Noyabrın lap sonu idi, dövlət agentliyindən oxudum ki, Azərbaycan ərazisində “quş qripi” ilə bağlı keçirilən növbəti monitorinq başa çatıb.
Monitorinqi Səhiyyə, Ekologiya, Kənd Təsərrüfatı nazirlikləri və Ovçular Birliyi birgə keçirib. Monitorinq keçirildiyi ərazilərdə nə xəstələrə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunub. “Nə gözəl…”, deyərdim, əgər dünən ovçu dostlardan biri telefonda şikayətlənməsəydi…
Dostum deyir ki, onları əsir-yesir qoyublar. Ovçuların özünü “quş qripi” bəhanəsilə əməlli-başlı “ovlayırlar”. Ovçuları bu bəhanə altında ağla gələn və gəlməyən miqdarda cərimələyirlər. Əsas da gətirirlər ki, 2006-cı ildən Azərbaycanda quş qripi təhlükəsilə əlaqədar ov qadağan edilib.
Bu yerdə ortaya haqlı sual çıxır: hörmətli nazirlər, ölkədə “quş qripi” varsa, sizin o monitorinqin nəticəsi nədir? Niyə yalançı hesabatla ictimaiyyəti çaşdırır, onların həyatını risk altında qoyursunuz? Ayıb deyilmi?
Yaxud, siz dediyiniz kimi, “quş qripi” yoxdursa, bu nə hoqqabazlıqdır, niyə ovçuları “ovlayırsınız”? Niyə 5 il əvvəl verilən qərarı ləğv edib, əmin-amanlıq yaratmırsınız? Sizin hərəkətiniz açıq-aşkar reketlik deyilmi?
Belə başa düşürəm ki, dünya birliyini “ikiüzlü siyasət yürütməkdə” ittiham etməyinizə baxmayaraq, özünüz bu siyasətin uzmanlarısınız. Deməli, xarici fondlardan qrant alıb, monitorinq keçirirsiniz və onlara xoş gəlmək üçün “quş qripi yoxdur” deyirsiniz. Ancaq insanları cərimə ilə yükləmək üçün “qrip var” deyirsiniz, eləmi? Mən sizdən ağlabatan bir izah gözləyirəm…
Babam və oğlum, bir də Tənzilə Rüstəmxanlı
Mən dünən çox heyrətləndim. Əsl müəllim necə olmalıdır, buna real şəkildə şahidlik etdim. Qızımın təhsil aldığı “Atatürk” litseyində müəllimi təxminən 10 gün əvvəl bir CD vermiş və valideynlərə də “buna uşaqlar olmadan baxın”, – deyə tövsiyə etmişdi. Iş-güc ucbatından nəhayət, dünən macal tapıb diskə baxdım. Nə olsa yaxşıdır, Çağan Irmakın “Atam və oğlum” filmi…
Bu elə bir filmdir ki, mən onun barəsində bir qabiliyyətli cümlə yazsam, özümü əbədiyyən xoşbəxt sayaram. “Atam və oğlum” kədəri ürək yandıran ciddi ictimai-siyasi filmlərdəndir. Bu elə filmlərdəndir ki, məsələn, mən AzTV-nin sədri olsam, bir həftə sərasər onu nümayiş etdirərəm. Sevindim, Ilahi, təkcə uşaqların yox, həm də valideynlərin yetkinləşməsi, dünyaya baxışının formalaşması üçün cəhd göstərən müəllimin olması necə gözəldir, necə fərəhləndiricidir… Ancaq yenə də nakamlıq…
Bu müəllimi – Isa Ərdoğanı (onun haqqında sizə keçən həftə azca yazmışdım) o diski paylayandan iki gün sonra litseydən qovublar. Ən pisi və dəhşətlisi odur ki, bunu Azərbaycanda insan haqları kimi müqəddəs işlə məşğul olduğunu iddia edən Tənzilə Rüstəmxanlının əli ilə etdilər. Xülasə, harda bir iynə ucu boyda işıq gələn yer tapırıq, şərin barmağı oranı qapada bilir. Yəqin, belə çox getməz.
Günün lətifəsi
Nərimanov Rayon Icra Hakimiyyətinə zəng eləmişdim. Dəstəyi bir xanım götürdü. Soruşmalıydım ki, “sizdə tüstü bacalarının təmizlənməsi işinə kim baxır?”. Amma əvəzində belə soruşdum: “Xanım, icra hakimiyyətində damdabacalarla kim məşğul olur?”
Xanım çaşdı, təəccüblə dedi ki, “biz elə işlərlə məşğul olmuruq, bu şayiəni kimdən eşitmisiniz?”
Qeyd: damdabaca – polterqeyst, səs-küy salan ruh-filan…