elnurastanbeyli@gmail.com
Dünən xəbər saytlarında “Bakıda kitab mağazasndan oğurluq” başlıqlı xəbəri görəndə açığı, çox sevindim. Düzdür, istənilən halda oğurluq oğurluqdur və bunda sevinməli bir şey yoxdur. Amma hər halda söhbət kitab oğurluğundan gedirsə, istər-istəməz, fikirləşirsən: lap kitabı oğurlasınlar, amma oxusunlar!
Niyə obıvatel YAP çinovniklərinin büdcə talançılığına “oğurlasınlar, amma iş də görsünlər” deyib az qala haqq qazandırır, amma biz kitab oğurluğuna “oğurlasınlar, amma yetər ki, oxusunlar” deyə haqq qazandıra bilmərik?!
Amma həmin xəbəri tıklayıb oxuyanda sevincim qursağımda qaldı. Məlum oldu ki, oğru qardaş kitab mağazasından… kitab oğurlamayıb! Oğurladığı pul və noutbuk olub, bircə kitaba da əl vurmayıb.
Düzü, bundan sonra bir az özümə acığım da tutdu ki, gör nə qədər axmaq və sadəlöhvəm, Azərbaycanda kiminsə kitab mağazasına girib oradan kitab oğurlaya biləcəyini düşünmüşəm! Vallah, heç burnu fırtıqlı uşaq buna inanmazdı, mən inanmışam.
Yadıma 7-8 il əvvəlki bir hadisə düşdü. Bir tanışımla keçmiş “Inqilab” küçəsində, zibil qutularının yanına, yalan olmasın, yarım maşın kitab atıldığını gördük. Yaxınlaşıb kitablardan xeyli seçib götürdük, sellofan torbalara yığdıq, hətta kədərləndik ki, kitabların böyük hissəsi orada qaldı.
Axşam həmin tanışım zəng elədi. Dedi, evdə gətirdiyim kitablara görə abrımı büküblər ətəyimə, deyirlər, heç ölüb yerə girirsən, camaatın oğul-uşağı qaz vurub qazan doldurur, dollar “paçkaları” gətirir, sən də zir-zibil kitablar. Tanışım soruşurdu ki, nə məsləhət görürsən, indi bilmirəm neyləyim. Dedim, kitabları bukinistlərə paylasın. O da sağ olsun, belə də etdi.
Bu acı əhvalat hər dəfə yadıma düşəndə əsəbləşirəm, hətta fikirləşirəm, biz bundan da artıq zülmü, istibdadı haqq edirik, bizə neyləyirlər az edirlər. Axı kitabsız, bilgisiz, mədəniyyətsiz bir toplumun nəsibi zülmdən, zillətdən başqa nə ola bilər? Sonra yaptokratiyanın ölkədə kitabxanaları kababxanalara çevirdiyini xatırlayıram. Nə yazıq ki, cəmiyyətin əhəmiyyətli kəsimi kitaba, elmə, təhsilə, mədəniyyətə nifrət nöqtəsində rejimlə birləşir. Bu artıq elə bir nöqtədir ki, oradan ucsuz-bucaqsız bir bataqlıq başlayır: Şər bataqlığı, talan bataqlığı, yalan bataqlığı!
Qədim müdriklərdən biri havayı yerə kitabsız yaşamağı dilsiz, kar və kor yaşamaqla eyniləşdirmişdi. Baxın bizim topluma: onun başına gələnlərə – gətirilənlərə, ölkənin qaranlıq bir gələcəyə sürüklənməsinə münasibəti, daha doğrusu, münasibətsizliyi, həmin o dilsizliyi, həmin o kar və kor laqeydliyi qədim müdrikin nə qədər haqlı olduğunu göstərir. Bugünki çağdışı, qeyri- demokratik, qeyri-azad Azərbaycan həm də məhz kitabsızlığın əsəridir!
Kitabsızlıqdan ədalətsizlik doğur. Kitabsızlıqdan hüquqsuzluq törəyir. Kitabsızlıqdan haqsızlıq yaranır.
Belinskinin bu sözlərini çox sevirəm və tez-tez təkrarlayıram: “Insan yalnız bilmədiyi şeydən qorxur, bilik isə hər cür qorxuya qalib gəlir”.
Deməli, bizim illərdir davam edən siyasi-ictimai uğursuzluğumuzun sirrini həm də bilgisizlikdə axtarmaqda lazımdır. Ölkədə qorxu mühitinin dərinləşməsinə, güclənməsinə kömək edən həm də kütləvi savadsızlıq, biliksizlikdir.
Gəlin açıq danışaq: Sistem kitabın, mədəniyyətin, təhsilin gücünü bizdən daha yaxşı anlayır və onu məhv, onu yox etmək üçün əlindən gələni edir.
Bəs buna qarşı biz neyləyirik? Sonuncu örnək: bu günlərdə 3 milyonluq şəhərdə fədakar gənc dostların açdığı tək-tük kitab mağazalarından biri (“KitaBaz”) bağlandı. Əlbəttə, kefindən yox, alıcı olmamasından!
Inciməyin, amma milyonlarla insanın yaşadığı bir şəhərdə barmaqla sayılacaq qədər az kitab mağazalardan biri alıcı olmadığına görə bağlanırsa, o şəhərdə, o ölkədə iki eşşəyin arpasını bölə bilməyənlərin sizi çalıb-çapması da mübahdır.