elnurastanbeyli@gmail.com
Yaptokratlar manatı qəfil və kəskin ucuzlaşdırıb növbəti soyğunçuluq aktına qol qoymalarını da “Qarabağ kimi dərdimizin olması” ilə əsaslandırdılar. Milli Məclisin sədri Oqtay Əsədov elə beləcə də dedi: “Müharibə şəraitində yaşayırıq, maliyyə ehtiyatlarımızı, rezervlərimizi xərcləyib qurtara bilmərik”.
Rejimin “uğurlu siyasət”ini təbliğ etmək, tərifləmək lazım gələndə atəşkəs müqaviləsini qarşımıza qoyurlar, guya silahların susmasından, qan tökülməməsindən, evlərə şəhid cənazələrinin gəlməməsindən, anaların göz yaşlarının qurumasından təntənə ilə bəhs edirlər. Elə ki, xalqa kələk gəlmək lazımdır, yada müharibə şəraitində yaşamağımız, Qarabağ kimin dərdimizin olması düşür.
Yəqin çoxlarınız xatırlayarsınız. Ölkəyə neft pullarının axını başlayanda ortaya “Qarabağı pulla geri almaq” söhbəti atılmışdı, müxtəlif rəqəmlər səslənirdi. Sadəlövh camaat da deyirdi, bizə neft pulu lazım deyil, bir qarnı ac, bir qarnı tox yaşayarıq, yetər ki, yaptokratlar o pulları yığıb Qarabağı geri alsın. Bu mif xeyli işə yaradı, yapçılar neft pullarını oturub xımır-xımır yeməyə başladılar, ərəb şeyxlərinin belə ağzını sulandıracaq sərvət sahibi oldular, camaat da Qarabağın yolunu gözləyə-gözləyə bir də onda ayıldı ki, artıq dəniz də əldən gedib, hər tərəfdən hasarlanıb.
Indi də xalqın başının altına yastıq qoyub, manatın ucuzlaşmayacağına dair vəd verib, hətta başqa ölkələri də öz pullarını bizim valyuta ilə saxlamağa çağırıb axırda isə bir gecənin içində dolları bahalaşdıraraq faktiki olaraq xalqın cibinə girir və buna “müharibə şəraitində olmağımızla” haqq qazandırırlar. Nədənsə milyardlarla manata keyfiyyətsiz yollar çəkəndə, körpülər tikəndə, musiqili fontanlar quraşdıranda, binaları üzdən ağardanda, neft pullarını lazımsız beynəlxalq tədbirlərə, idman yarışlarına xərcləyəndə nə “müharibə şəraiti” yada düşür, nə də Qarabağ dərdi.
Elə dünən məlum oldu ki, Avropa Oyunları üçün Bakıya gələcək Britaniya idmançılarının xərclərini də biz çəkəcəyik. Hələ söhbət var ki, hardasa 50 ölkənin idmançılarının xərci də bizim üzərimizə düşəcək. Iqtisadçı dostumuz Natiq Cəfərli bununla bağlı bir hesablama aparıb, bəy yazır ki, Avropa Oyunlarına 50 ölkədən 6100 idmançı qatılacaq, hər ölkənin məşqçi və xidmət personalını da nəzərə alsaq (masaj, həkim və sairə), təqribən 8000 qonağın gəlməsi gözlənilir. Hər bir idmançının böyük miqyaslı yarışlarda iştirakı, uçaq biletləri, yaşam xərcləri daxil, günə 300 dollara başa gəlir. Bakıya 8000 qonağın gəlməsini nəzərə alaraq, tək bu xərclər 33,5 milyon edəcək. Mən Avropa Oyunlarına indiyədək xərclənən milyardları da yada salıb soruşmaq istəyirəm: cənab yapçılar, bəs bu qədər pulun başına daş salan zaman niyə “müharibə şəraitində olduğumuzu” unudursunuz? O qədər pula öz vətəndaşının bir dərdinə dərman etmək niyə ağlınızın ucundan keçmir?
Belə götürəndə bəlkə də bu suallar xeyli yersiz səslənir. Çünki cavabı özündə olan suallardır. Hər kəs bilir ki, “müharibə şəraiti”, “Qarabağ dərdi” kimi artıq taleyüklü mahiyyətini itirmiş, YAP şablonlarına, rejim klişelərinə çevrilmiş ifadələrin arxasında illərdən bəridir davam edən korrupsiya, oğurluq, talan siyasəti gizlədilir.
“Qarabağ dərdi” çəkənlərimizə bax!
Biz görmüşük, dərd adamı qurudub çöpə döndərər, rəng-rufunu soldurar. Amma baxırıq, bizim əksər çinovniklərdə isə əksinədir – qarnı şişən kim, buxağı sallanan kim, üzündən yağ daman kim.
Bir sözlə, dərdi də asfalt kimi çəkirlər, başdansovdu, talan niyyəti, soyğun məqsədi ilə!