elnurastanbeyli@gmail.com
Son vaxtlar tez-tez Daniel Defonun “Robinzon Kruzo”sunu xatırlayıram. Onu xeyli əvvəl oxumuşdum, açığı, ondan “Don Kixot” qədər təsirləndiyimi, ya da “Qulliverin səyahətləri” qədər sarsıldığımı deməzdim. Hətta “Robinzon Kruzo” mənə bu adını çəkdiklərimlə müqayisədə xeyli səthi, yüngül, sıradan bir macəra ədəbiyyatı kimi gəlmişdi.
Amma birdən-birə nəyə görəsə belə düşünməyə başladım ki, mənim indiki ruh halımı ən yaxşı məhz “Robinzon Kruzo” ifadə eləyə bilər. Ona görə də yenidən oxudum və gördüm ki, yanılmırammış. Hələ də bu kitab əlimin altındadır və ara-sıra açıb müəyyən parçaları bir daha oxuyur və əmin oluram: əslində mən hazırda elə məhz Robinzon əhval-ruhiyyəsində, onun ovqatındayam. Və əminəm ki, indi Azərbaycanda özünü eyni vəziyyətdə hiss edənlər kifayət qədərdir. Yox, bu əsla kimsəsiz adaya düşən Robinzonun təkliyindən doğan tənhalıq hissi deyil (hərçənd biz də indi zülm dənizin ortasındakı qərib adanın bir sakiniyik və bizi bizdən başqa kimsənin xilas etməyəcəyi də artıq gün kimi aydındır). Bu daha çox Robinzon Kruzonun o kimsəsiz adada özünə yeni həyat qurmaq, hər şeyi yenidən başlamaq üçün göstərdiyi əzm və iradəyə qibtə hissidir. Hər şeyə baxmayaraq sarsılmayan həyat tutqusu. Dayanmamaq və davam etmək qətiyyəti. Bu gün Azərbaycan üçün aydın və azad gələcək arzulayanların, istəyənlərin, bunun üçün bacardığını əsirgəməyənlərin və qarşılığında min bir əzaba, əziyyətə tuş gələnlərin məhz buna ehtiyacı var – Robinzon Kruzonun çalışqanlığına, iradəsinə, əzminə.
Mən indi bu sətirləri yazıram və xatırlamağa çalışıram: “Robinzon Kruzo” bir yana qalsın, bizim ədəbiyyatda Azərbaycan insanına Cek Londonun “Həyat eşqi”ndəki həyat eşqini, Heminqueyin “Qoca və dənizi”ndə yaşam sevgisi və onun uğrunda mücadiləçi olmağı təlqin edən, öyrədən, aşılayan hansı əsərlər yazılıb… Yaddaşımı zorlayır və xatırlamağa çalışıram, axırda bu qərara gəlirəm ki, görünür, hafizəm əməlli-başlı korlanıb, çünki bircə dişədəyən əsər də yadıma gəlir. Əlbəttə, insan məhrumiyyətləri və insanın bu məhrumiyyətlərdən xilas olmaq cəhdlərinə dair bədii mətnlər yazılıb bizdə, amma onların hansı biri bizi bir “Robinzon Kruzo”, ya da “Qoca və dəniz” qədər həyat eşqinə və yaşam mübarizəsinə çağırır, bizi heç bir pafossuz, təmtəraqlı sözlərsiz, hər cür sünilikdən, quramalıqdan uzaq şəkildə bu həyat eşqinə və mübarizəsinə kökləyir..!
Nədənsə mənə həmişə belə gəlib ki, bizim ədəbiyyat “qadın başlanğıclı”dır – o zəif və zərifdir, xəfif bir küləkdən yıxıla bilər, o çox danışır, ancaq az maraqlı və faydalı danışır, o daha çox şikayət və qeybət edir. O boyalı-pudralıdır. Təbiiliyə nifrət edir. Çirkin olmaqdan qorxur. Süni gözəlliyə aludədir. O reallıqdan qaçır, “xəyalçılıq oynamağı” sevir. O daha çox layla çalır – yuxuya verir. O dümsükləmir və oyatmır.
Nəticə – təslim və tabe olmağı sevən kütlə. Taleyinin öz əlində olduğunu qəbul etməyən, bu haqda düşünmək belə istəməyən camaat. Yuxulu toplum. “Alov qüllələri”nin arxasında gizlədilən sönük həyatlar. Amansız fırtınalara tez əsir düşən nəhəng çoxluq. Saxta təbəssümlə ört-basdır edilən acı göz yaşları.
Yox, mən bu gün düşdüyümüz vəziyyətə görə yalnız bizim ənənəvi ədəbiyyatı ittiham edirəm. Amma əminəm ki, o həm də çoxsaylı əsas səbəblərdən biridir. Hər bir xalqın ədəbiyyatı onun taleyinə təsir edir. Təzəlikcə dünyasını dəyişən Nobell ödüllü alman yazıçısı Günter Qrass ədəbiyyatın dünyanı dəyişdirə biləcəyinə inamını yüksək səslə söyləməkdən çəkinməzdi. “Bir çıxışımdan sonra 60 yaşlarında bir kişi yanıma gəlib mənə təşəkkür etdi. O dedi: ”Sizin romanınızı 16 yaşımdaykən oxumuşam (bu mənə qəti qadağan edilmişdi) və birdən-birə zərərli vərdiş hesab etdiyim bir şeyin əslində çox təbii bir insan xasiyyəti olduğunu anladım. O gündən bəri həyatım daha əyləncəli olmağa başladı". Bax ədəbiyyat insana belə təsir edə bilir" – Qrass son müsahibələrinin birində demişdi.
Onunla razılaşmamaq mümkünsüzdür. Güclü toplumlar həm də güclü ədəbiyyatların meyvəsidir.
Ona görə də, kim nə deyir desin, biz bu gün həm də ədəbiyyatımızdakı Robinzon Kruzosuzluğun acı aqibətini yaşayırıq.
Dünən də belə idi və deyəsən, sabah da belə olmağa məhkumdur.