Senzor olsaydım və ya “Azadlıq” qəzetində baş redaktor işləsəydim, sonuncu səhifədə ulduzlardan gələn xəbərləri məmnuniyyətlə qayçılayardım. Ulduzlar artıq iki ilə yaxındır ki, həyatımı zəhrimara döndərib. Nə edəsən, redaksiyada dinirsən, siz sevimli oxucuları verirlər irəli. Satış mərkəzləri deyir ki, ulduz falı olmayan qəzetə oxucular “yumurtlamayan toyuq” kimi baxır. Buna görə də uzun illərdir öz səhifəsinə ulduzları yaxın buraxmayan “Azadlıq” sonda onun qarşısında duruş gətirə bilmədi. Sizə zarafat gəlməsin, fövqəltəbii qüvvələrə qalib gəlmək üçün azı Herkules-zad olmalısan. Nə etməli, “Azadlıq” bu gücdə deyildi…
Min cür izah verilsə də, “Azadlıq” kimi qəzetdə ulduz falı kimi cəfəngiyyatın getməsi ürəyimi ağrıdan yara olaraq qalacaq. Ancaq bugünlərdə elə bir hala şahidlik etdim ki, sanki bir “valerian” uddum, sakitləşdim, “bizə şükr” dedim.
Bu sakitliyi mənə “Təhsil problemləri” qəzeti nəsib etdi. Qəzet 60 qəpiyədir, bu qiymətə Azərbaycanda ikinci bir qəzeti xatırlamıram.
Işə bax, biz bütün dünyanın problemindən yazıb, qəzetimizi oxucuya 40, bunlar isə cəmi bir problemdən yazıb 60 qəpiyə satırlar. Məhz bu amil göstərir ki, nazir Mərdanov bazar qanunlarını, riyaziyyatdan da yaxşı bilir, xoş halına.
Qəzet özünü oxucuya belə təqdim edib: Təhsil Problemləri Institutunun elmi-metodik nəşri. Bəh-bəh, təhsil, institut, elmi-metodik nəşr. Deyirsən, yəqin bunun səhifələrindən indi Mendeleyev, Dekart, Eynşteyn və s. dahilərin dürr-kəlamları süzüləcək.
Sən saydığını say, qəzetin arxa səhifəsindən div boyda ulduz falı boylanır. Məsələn, orada mənim bürcüm üçün yazılıb: “əgər günah sizdədirsə, üzr istəməyi bacarmalısınız”.
Anlamıram, 1-ci sinif dərsliyində əks olunan bu həqiqəti gərək bizə ulduzlar desin ki, inanaq?..
Qəzetin orta səhifəsini açıram, bir səhifəlik dini yazı… Mövhumat dolu yazı… Mən o yazının müəllifinin adını çəkmirəm. Sadəcə, bir xatırlatma etmək istəyirəm. Həmin müəllif bir kitabında müsəlmanların böyük əksəriyyətinin inandığı təriqətdəkiləri “murdar” adlandırıb. Təsəvvür edirsinizmi? Və belə bir zehniyyət sahibi təhsilin problemlərilə, guya, məşğul olan qəzetdə yayımlanır.
Ölkənin ən yüngülməcaz aktyoru Ilham Mirzəyev Elmlər Akademiyasında alimdirsə, daha nə danışasan?
Bir dəfə BDU-nun qarşısından keçəndə universitetin Həmkarlar Ittifaqının elanını görmüşdüm: “Ucuz qiymətə Məşhəd ziyarəti təşkil edirik”.
Qəzetin şüarını da xatırladım, birgə gülək: “Təhsil millətin gələcəyidir”.
Bu şüardakı fikrə şübhəm yoxdur, amma elə buna görədir ki, millətin gələcəyini Şeyx Nəsrullahlara, lotu-potulara əmanət edirlər.
Xülasə, təhsil problemləri ilə, guya, məşğul olacaq qurumlar, onların nəşri boğazacan problem içindəymiş, biz də bundan qafil qalıbmışıq.
Vəziyyət fransızcadır
Bir az da gündəmdən. Fransanın ötən gün elədiyi haqsızlıqdır. Bunu müzakirə belə, etməyə gərək yoxdur.
Ancaq Sizə bir söz deyim. Tutaq ki, sabah bizim parlament də analoji qərarı Fransa barədə verdi. Sizcə, bu fransızlara təsir göstərərmi? Əsla. Bəs nə zaman bizim qərar da onları coşdura bilər? O zaman ki, biz və ya Türkiyə Fransa kimi azman dövlətə çevrilək. Bəli, indi əsəbimizi bir şəkildə Fransaya qarşı yönəltməklə yanaşı, əsas səyimiz yetkin, güclü və demokratik bir ölkə qurmaq olmalıdır. Dünya belədir ki, zəiflərin iniltisinə, yaxud haray-həşirinə kimsə baxmayır.
Və son
Bir sayğıdəyər dostum fransızların son qərarına etiraz edərək “Fransız malı almayın!” yazdı. Mən ona dedim ki, qardaş, sizi bilmirəm, kasıbçılıq ucbatından mən 32 ildir fransız mallarını onsuz da boykot etmişəm.