Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Anti-demokratik rejimlər sözlə, fikirlə, hətta ən yaxşı qanunları qəbul etməklə islah olunurmu? Onları lap indi bir çoxlarının, haqqında həvəslə danışdığı “dialoq”la öz mürtəce mahiyyətindən azacıq da olsa, çəkindirmək mümkündürmü?
Bu suallar haqqında düşünərkən birdən-birə Aleksandr Radişşevi xatırladım. O, ilk rus inqilabi yazıçısı sayılır. Hətta II Yekaterina Radişşevi 1773-75-ci illərdə baş vermiş üsyanın rəhbəri olan don kazakı Puqaçovla müqayisə edib demişdi: “O (yəni Radişşev-E.A), Puqaçovdan da pis üsyançıdır”.
Radişşevin “Peterburqdan Moskvaya səyahət” əsərini oxumağı hər kəsə məsləhət görürəm. Bu əsərdə yerindən və zamanından asılı olmayaraq, irticanın iç üzünü – insanların necə hüquqsuz, kölə vəziyyətə salındığını, məmurların isə hara qədər azğınlaşdığını, ölkələrin hansı maddi və mənəvi miskinliklə qarşı-qarşıya qaldığını aydın görmək olar.
Bu əsərinə görə Radişşev çar II Yekaterinanın qəzəbinə gəldi. Ki, başqa cür ola da bilməzdi. O, həbs edildi. Haqqında edam cəzası kəsildi. Radişşev bir aydan çox öz ölümünü gözlədi. Amma sonradan onun edam qərarı Sibirə sürgünlə əvəz edildi.
Bir maraqlı məqamı da gərək qeyd etmədən keçməyək: Radişşevin ayaqlarına qandal vurub yeddi min kilometr uzaqlıqdakı Ilimskoya apararkən ümid edirdilər ki, o, bu məşəqqətli, əzablı yolçuluğa dözməyəcək, mənzil başına çatmadan ölüb gedəcək. Amma belə olmadı. Radişşev sürgündən belə, sağ qurtula bildi.
Indi gələk əsas mətləbin üstünə: 1801-ci ildə yeni çar I Aleksandr Radişşevi sürgündən azad etdi. Yeni çar idarəetmədə islahatlar aparacağına dair vədlər verirdi. Guya, bu islahatlar qanunların yeniləşməsindən başlayacaqdı. Hətta bu məqsədlə xüsusi komissiya da yaradılmışdı. Radişşev də həmin komissiyanın tərkibinə cəlb olunmuşdu.
Radişşev “mütləqiyyətin islah olunmaq istəməsindən” ümidlənmişdi, odur ki, bu işə çox həvəslə girişdi. Onun yeni qanunlar haqqında rəyləri, qeydləri əvvəlki üsyankar əhval-ruhiyyəsindən uzaq idi, daha çox kompromisə əsaslanırdı. Çünki Radişşev fikirləşirdi ki, xalqın hüquqsuzluğunu aradan qaldırmaq üçün mövcud şərtlər altında nə etmək mümkündürsə, elə onu etməklə də kifayətlənmək lazımdır.
Nəticə isə ondan ibarət oldu ki, çar hökuməti Radişşevin kifayət qədər konstruktiv, mülayim təkliflərini belə, dözülməz hesab etdi, onun qeydlərinin, rəylərinin heç biri qəbul olunmadı.
Hələ bu harasıdır? Üstəlik, yenidən Radişşevdən şübhələnməyə başladılar, hətta komissiya sədri ona belə demişdi: “Eh, Aleksandr Nikolayeviç! Sən yenə də həmişəki boş danışıqlarla məşğulsan? Yoxsa Sibir sənə heç nə öyrətməyib?!”
Radişşev bu sözlərin arxasında gizlənən eyhamı yaxşı başa düşürdü. O, həyatının bütün mənasını azad fikir və azad həyat uğrunda mübarizədə görürdü. Ancaq indi bu ideallara qarşı onda əlçatmazlıq hissi yaranmışdı. Odur ki, hər şey cəmi bir il sonra – 1802-ci ildə Radişşevin zəhər içərək həyatına qıyması ilə nəticələndi.
Bu acı sonluq mütləqiyyəti, istibdad rejimlərini qanunlarla, müzakirələrlə, yeri gəlsə, onunla əməkdaşlıq etməklə islah etmək fikrinə düşənlər üçün “Radişşev diaqnozu”dur. Axırda fiziki olmasa belə, mənəvi intihar vəd edir.
Unudulmamalıdır ki, mütləqiyyət üçün öz pis əməllərindən bir addım belə olsun, geri çəkilmək qəbuledilməzdir. Irtica heç vaxt oturduğu budağı kəsməz, gülləni öz ayağına sıxmaz, hüquqsuzluğu, yalanı, talanı aradan qaldırmaq niyyətində səmimi ola bilməz – odur ki, günümüzdə zaman-zaman meydana çıxan “dialoq-dialoq oyunu” da, korrupsiyaya qarşı mübarizə də, canım sizə desin, ASAN-xidmət özü də, bəd ayaqda lap gözəl-göyçək bir qanun qəbul etmək də onun üçün şou, tamaşa, gözdən pərdə asmaq, boş vədlə baş aldatmaq, mənasız gözləntilər yaratmaq xarakteri daşıyır.
Ara yerdə isə hətta Radişşevin atılan dırnağı belə olmayan miskin və saxta optimistlər öz üzərlərindən qalın bir xətt çəkmiş olurlar.