elnurastanbeyli@gmail.com
“Azərbaycan” adlı rəsmi divar, pardon dövlət qəzeti “ABŞ-da məhkəməsiz həbs olunmaq” başlıqlı yazı dərc edib, mən bu haqda dünən xəbər saytlarında oxudum. Məsələ burasındadır ki, üç gün əvvəl “Vaşinqton Post”da “Azərbaycanda məhkəməsiz həbs olunmaq” başlıqlı yazı işıq üzü görmüşdü, indi YAP rejimi öz aləmində sərlöhvəyə yüngülcə əl gəzdirərək Amerika nəşrinə cavab verib. Başa düşüləndir. “Vaşinqton Post”un məqaləsində Ilham Əliyev və hakimiyyəti barədə tənqidlərin dozası xeyli yüksək idi, bu tənqidləri, necə deyərlər, bir batman balla yemək mümkün deyildi.
“Azərbaycan”ın cavab yazısında isə eyni tənqid dozası, hətta bəlkə də artıqlaması ilə Obamaya yönəlib. Adamın gülməyi tutur. Yox, əsla ona görə yox ki, Obama və ümumiyyətlə, ABŞ haqqında deyilənlər yanlışdır, əsla. ABŞ-ın yaxın və uzaq tarixində insanlığın ruhunu zədələyən, yaralayan əməlləri saymaqla qurtarmaz. Elə bu yaxınlarda Konqresin Mərkəzi Kəşfiyyat Idarəsinin (MKI) dindirilmələr zamanı tətbiq etdiyi işgəncə üsulları ilə bağlı açıqladığı hesabat hər şeyi deyir. Həmin hesabatdan parçaları oxudum, 21-ci əsrdə bu cür dindirmə metodları həqiqətən tükürpədici, utancverici idi.
Amma onlar bunu gizlətmirlər. Öz eyiblərini özləri dilə gətirir, bu iyrəncliklərin hesabını istəyir, bir daha baş verməyəcəyinə təminat istəyirlər. Konqres məlum hesabatı açıqlayanda xeyli amerikalı narahat idi ki, bu, ölkələrini dünyada rəzil edir, hörmətdən salır. Ancaq yenə də yekun qənaət ondan ibarət oldu ki, ABŞ tarixində bir daha bu insanlıq suçlarının yaşanmaması adına yaxın keçmişin kirli səhifələri ilə üzləşmək vacibdir.
Bəs biz nə edirik? Hər pisliyi xalça altına süpürürük. Korrupsiyanı yoxmuş kimi göstəririk. Seçki saxtakarlığını qətiyyətlə inkar edirik. Siyasi şərləmələri idarəetmə metoduna çeviririk. Sifarişli məhkəmə hökmlərini “ədalətin təntənəsi” kimi sırıyırıq.
Cəzasızlıq mühiti yaradırıq. Heç bir korrupsionerin ağlına da gəlmir ki, o, dövlət büdcəsinin altından girib üstündən çıxdığına görə hüquq qarşısında cavab verə bilər. Niyə? Sadə səbəbdən: olmayan bir şeyin qarşısında necə cavab vermək mümkündür? Üstəlik, korrupsiya faktiki olaraq cinayət əməli deyil ki. Tam əksinə, yaptokratiyanın üzərində oturduğu budaqlardan birdir, həmin budağı kəsmək rejimin yerə kəlləmayallaq düşməsi deməkdir.
Yəni sözümün “mustafa”sı odur ki, Azərbaycandakı anti-demokratik durumu, çağdışı vəziyyəti tənqid edən istənilən xarici nəşrin və ya təşkilatın aid olduğu ölkəyə eyni tənqidləri, hətta lap eyni başlıq altında ünvanlamaq da olar. No problem. Almaniyaya öz nasist keçmişini, Fransaya Afrika koloniyalarında törətdiyi amansızlıqları, Ingiltərəyə, ABŞ-a və qeyrilərinə müxtəlif zamanlarda despotik rejimlərlə kirli bazarlıqlarını, qanlı və qaranlıq sövdələşmələrini xatırladıb dişinin dibindən çıxanı demək və yazmaq mümkündür. Yenə no problem.
Ən azı ona görə ki, bunu heç həmin ölkələrin özündə də gizlətmirlər, dilə gətirirlər. Yapçıların öz “vozvratlıq” qəzetlərindəkindən daha kəskin, daha sərt şəkildə söyləyir, yazırlar. Çünki bu utancverici hallarla bir daha qarşılaşmamaq, keçmişin iyrənc səhifələrini bir daha yaşamamaq istəyirlər.
Sadəcə, indi mənə o maraqlıdır ki, bəyəm hardasa, nə vaxtsa baş vermiş bir qəddarlıq, bir amansızlıq bu gün yaptokratiyanın da öz xalqına qarşı basqıçı, repressiv, zalım davranmasına “yaşıl işıq” yandırır, haqq qazandırır? “Sən filan vaxt filan zülmü etmisən, mən də bu cün əcəb edirəm öz xalqıma bəhmən zülmü edirəm!” – budurmu Sistemin məntiqi?
Elə isə adamın Böyük Sabirin: “Qah-qah! Nə əcəb gülməlisən xaniman-xərab!” misrasını təkrarlamaqdan başqa adamın deməyə, yazmiağa heç bir sözü qalmır.