Keçən il ali məktəbə qəbul olunmaq üçün 31 min 419 yer ayrılmışdı. Plan tam dolmadı, 29 min 332 abituriyent tələbə adını qazandı. Son rəqəmə diqqət yetirin və yap-ın başbilənlərindən Mübariz Qurbanlının açıqlamasını oxuyun: “Hər il orta hesabla 25-30 min Azərbaycan vətəndaşı yap-a daxil olur”.
Rəqəmlər hər şeyi ifadə edir. Tələbələrin adlarını zorla, bəzən də heç xəbərləri olmadan yap-ın siyahısına yazmaq siyasi uğurdursa, bunu sizə çox görmürəm, Mübariz müəllim. Sizin çəkdiyiniz əziyyətə heyfim gəlir, hər il yeni üzvlərin qəbulu üçün bunca zəhmətə qatlaşmağa nə ehtiyac? Yap sədri, qibleyi-aləm “bu gündən etibarən Azərbaycan əhalisinin hamısı yap-a üzv sayılsın” tipli bir fərman versin, beləcə, sizin də canınız dincəlsin, bizim də.
Mübariz Qurbanlının müsahibəsində bir məqam da diqqət çəkir. O bildirir ki, partiyalarının 2-ci əsas fəaliyyət istiqaməti “ulu öndər” Heydər Əliyevin irsinin təbliğ olunmasıdır. M.Qurbanlı deyir ki, bu irsin təbliği üçün respublikanın rayon və şəhərlərində H.Əliyev məktəbləri fəaliyyət göstərir. Doğru da deyir, bir əlavə də etmək şərtilə… Təkcə şəhər və rayonlarda yox, ən xırda qəsəbələrdə, kəndlərdə də. Hətta toy-yas məclislərində də belə təbliğat gedir.
Bu yerdə bir xatırlatma edim. Bir zaman ölkə boyu yayılan lətifə idi: Şadlıq saraylarından birinin qarşısına ata-oğul Əliyevlərin iri plakatını asıb altından yazmışdılar: “Sabaha Ilhamla və inamla”.
Icazə evrin soruşaq, ölkəni “məməyeyənindən pəpəyeyəninə” qədər yap-çı etmisiniz, ya da lap siz dediyiniz kimidir, insanlar bir ucdan H.Əliyevin partiyasına yazılmaq üçün növbə tuturlarsa, daha bu qədər təbliğata nə ehtiyac var? Deməli, Heydər Əliyevlə bağlı ən böyük şübhə yap-ın rəhbərliyindədir. Onlar başa düşürlər ki, nə qədər çox Heydər Əliyev heykəli düzəltsələr də, onun adının önünə nə qədər titul yazsalar da, xeyri yoxdur, insanlar onu əzazil və zülmkar bir rəhbər kimi ürəklərinə yazıb.
Bizim onlardan fərqimiz
“Azadlıq” və “Yeni Azərbaycan” qəzetləri. Biri müxalifətin, o biri hakimiyyətin mövqeyini ifadə edir. Iki gün əvvəl “Azadlıq” Almanıyanın “Der Spiegel” jurnalının bizim ölkə, Ilham Əliyevlə bağlı məqaləsini tərcümə edib, yayımladı. “Yeni Azərbaycan” bundan qəzəblənərək, dünənki sayında “Der Spiegel”dən iqtibas verib. Məqalənin təkcə başlığını verim, yetər: “Sürətlə qocalan Avropa”.
Gülürəm, sadəcə.
Siyasət haqqında
Türkiyədə keçmiş qərargah rəisi Ilkər Başbuğ həbs olundu. Bu həbs, sizə qəribə görünsə də, Ilham Əliyevin xeyli vaxtdır apardığı siyasəti darmadağın elədi. Ilham müəllimin sözüdür, o deyirdi ki, Azərbaycan cəmiyyəti siyasi deyil, yəni bizim camaatın işi-gücü Röya ilə, boksçularla bağlı söhbətlərdir. Ancaq indi hər kəs Başbuğun həbsindən danışır. Kimi qınayır, kimi Ərdoğan hakimiyyətini tənqid edir, bir başqası, “belə də olmalı idi” deyir. Bəs Türkiyə siyasətindən ağızdolusu danışan bu insanları analoji çıxışlarını biz hazırda günahsız yerə zindanda qalan vicdan məhbuslarımız barədə niyə eşitmirik? Çünki əlahəzrət bunu qadağan edib, daxili siyasətdən danışmaq bizdə çox təhlükəlidir. Azərbaycan cəmiyyəti siyasətə təşnədir, onun əlindən bu haqqı – siyasətdə iştirakçılıq haqqı alınıb. Bu isə əsassız deyil. Lenin inqilabi şəraitin səbəblərini sadalayanda birini də belə göstərirdi: geniş xalq kütlələrinin siyasətlə maraqlanması!..