Milli Teleradio (sözə bax ha! Milli Teleradio – sanarsan ki, televiziyanı Ismayıl Ömərov, radionu da Mövlud Süleymanlı icad edib) Şurası və Milli Elmlər (bu lap komediyadı, elm necə milli ola bilər? – adam az qalır ölüb yerə girsin) Akademiyasının Nəsimi adına Dilçilik Institutu telekanallarda Azərbaycan ədəbi dilinin qaydalarına necə əməl olunması ilə bağlı monitorinq aparıb, dünən həmin bu monitorinqin nəticələrini oxuyuram. Yazırlar ki, telekanallarda ədəbi dil normaları dilin bütün səviyyələrində – istər fonoloji, istər leksik, istərsə də qrammatik səviyyədə pozulur.
Hələ bəzi nümunələr də göstərilir: “Bu gün biz danışacağıq: ”Neçə uşaq doğmaq olar?””, “Evdə balaca bəbəşkası olanlar… Ta lap balaca bəbəşkasından tutmuş”, “Siz belə seryoznu müəlliməsiniz?”, “Bütün insanları maç, quç edirəm” və s.
Düzü bilmirəm, bunlar niyə ədəbi dil normalarının pozulması kimi qəbul olunur? Bəyəm bu nümunələr Artur Rəsizadənin, Elmar Məmmədyarovun qurduğu cümlələrdən də pisdir?
Ikincisi, telekanallarda pozulan yalnız dil normaları deyil ki… Axı onlarda hər hansı normaya uyğun gələn, normal olan nə var? Bir ölkənin ki, telekanallarının xalqa təqdim etdiyi dəyər Ay Zaur olsun, Elgiz olsun, canım sizə desin, Mirşahin, Rəqsanə, Xoşqədəm olsun, biz onlardan nə uma, nə küsə bilərik bilərik? Zövqsüzlüyün, bayağılığın, yalanın, yaltaqlığın baş alıb getdiyi yerdə dilin niyə anasını ağlatmamalıdırlar?!
Ümumiyyətlə, belə monitorinqlər keçirib sonra da “dilimiz əldən gedir” janrında qara-qışqırıqlar, vay-şüvənlər mənə çox qeyri-ciddi görünür. Bir dili qoruyub saxlamaq üçün ən böyük vasitə o dildə danışmaq imkanlarının böyük olmasıdır. Hamının susdurulmağa çalışıldığı ölkədə dilə ən böyük təhlükə elə bu deyilmi: ağızların qıfıllanması?!
Hələ mən onu demirəm ki, yaptokratlar sayəsində bu dilin heç öz doğma adı da yoxdur. Necə yəni Azərbaycan dili? Bəyəm Rusiya, Ingiltərə, Fransa… dili var? Nə vaxtdan dil millətin deyil, coğrafiiyanın adı ilə adlandırılır? Elə isə bunu məhz bizim dilin adı ilə bağlı tətbiq etməkdə Əliyevlər hansı məqsədi və niyə güdüb?!
Daha bir vacib məsələ. Rejimin başdan-başa bayağılıq, zövqsüzlük, mənasızlıq saçan telekanallarında dil normalarının pozulmasını monitorinq edən Dilçilik Institutu yaxşısı budur, gedib dörd cildlik “Azərbaycan dilinin izahlı lüğəti”ndəki biabırçılıqların qeydinə qalsınlar. Bu yaxınlarda həmin lüğət barədə bir yazı oxudum (müəllifi: Səxavət Sahil), həmin yazıdan bəzi parçaları təqdim edim, gerçək vəziyyətğ sizə də aydın olsun:
“Ikinci cild”in 768-ci səhifəsində “Kron” sözü belə izah olunur: “KROAN (alm.) Bəzi avropa ölkələrində pul vahidi, habelə həmin dəyərdə olan metal pul. Çexoslovakiya kronu”.
Ay başına dönüm, indi Çexoslovakiya var? Bu qədər məsuliyyətsizlik olar?
…Yerin-göyün “kompüterləşdiyi” bir əyyamda “Kompüter” sözü “Hesablayıcı elektron maşın” (Ikinci cild, səhifə 730) cümləsilə, yəni üçcə sözlə izah olunur. Əvəzində isə “Yengə” (Dördüncü cild, səh. 578) on iki sözlə və yazıçıların əsərlərindən misallar gətirməklə, üstəlik də köməkçi izahlarla birlikdə 70 sözlə izah olunur. Tərtibçilər haqqında onu deyə bilərəm ki, onlar həqiqətən də izahlı lüğətimizə əməlli-başlı “yengəlik” eləyiblər…
…Üçüncü cildin 40 səhifəsində “qapaq” sözü belə izah olunur: “QAPAQ is. 1. Hər hansı bir şeyin (qabın və s.-nin) üstünü örtən hissəsi. Sandıq qapağı, Qutu qapağı. Çaynikin qapağı”. Çaynik nə vaxtdan Azərbaycan sözü olub? Bəlkə, çaydan? Yenə həmin cilddə “SAR” (sərçələr sinfindən yırtıcı quş) sözünün əlavə izahı üçün atalar sözündə, Aşıq Ələsgərlə yanaşı, Xalq şairi Hüseyn Arifin “Tutun keçidləri, kəsin yolları; Tərlan oylağında sar görünməsin” misraları verilib. Lakin müəllif kimi H.Hüseynzadə yazılıb. Şairin imzası köhnə təxəllüslə yazılıb…
…Dördüncü cildin 60-cı səhifəsində serb sözünün izahı: “SERB is. Yuqoslaviyada yaşayan cənubi slavyan xalqının adı və bu xalqa məxsus adam”. 2011-ci ildə çap olunan bu lüğətə görə hələ də dünya xəritəsində Yuqoslaviya adlı dövlət var…”
Dilçi-alimləri bu vəziyyətdə olan ölkənin ana dili hələ salamatdırsa, hələ “ölü dillər” siyahısına düşməyibsə, böyük işdir, tarixi nailiyyətdir.
Bəlkə düz demirəm?!