə olduğunuz dönəmdə (Sovet zamanı) ürəyinizdə niskil kimi qalan hansısa arzu oldumu?”
Heydər müəllim cavab verir: “Bəli, bu, Cənubi Azərbaycan məsələsi idi…”
Təsəvvür edirsinizmi, Heydər Əliyev deyir ki, Azərbaycanın birliyi üçün planları olub, filan.
Tale elə gətirdi ki, bu müsahibənin üzərindən çox keçmədən Heydər Əliyev xalqın “tələbilə” hakimiyyəti ikinci dəfə qəsb etdi.
1997-ci ildə devirlmiş prezident Əbülfəz Elçibəy Kələkidən Bakıya döndü və ölkədaxili siyasətə yeni bir çalar əlavə etdi. Bu, Bütöv Azərbaycan ideyası ətrafında təşkilatın yaradılması oldu. Iş elə gətirdi ki, hansısa jurnalist bu təşkilat və onun ideyası barədə Heydər Əliyevə sual verdi. Hərfbəhərf təkrarlamaya bilərəm, ancaq cavabın məzmunu beləydi: “Bütöv Azərbaycan Elçibəyin növbəti ağılsız ideyalarından biridir”.
Ömrünün laçın və yetkin vaxtlarını Sovet ideyasına həsr edən bir insanın sonra bu ideyaya sırf praqmatik maraqlar ucbatından arxa çevirməsi çox təbii idi. Ona görə də Heydər Əliyevin bütöv Azərbaycan mövzusunda 180 dərəcə dəyişməsi təəccüblü sayılmaz. Məni təəccübləndirən, “ulu öndərin” layiqli davamçılarından olan Siyavuş Novruzovdur…
S.Novruzov dünən çox maraqlı və parlaq müsahibə verib. O, Iran mövzusunda əsəbiləşərək, Güneydəki soydaşlarımıza çağırışda bulunub. Deyib ki, Irandakı azərbaycanlılar əzəli, köklü torpaqlarında öz haqqını tələb etməyə qalxmalıdır.
Siyavuş müəllim Güneydəki 35 milyonluq türklər üçün vəzifə də müəyyənləşdirib: “Gedin, Irandan Ermənistana gedən maşın yolunu kəsin…”
Madam ki, bir az xatirələrə daldıq, birini də yazım, sonra Siyavuş müəllimə keçid edik.
1998-ci il. Əbülfəz Elçibəylə BDU-nun tələbələrinin görüşü. Bəy danışır. Deyir ki, yaxınlarda Iranın Azərbaycandakı səfirilə hansısa tədbirdə rastlaşıb. Səfir ona böyük hörmətini ifadə edib və bir az da gileylənib ki, “bəy, niyə bizim dövlətə qarşı bunca aqressivsən?” “Ona dedim ki, sən özün də türksən, bəs nədir, o cavan-cavan uşaqları tutub zindana soxursunuz? Bu cür hərəkətə qarşı necə sərt olmayım? Səfir də qayıtdı ki, bəy, burda da cavanları tuturlar da…” (o zaman müxalifətin aksiyalarında həbs olunanları nəzərdə tutur – N.G.)
Bəy səfirin o arqumenti qarşısında azacıq çaşqınlıq keçirdiyini etiraf etsə də, vəziyyətdən yaxşı çıxa bilir: “Mən də dedim ki, elə buna görə həm sizə, həm də Azərbaycan hakimiyyətinə qarşı barışmaz mövqedəyəm”.
Bu xatirəni ona görə yazdım ki, Əbülfəz Elçibəy və gerçəkdən onun yolunu davam etdirən insanların heydərçilərdən fərqini göstərək. Bu gün yalançı Elçibəy sevdalıları Siyavuş Novruzovdan da çox ürək bulandırılar. Onlar üçün Güneydəki azərbaycanlının zülmə düçar olması pisdir, bu tərəfdəkilərinki isə yaxşıdır. Xalis ikiüzlülük…
Indi Siyavuş müəllim, deyin bir bilək; nə təhər olur, o taydakı azərbaycanlıları ədalətsizliyə qarşı, hüquqları uğrunda mübarizəyə səsləyirsiniz, ancaq Bakıda faktiki olaraq aksiyalara 7 ildir qadağa qoymusunuz? Heç bir il deyil ki, insanları dinc aksiya keçirdiyinə görə “nəqliyyatın yolunu bağlayıb tıxac yaratma” kimi gülünc bəhanələrlə həbsə atmısınız…
Və bir aydınlıq dəxi lazımdır: liderinizin “gülünc” adlandırdığı ideyanın tərənnümçüsü olduğunuza görə özünüzü gülünc yerində hiss etmirsiniz ki?