Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Dünən də gündəmə “pul cıran bacılar” söhbətini buraxdılar.
Işin məğzi belədir: rejim telekanallarının birində yayımlanan “Hər şey daxil” verilişində Sevil və Sevinc bacıları mahnı oxuyarkən bir manatlıq əskinası cıraraq yerə atıb. Uca millət, sevgili xalq bundan möhkəm qəzəblənib, rəncidə olub. Bəs necə, sən demə, dövlət atributlarından olan pulun cırılması hüquqi, eyni zamanda mənəvi məsuliyyət yaradırmış.
Mən bu sətirləri yazarkən qəzəb dalğası get-gedə böyüməkdə idi, pul cıran bacıları yerdən yerə vurmaq üçün böyük növbə yaranmışdı, bərk basabas düşmüşdü, xəbər lentlərini ancaq bu haqda məlumatlar bəzəyirdi, adam oxuyub çatdırmağa çətinlik çəkirdi, ay nə bilim, həmin telekanalın rəhbərliyi bu iki bacını cəzalandırıbmış, Milli Teleradio Şurası bacıların məsələsinə baxacaqmış və s. və i.a.
Fikir vermisinizsə, Azərbaycanda artıq gündəmi bu tip söhbətlər məşğul edir, gah efirdə şpaqat açan müğənni, gah başqa kişiyə qoşulub qaçan gəlin mövzusu müzakirə obyektinə çevrilir. Guya hər yarağımız düzəlib, qalıb saqqal darağımız. Məqsəd aydındır: ölkənin dağ boyda dərdləri, ağrıları belə süni, əldəqayırma gündəmlərin arxasında gizlədilir.
***
Elə lap “pul cıran bacılar” söhbətini götürək. Axı burada azərbaycanlılar üçün qeyri-adi, görünməmiş nə var ki?! Elə də hay-küy salıblar, guya şabaşın milli-mənəvi dəyər kimi qəbul olunduğu ölkədə yaşamırıq. Gözümüzü açıb görmüşük, pul toylarda ayaq altında konfet kağızı kimi əzilər, tapdanar. Yaxşı, indi kimsə onu cıranda yadınıza düşüb pulun dövlət atributlarından biri olduğu?!
Bunu da qoyduq qırağa. Pul rüşvət kimi alınanda, pul rüşvət kimi veriləndə bu heç kimin vicdanını sızlatmır, qüruruna toxunmur, kimsə onu cıranda sizə ağır gəlir?
Pula görə əqidə dəyişmək – olar.
Pula görə üzə durmaq – olar.
Pula görə “işverənlik” – olar.
Pula görə yalan danışmaq, ağa qara demək – olar.
Amma pulu cırmaq olmaz, eləmi?! Ay sizi dovşan yesin. Başqa nə deyim?
Pulu cırmaq ilk növbədə etik deyil – razıyam. Ən azı ona görə ki, onunla bir acın qarnını doyurmaq, bir yetimin üzünü güldürmək mümkündür. Yaşadığımız ölkədə qəpiyə güllə atanlar, cibində siçanlar oynaşan, axşam evə gedəndə uşağını hətta bir saqqızla, bir dondurma ilə sevindirməyə möhtac olan adamlar varkən bu, ayıbdır.
Bu öz yerində. Amma pulu cırmaq etik deyilsə, bəs pulu bütün etik, mənəvi dəyərlərin üzərində görmək doğrudurmu? Büdcədən pul çırpışdırmaq etikdirmi?
Pulu cırmaq olmaz, amma pulu qul haqqı yeyərək, məzlumun ahını alaraq qazanmaq olar?
Pulu cırmaq olmaz, amma övladına toy etməyə imkanı çatmayıb intihar edən ataların, bətnindəki dörd aylıq körpəsi ilə iş dalınca Türkiyəyə gedən, orada fahişəliyə məcbur edilən anaların ölkəsində bir milyon manata ayı kababı yemək, hansısa türk müğənnisinə 15 minlik çanta almaq olar?!
Pulu cırmaq olmaz, amma dünən çəkdiyin asfaltı bugün söküb kanalizasiya xətti, sabah da təzədən asfalt çəkmək, beləcə, neft pullarının altından girib üstündən çıxmaq olar?
Pulu cırmaq olmaz, 100 manat maaş ala-ala 200 min manatlıq “inomarkalarda” şütümək olar?
Və nəhayət: pulu cırmaq olmaz, amma bu ölkənin yeraltı-yerüstü sərvətlərindən payına düşən pulu istəyən, bərabərlik, sosial ədalət istəyən vətəndaşın ağzını cırmaq olar?
***
Bir də bunu unutmayaq: pul ancaq o ölkələrdə yalnız maddi deyil, həm də mənəvi dəyər daşıyır ki, zəhmətlə qazanılır, alın təri ilə qazanılır, halallıqla qazanılır.
Əks halda isə ona hər cür ad qoyacaqlar: kimin üçünsə o “konfet kağızı”dır, kimin üçünsə “semiçka pulu”, kimin üçünsə “əl çirki”, kimin üçünsə ayaqlar altında şabaş, kimin üçünsə həyatın yeganə məqsədi və mənası.
Amma heç vaxt, bəli, heç vaxt nə onu dövlət atributu hesab edib sayğı göstərəcəklər, nə sadəcə məqsədə gedən yolda vasitə sayacaqlar, nə də ona mənəvi anlam yükləyəcəklər.
Bu da belə bilinə!