Əvvəlcə seçkidən başlamaq istəyirəm. Ictimai Palatanın Koordinasiya Şurasına olan seçkidən. Birmənalı yazmaq olar, seçki nümunəvi keçdi. Əlbəttə, onun nəticələrindən kimsə narazı qala bilər, qalıb da. Ancaq hətta hakimiyyətin süfrəsindən qidalanan 4 gözlü agent-provokatorlar bu seçkiyə “mız” qoya bilmədilər. Müxalifət bu ənənəni daha da inkişaf etdirməlidir.
Ictimai Palatadakı seçki bir məqamı ilə xüsusən diqqətimi çəkdi. Azərbaycanda xüsusi bir təbəqə yetişib, onlar bəzən qəsdən, bəzən isə bilməyərəkdən yanılaraq, bu fikirləri təkrarlamağı xoşlayırlar. Guya, “ənənəvi müxalifət” adlandırılan qüvvələr yeniliyə qapalıdırlar, onlar özlərindən olmayanları qiymətləndirə bilmirlər, hətta bu cür insanların paxıllığını çəkirlər. Bəs seçki nəyi göstərdi? Ictimai Palatadakı partiyalarda təmsil olunmayan politoloq Leyla Əliyeva seçkidə parlaq səs çoxluğu qazandı. Bu fakt sübut etdi ki, müxalifət partiyaları vətəndaş cəmiyyətindəki dəyişiklik istəyən, rejimə qarşı səmimi müqavimət göstərən insanları dəstəkləməyə, onlarla çiyindaş olmağa hazırdır. Bundan sonra “müxalifət bizim qarşımızı kəsib” cəfəngiyyatı ilə silahlananlar başqa bəhanə axtarsınlar.
Ilham Əliyev adına nağıllar
Qibleyi-aləm Ilham müəllim yeni bir proqram imzalayıb. Proqram “Insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq barədə Milli Fəaliyyət Proqramı” adlanır. Bu proqramdan nə gözləmək olar? Heç nə, təbii ki. Ilham Əliyev 2 dəfə “regionların sosial inkişafı proqramı”nı imzalayıb və onların biri başa çatıb, o biri də başa çatmaq üzrədir. O proqramların icrasında xalq bol-bol yalanlardan başqa nəsə daddımı? Indi Azərbaycanın ən təsirli lətifəsi “regionların sosial inkişafı proqramı” çərçivəsində açıldığı iddia olunan “900 min iş yeri”dir.
Bizim ölkədə hüquq və azadlıqlara bir nömrəli təhlükə elə Ilham Əliyev üsul-idarəsidir. Onları elə Ilham Əliyevin özündən qorumaq və müdafiə etmək lazımdır. Gerisi rahatlıqla düzələcək.
Hüququn dəfn olunması
Söz ki, hüquqdan düşdü… Mətbuat Şurasının elan etdiyi “reket” nəşrlər siyahısında adında “hüquq” sözü olan bilirsinizmi nə qədər qəzet var? Bu, ölkəmizdə hüququn nə qədər hörmətsiz anlayışa çevrildiyini göstərən bariz örnəkdir. Hüquq və reketlik bizim ölkədə qardaşlaşıb. Bir dəfə yazmışdım, ölkənin son dərəcə tanınmış hüquq müdafiəçiləri “oğru dünyası”na, “vor zakon”lara, reketlərə pərəstiş edir. Nə qədər polis, prokuror telefonunda “vor zakon”lara aid videoları fərəhlə izləyir. Saatlarla hüquqdan yox, hüquqa qarşı gedənlərdən şövqlə danışırlar. Hüquq əlahəzrət və onun ulu öndəri sayəsində heç kim üçün maraqlı deyil. Azərbaycan insanı indi hüquqdan başqa ən müxtəlif metod və vasitələrlə özünü qorumağa hazırdır. Məsələn, o cəngəllik və mağara davranışlarını öyrənməyə, mənimsəməyə daha həvəslidir. Insanları qınamaq olmur, nə işə yarayırsa, insan da ona meyl edir.
Ağlamaq
Şimali Koreyada “ulu öndər”in ölümünə ağlamadığına görə həbs edilənlər məhkəmə önündə dayanacaq. Diktatura hər gün yeni eybəcərliyi ilə bəşəriyyəti təəccübləndirməkdədir.
Görəsən, adamları necə mühakimə eləyəcəklər? Yəqin ki, prokuror, “xaricdən aldığı qrant müqabilində göz yaşının qarşısını kəsdiyi üçün” koreyalıları günahlandıracaq.
Bəs görəsən, ittiham olunanlar nə cavab verəcəklər? Mən olsaydım, deyərdim: ağlamaqdan göz yaşlarım qurumuşdu, yoldaş prokuror.
Yeri gəlmişkən, 2003-cü ildə mərhum Heydər Əliyevin nəşi ölkəyə gətiriləndə jurnalistlər məmurların birindən açıqlama almaq istəyəndə, o demişdi: “Əl çəkin, görmürsünüz ağlayıram?..”.