Bizi idarə edənlərdən ikisinin övladı ilə bağlı başlayıram bugünkü köşəmi. Birincisi, Leyla Əliyevadır. Onu hamınız tanıyırsınız.
Leyla Əliyeva Qəbələdə ekologiya ilə bağlı tədbirdə gənclərə belə deyib: “Biz Qız Qalasında restavrasiya işləri aparırıq. Bu zaman orada yuva salmış quşların yuvalarını dağıtmırıq, onları köçürürük, başqa yerdə yuva qururuq”.
Ilahi, humanizmin bu dərəcəsinə də şahid olduq. Azərbaycan hökumətinin quşlara bunca atalıq qayğısından təsirlənib göz yaşı axıtmamaq mümkünsüz… Deyirəm, Bakıda evləri başına uçurulanların bəxti bir az güclü olsaydı, dünyaya insan kimi yox, quş kimi gəlib də Qız qalasının divarlarında yaşayardılar. Belə olsaydı, indi onların iniltisini eşidib, ürək ağrısı da tapmazdıq.
Ikincisi, Ziya Məmmədovun oğlu məşhur Anar bəylə bağlıdır. Qulaq günahkarıyam, deyirlər ki, bugünlərdə Anar bəyə dostlarından biri Mövlanənin “Məsnəvi”sindən ac qalmağın hikməti barədə oxuyurmuş. Gözünə döndüyüm, dinləyib-dinləyib, sonda isə deyib: “Çox gözəl, qiymətli fikirlərdir, ancaq xaşın gözəlliyini üstələmək üçün Mövlanə gərək daha bir kitab yazsın. Getdik, Xaş yeməyə…”.
Çingiz Qənizadəyə hansı diaqnozu qoymalı?
Adı hüquq müdafiəçisi kimi çıxsa da, cani-dildən Ilham Əliyev səltənətinin buyruğunda duran bir Çingiz Qənizadə var. Son zamanlar onun Imişli tərəfdən deputat mandatını ələ keçirdiyi deyilir. Həyatının əsas arzusunu, Ilham Əliyev qırmızı lent kəsərkən onun arxasında dayanıb əl çalmaq kimi müəyyənləşdirən Çingiz müəllim keçən yay bu arzusunu da həyata keçirib, indi o, çox məsuddur.
Ilham Əliyevin arxasında dayanıb əl çalmaq qənizadələr üçün cənnətdə baş ağrısı gətirməyən şərab içmək kimi bir haldır, bunun isə bədəli mütləq ödənilməlidir. Çingiz müəllim isə borclu qalmağı sevməyənlərdəndir. Mən bunu hökumətin “Kaspi” qəzetində onun müsahibəsini oxuyarkən gördüm.
Qənizadə “Amnesty International”ın Azərbaycanla bağlı hesabatına elə əsib-coşub ki, heç bu hikkəni biz hələ Siyavuş Novruzovda da görməmişik. “Amnesty International” nə yazmışdı?
Yazmışdı ki, mart və apreldə Azərbaycan hökumətinin tutub dama saldığı insanlar vicdan məhbuslarıdır, günahsızdırlar, hökumət özünə hörmət qoyursa, onları dərhal azad etməlidir.
Qənizadə isə deyir ki, bu, qərəzli hesabatdır, Azərbaycanı istəməyənlərin fitnə-fəsadıdır.
Adamın ağlı nə qədər dayaz olmalıdır ki, bir ölkəyə “vətəndaşını şərləmə, onu nahaqdan türmələrə doldurub illərini-günlərini oğurlama” tövsiyəsi verənlərə düşmən deyəsən. Düşmən, əslində, belə anormallıqlara sevinəndi.
Çingiz Qənizadənin müsahibəsini oxuyarkən onun kifayət qədər savadsız, yoxsa kifayət qədər böhtançı olduğunu dəqiqləşdirə bilmədim. Niyə? Məsələn, o deyir ki, beynəlxalq təşkilat hesabatını yazanda mötərizə içində hara, kimə istinad etdiyini göstərməlidir. Mən “Amnesty International”ın hesabat jurnalını oxumuşam, jurnalın axırdakı tam 2 səhifəsi bu adamın arzuladığı istinadlardır. Adam bunları görməyib, ya görməzlikdən gəlib?
Ən mühümü bilirsinizmi nədir? Yazım, diqqətlə oxuyun, bunu qiyamətin əlaməti də saymaq olar.
Qənizadə deyir ki, beynəlxalq təşkilatlar onlara Azərbaycandan məlumat ötürən insanların adlarını açıqlamalıdır. “Onları həbsə atdırmaq üçün yox, sadəcə, bu adamlara qarşı ictimai qınaq yaratmaq üçün bu lazımdır” demiş deputat mandatlı adam.
Ictimai qınağı önəmli bilənə bir bax! Hörmətli Çingiz müəllim, ictimai qınağın yekəsi Imişli, Beyləqan tərəfdən sizə yönəlib, bəs niyə onları vecinizə almırsınız?
Hörmətli Çingiz müəllim, 2-3 ildir açıq formada xalqımızın azadlığı uğrunda məhrumiyyətlər yaşayan insanların haqqı ilə bazarlıq etməkdəsiniz. Buna görə azad media, tənqidçilər sizə olmazın sözlərini yazıblar, niyə bəs bu qınaqlara məhəl qoymursunuz? Özünüz inanmadığınız şeyə başqalarını inanmağa çağırmayın!