elnurastanbeyli@gmail.com
“Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında baş verən ədalətsizlikdir” – Aristotelin bu sözlərini çox sevirəm və tez-tez təkrarlayıram. Yanlış xatırlamıramsa, Platonun da buna bənzər müdrik bir fikri var: “Ən böyük ədalətsizlik adil olmayıb ancaq adil kimi görünməkdir”.
Biz indi – Əliyevlərin Azərbaycanında məhz bu cür ədalətsizliyin şahidiyik. Həm də yalnız şahidi yox, qurbanı!
Ilk baxışda hər şey qaydasındadır, prokurorluq var, məhkəmə var, hətta özünümüdafiə hüququ da! Qanunlar da fəna deyil. Orada vətəndaşların hüquqları və azadlıqları dəqiqliklə göstərilib. Amma ədalət özü yoxdur! Siyasi intiqam duyğusu, recimin öz maraqları sadaladıqlarımızı gərəksiz, qondarma məfhumlara çevirib. Sistem üçün onları çeynəmək, öz siyasi sifarişlərinə alət etmək adi haldır.
Srağagün dəyərli Intiqam Əliyevin məhkəmə-məzhəkəsindəki bir məqam isə Azərbaycanda “hüquq”un “h”sindən belə bəhs etməyin nə qədər gülünc, komik görsəndiyini bir daha gözlər önünə sərdi. Iş orasındadır ki, Intiqam bəyin rəhbərlik etdiyi Hüquq Maarifçiliyi Cəmiyyətinin həyata keçirdiyi 13 qrant layihəsi üzrə fəaliyyət “qanunsuz sahibkarlıq” kimi qiymətləndirilib. Istintaq orqanı iddia edir ki, həmin qrant müqavilələri Ədliyyə Nazirliyində qeydə alınmayıb, ona görə də qrant kimi qiymətləndirilə bilməz. Vergi Məcəlləsinə görə, qrant vəsaitləri Əlavə Dəyər Vergisindən azaddır. Prokurorluq belə nəticəyə gəlib ki, həmin vəsaitlər qeydiyyatdan keçmədiyinə görə qrant deyil və buna görə vergi ödənilməlidir, bu “əsas”la da Intiqam bəyə qarşı təxminən 65 min manatlıq vergidən yayınma ittihamı da irəli sürülüb.
Halbuki həmin qrant müqavilələrinin hamısı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, lakin bunu sübut edən məktubları axtarış zamanı prokurorluq əməkdaşları götürüb, gizlədib. Vəkillərin Ədliyyə Nazirliyinə bu haqda məktublarına cavab olaraq bildirilib ki, qrant müqavilələrinin qeydiyyat sistemi sıradan çıxıb! Bəli, düz oxuyursunuz, “qrant müqavilələrinin qeydiyyat sistemi” sıradan çıxdığı üçün bu gün başda Intiqam bəy olmaqla xeyli hüquq müdafiəçisi şərlənərək həbsə atılıb ki, bəs sizin vergi borcunuz var.
Komediya həm də orasındadır ki, Ədliyyə Nazirliyinin saytında qeydiyyatdan keçən qrant müqavilələrilə bağlı cədvəl məhz Azərbaycanda QHT-lərə qarşı hücumlar başlayandan sonra “buxarlanıb”. Indi nazirlikdən recimin uydurma ittihamlarla suçlayıb həbsə atdığı adamların vəkillərinin sorğusuna bunu bəhanə edib cavab vermirlər. Nə isə ki, Intiqam bəyin vəkilləri “google” sistemi vasitəsilə axtarış aparıb, Ədliyyə Nazirliyinin saytından silinmiş həmin cədvəli tapıblar və oradan bir daha təsdiqlənib ki, cinayət işinin materiallarında qeydiyyatdan keçməmiş kimi göstərilən layihələr əslində qeydiyyatdan keçib!
Adam deməyə söz də tapmır. Bilmir, gülsün, yoxsa ağlasın. Görün ölkədə nə qədər çirkin, idbar bir vəziyyət yaradılıb, adı allah qoymasa, “dövlət orqanı” olan qurumlar bir qrupun əlində necə oyuncağa çevrilib. Bu cür hoqqanı heç orta çağ padşahlıqlarında da təsəvvür etmək mümkün deyil.
Ona görə də biz bu recimin Azərbaycanı çağdan qoparıb geriyə – keçmişin bataqlığına sürüklədiyini yazanda ehtiyatlı olmalıyıq. Bu, keçmişə qarşı böyük haqsızlıq olardı. Bizim – biçarə və binəva azərbaycanlıların yaşadığıı, daha doğrusu, süründüyü 21-ci əsrə baxanda eramızdan əvvəl daha müasirdir, daha mütərəqqi, daha sivildir.
Yaptokratlar dünyada analoqsuz ölkə olduğumuzu tez-tez təkrarlayırlar ha! Haqlıdırlar. Hətta təvazökarlıq edirlər: bizim heç tarixdə də analoqumuz yoxdur!..