elnurastanbeyli@gmail.com
Dünən jurnalistlərdən biri sosial şəbəkədə işlədiyi redaksiyaya gələn qadının istəyini anladan status paylaşmışdı, sitat: “Deyir, ekstrasens lazımdı mənə. 9 min manatımı oğurlayıblar. Deyirəm, ay xala, polisə müraciət eləmisiz? Deyir, polis mənə pul tapandı? Ekstrasens lazımdı mənə, gözünü yumsun, pulun iyi hardan gəlir mənə desin”.
Artıq belə hallar bizi təəccübləndirmir, Karlson demiş, adi həyat hadisəsinə çevrilib. Əliyevlər rejimi ölkədə elə bir vəziyyət yaradıb ki, insanlar çıxış yolunu falçılarda, pirlərdə, seyid ocaqlarında, türkəçarələrdə axtarırlar. Hüququn bitdiyi, idarəetmə adına məmur heyvərəliyinin at oynatdığı yerdə mənzərə başqa cür ola bilməzdi.
Təzəlikcə yaxından tanıdığım bir nəfərin dünyasını dəyişdiyini eşitdim. Bir neçə aydır müalicə aldığını bilirdim, qaraciyərində problemlər varmış. Amma durumu düşünüldüyü qədər ağır, ölümcül deyildi. Vəziyyəti lap kəskinləşəndə onu rayondan Bakıya gətiriblər və məlum olub ki, qaraciyər boş şeydir, o, əslində neçə vaxt imiş mədəaltı vəzinin xərçəngindən əziyyət çəkirmiş, amansız xəstəlik bütün vücudunu metastaz altına alıbmış, son günlərini yaşayırmış. Nə deyəsən, nə yazasan. Sözlər bu ürəkbulandıran reallığı ifadə etməkdə aciz və miskindir.
Dünən xəbər saytlarında oxudum: Norveç aviaşirkətinə məxsus təyyarə Banqkok-Kopenhagen reysi ilə uçurmuş, uçaq Bakıya yaxın məsafədə ikən təyyarənin sərnişinlərindən biri – 57 yaşlı danimarkalı Alen Lastenin vəziyyəti pisləşir, pilot da Bakıya acil enim üçün müraciət edir. Təyyarə enən kimi Aleni hava limanına yaxın olan Sabunçu xəstəxanasına aparırlar, amma Alen elə oradaca dünyasını dəyişir. Dostlardan birinin dediyi kimi: “Dəhşətli taledir: Danimarkada doğulasan, Norveç təyyarəsi ilə səyahətdən dönəsən, halın pisləşə, Sabunçu xəstəxanasında öləsən…”
Başqa bir dostun isə bu xəbərə verdiyi şərh daha acıdır: “Günah pilotdadır, heç olmasa Tiflisə sür də uçağı, Bakıda xəstələnən burada həkim tapmır, Irana-Turana gedir, sən dəlisən, bura xəstə gətirirsən?!”
Haqsızdırmı?! Əlbəttə, yox. Bəlkə həmin yazıq danimarkalını sağaltmaq üçün tibb elmi doğrudan da aciz imiş. Amma fakt budur ki, Alenin ölümü barədə ağla ilk gələn məhz ölkə səhiyyəsinin dəhşətli durumudur. Indi ölkədə əksəriyyətin dara düşəndə həkimdən çox türkəçarə yanına qaçmağa başlaması reallıq haqqında hər şeyi deyir. Azərbaycanın səhiyyə sisteminə inanmaq, etibar etmək diri gözlü ölümə getməkdən əsla fərqlənmir.
Redaksiya-redaksiya gəzib itən pulunu tapmaq üçün ekstrasens axtaran qadının hərəkətini də məhz ona görə qəribçiliyə salmaq olmaz ki, o da hüquq mühafizə sisteminə inamını itirib. O görür ki, ölkədə polis, prokurorluq hüquqsuzluğun qarantına, təminatçısına çevrilib. Elə isə falçı, cadugər axtarışına çıxmayıb başqa nə etməlidir?!
Kim bilmir ki, ölkədə məişət cinayətkarlığının, amansız qətllərin bu qədər artmasının ən önəmli səbəbi məhz Azərbaycanda qanunların işləməməsi, pulu və gücü olan istənilən şəxsin asanlıqla qanunları ayaq altına alması ilə bağlıdır. Məhkəmə sistemi tamamilə çöküb. Nəticədə hər kəs öz ədalətini özü bərpa etməyə məcbur olur. Əlbəttə, heç nə heç bir halda hər hansı cinayətə haqq qazandıra bilməz, amma kütlə şüuru fərqli düşünür: bir halda ki, uğradığın haqsızlığı polis, prokurorluq, məhkəmə yolu ilə aradan qaldırmaq mümkün deyil, bir halda ki, qarşı tərəfin müstəntiq və yaxud hakimi tapşırıqla, şirinliklə ələ alması nəticəsində haqlı ikən haqsız durumuna düşmək mümkündür, o zaman primitiv əli hər yerdən üzülən orta statistik vətəndaşın intiqam duyğusu, qisas hissi ilə hərəkət etməkdən, öz ədalətini özün bərpa etməkdən başqa hansı çıxış yolu qalır?!
Bax biz bu cür dəhşətli vəziyyətdə yaşamağa məhkum edilmişik. Hələ bütün bu acı reallıqlar, ağrılı həqiqətlər içərisində bəzən adamı qınayanlar da tapılır ki, “ölkədə qaradan başqa rəng görmürsünüz”.
Elə isə buyurun – 119 saylı marşrut avtobusunda orta yaşlı bir qadın yanında oturan başqa bir qadına deyir: “…Yeddi baş külfətlə yeddi aydır küçələrdə, qohum-qardaş qapısında qalmışıq. O vaxt başımda bir dənə də ağ tük yox idi, indi uçurulan evimizin dərdindən bir dənə də qara tük qalmayıb başımda”.
Bu da sizə qaradan başqa rəng – dərddən dümağ ağarmış saçlar.