Son günlərin get-gedə daha da sıxlaşan fitnə-fəsad, şər-böhtan, iftira dumanında böyük Üzeyir Hacıbəyovun bir felyetonundan yola çıxaraq bəzi düşüncələrimi yazmaq istəyirdim.
Amma sonda həqiqəti deyən dillərin, yazan əllərin min bir fitnə ilə həbs edilərək, qorxudularaq, ya da şirnikləndirilərək sındırılmağa, susdurulmağa, yox edilməyə, bunlar nəticəsiz qaldıqda isə ləkələnməyə, aşağılanmağa çalışıldığı günlərdə hər nə qədər yüz il öncə qələmə alınsa belə, bu mövzuya ən dəqiq, şərhsiz yanaşmanın elə Üzeyir bəyin yazısı olduğunu anladım.
Odur ki, bu gün bu künc yazısında “Fitnəçilərdən özünüzü gözləyin” adlı həmin felyetonu oxumağınızın daha doğru olacağına inanıram.
***
Beləliklə, söz Üzeyir bəydədir:
“Konkaya minib gəzənlərin hamısına məlumdur ki, konkanın içində yuxarı tərəfdən rusca belə bir xəbərdarlıq yazılıbdır: ”Ostereqaytes karmanşikov”, yəni cibgirlərdən özünüzü gözləyin.
Konkalarda və sair yerlərdə yazılan belə xəbərdarlıqlar, hərçənd bir qədər Rusiya ölkəmiz üçün kəsri-şan olub, cibgirlər yığıncağı olduğunu bildirir, amma hər halda o cürə xəbərdarlıqlar adamları ehtiyatla dolanmağa məcbur edib, cibinin sağ və salim qalmasına səbəb olur.
Ona binaən çox yaxşı olardı ki, müsəlmanlar olan yerlərdə də, ya konkalarda, ya küçələrdə, ya evlər qapısında beləcə bir xəbərdarlıq yazılaydı:
“Fitnəçilərdən özünüzü gözləyin!”
Çünki hər yerdə ki, bir neçə dənə də olsun müsəlman oldumu, orada bir fitnəçi olacaqdır.
Fitnəçilik bir azardır ki, bəzi tərbiyəsi tərs düşmüş adamlara mübtəla olub, onları dinc qoymaz. Necə ki, yaz istisində milçəklər, gənələr atın üstünə daraşıb, (onu) şıllaqlamağa və oynaqlamağa məcbur edir, həmçinin fitnə naxoşluğu da haman fövqəlzikr adamlara giriftar olub, həmişə qıdıqladar, dinc qoymaz.
Amma heç bir yerdə fitnə özünə bir o qədər yaxşıca məkan tapmaz, məgərinki müsəlmanlar arasında. Bunun da səbəbi aşkardır.
Bir çox müsəlmanların, yəni haman fitnəyə uyanların ağılları başlarında olmayıb, bəlkə gözlərində və daha çox qulaqlarındadır. Çünki haman başın bir o qədər də bacarığı yoxdur ki, deyilən sözün fitnə olub-olmadığını anlaya bilsin. Onun üçün eşitdiyini məcburən qəbul eləyir.
əcnəbi məmləkətlərdə fitnəçilərin sözlərinə qulaq asıb, sonra qaradovoy-filan çağırıb, düz “sarı evlərə”, yəni dəlixanalara göndərirlər ki, orada onlara müalicə olunsun.
Bugünkü Osmanlıda fitnəçiləri purişkeviçlərin yanına qulluqçu tutub, “şəriət istəyənlər” cərgəsində boğazdan asırlar. Rusiyada o cürə fitnəçiləri qovurlar.
Iranda haman fitnəçilərə “Şiri-xurşid” əta edirlər. Bizim yerlərdə isə o cürə fitnəçiləri həmişə baş yerdə oturdub, ikiqat baş əyirlər və əldən gələn hörməti edirlər, onun sözlərinə qulaq asırlar.
Camaat arasına fitnə dağılır, xalq bir-birindən üz-göz olur, amma fitnəçi özü hörmətdə qalır”.
***
Üzeyir bəy söhbəti dəqiq tutub və nöqtəni əla qoyub.
Əlavə söz qalmır.
Hə, bu arada onu da deyim: qərara gəlmişəm ki, bundan sonra hər həftə sonu bu köşədə məhz maarifçi keçmişimizin işıqlı simalarına söz verim.
Istəyim sadədir. Bununla həm misilsiz xidmətlərinə görə onları bir daha tanıyaq və xatırlayaq, həm də dövrümüzün ən ağrılı, önəmli, gündəmdə olan məsələlərinə bir də onların gözləri ilə baxaq, onların hələ də aktuallığını qoruyan yanaşmalarını oxuyaq.
Gələn həftə bu köşədə kim yazacaq, bilmirəm.
Onu yaşayacağımız həftənin gəlişmələri göstərəcək.
Hamınıza uğurlu həftəsonu arzusu və zülmün sonu diləyi ilə!