Sağ olsun, Novella Cəfəroğlu… Bizim üçün çox vacib olan bir məsələni aktuallaşdırdı.
Novella xanım dedi ki, Azərbaycanın problemi, Azərbaycanda qalmalıdır, onu xaricə çıxarıb danışmaq, tənqid etmək düz deyil, ayıbdır.
Doğrudanmı?
Belə “arqumentləri”, iraq Novella xanımın mübarək camalından, biz daha çox MTN-in istehsal etdiyi “millətçi” ünsürlərdən eşidirik. Onlara görə, Ilham Əliyev, onun əyan-şərəfləri xalqı çapıb-talasa da, Qəbələdəki məlum və məsum bir milyonluq ayı kimi kəsib yesələr də, biz “uf” deməməli, ölkəmizdən kənardakıları bu zülmkarlıqdan agah etməməliyik. Hətta bilsək də ki, demokratiya heç bir xalqın, dövlətin daxili işi deyil…
Lap qədim zamanlardan öyrənmişik ki, insan hüquq və azadlıqları uğrunda mübarizəyə dəstək vermək özünü 9 miylardlıq varlıqdan sayan hər kəsin borcudur. Amma belə görünür ki, Novella xanım və onun yolunu tutanlar üçün “qatığın ağ olduğunu” növbəti dəfə sübut etmək məcburiyyətindəyik. Ancaq bu dəfə daha möhtərəm şəxsi “millət təəssübkeşlərinin” qarşısına çıxarmalıyıq. Bu şəxs isə Əli bəy Hüseynzadədir. Ümidvaram ki, Əli bəyin millətsevərliyini hələ ki, heç kim şübhə altına almır.
1906-cı ildə Iranda şahın zülmünə qarşı inqilabi hərəkata qalxan insanlar əzilməkdən, öldürülməkdən xilas olmaq üçün Ingiltərənin bu ölkədəki səfirliyinə üz tutur. 16 minə qədər insan səfirliyin bağçasında yerləşir. Onlar səfirlikdən imdad istəyirlər, səfirlik həftələrlə onları qoruyur, yemək-içmək verir. O çağın qəzetləri bu insanları gavur ingilislərə sığınmaqda qınayanda Əli bəy “Füyuzat”da (1906, N2) yazır:
“Dönüb tarixə baxsaq, görərik ki, inqilab dövrü başlayanda onun təşkilatçılarının başqa ölkələrə kömək üçün fəryad etmələri nəticə vermişdir.
Fransanın Volterləri, Jan Jak Russoları dara düşdükdə Isveçrəyə qaçırlar. Rus deputatları da keçmişdə Finlandiyaya getmədilərmi?..
Türkiyənin Midhət paşaları, Səid paşaları vətənin təhlükəsizliyi naminə ingilislərə, fransızlara sığınırdılar.
Tehran əhlinin, dəxi dünyanın harasında olursa olsun, azadlığı alqışlayan ingilislərin himayəsinə sığınmaları bu növ hərəkətlərdən olub, inqilab vaxtı mümkün qədər az qan tökülməsi humanizmdən başqa bir şey deyil”.
Hər şey gün kimi aydındırmı? Aydın deyilsə, saxta millətçilər, buyurun, polemikanızı lütfən bizdən uzaqlaşdıraraq, Əli Bəy Hüseynzadə ilə davam etdirin.