Üç gün əvvəl orta çağların çox maraqlı simalarından biri Benedikt Spinozanın doğum günü idi. Ölümündən hardasa 350 il keçməsinə baxmayaraq, bu günün özündə də onun proqressiv düşüncəsinə ehtiyac duyan çoxlu xalqlar var – biz də daxil olmaqla.
Spinoza azadlığı “dərk edilmiş zərurət” adlandırırdı. Bu, onun tərəqqipərvər fikirlərinin ən önəmlisidir. Yəni, azadlığın əldə edilməsi onun dərk edilməsindən başlanır!
Atasının ölümündən sonra həyatda bir çox çətinliklər, məşəqqətlərlə üzləşən Spinozanın ilk işi o vaxtadək olan inanclarını sorğulamaq olmuşdu. Gəldiyi qənaətlər isə onun kafir elan edilməsi ilə bağlı fətva verilməsi və mənsub olduğu icmadan qovulması ilə nəticələndi. Elə dini fanatizmin qəzəbi və aqressiyası da Spinozanı bəşəri dəyərlərin, tərəqqipərvər idealların axtarışına çıxmağa sövq etmişdi.
Sonralar o, insanları Tanrını zəka ilə sevməyə çağıracaqdı. Çünki “sırf intellektual münasibətdə qorxu yoxa çıxır”. Çox sonralar Belinskinin dediyi kimi: “Insanlar bilmədiklərindən qorxurlar, öyrəndikcə, bildikcə onların qorxuları da bitir”.
Elə Spinozanın “Avropalı sufi” adlandırılmasında da görünür, onun inanc haqqında bu cür fikirlərinin rolu olmuşdu. Axı sufilər də Allaha münasibətdə qorxudan imtinanın tərəfdarı idilər.
Nə isə… Əslində, bu yazı Spinoza haqqında deyildi. Sadəcə, söz-sözü çəkdi, mətləbdən bir az uzaq düşdük. Hə, düz 350 il əvvəl yalnız hüquq və vicdan azadlığının qəbul olunduğu bir cəmiyyətdə sığınacaq tapmağın mümkünlüyünü hayqırır, hər cür azadlığı – istər fərdi olsun, istərsə də ictimai – şəxsiyyətin ən ali mövcudluq forması kimi qəbul və təlqin edirdi.
Aradan 350 il keçib. Dünyada hüquq və azadlıqların coğrafiyası 350 il əvvəllə müqayisədə şübhəsiz ki, xeyli genişdir. Amma eyni zamanda, böyük bir coğrafiyada hələ də modern köləlik, müasir quldarlıq hökm sürür, bütöv bir xalqa qarşı istismarçı gözü ilə baxanlar, onu rəiyyət kimi görənlər hakimiyyət başındadılar.
İstər-istəməz düşünür adam: doğrudanmı, həmin coğrafiyalarda üç əsr əvvəl gəlinmiş qənaəti – hüquqlarsız və azadlıqlarsız bir cəmiyyətdə normal, insan kimi yaşamağın mümkünsüzlüyünə dair sadə həqiqəti anlamaq, dərk etmək üçün bunca zaman kifayət deyildi? Doğrudanmı, elə bizim özümüzə belə, azadlığı dərk etmək və həyatımızın ən ali mövcudluq formasına çevirmək üçün hələ uzun zamanlar lazımdır?
Bunu pessimizm kimi qəbul etməyin. Belə görürəm ki, biz indi məhz və daha çox azadlığı dərk etmək problemi yaşayırıq, onu anlamaq və qiymətləndirməkdə çətinlik çəkirik. Illərdir minlərlə insan Azərbaycanda azad bir cəmiyyət adına hansı zillətlərə qatlaşır, amma əksəriyyətin onlara ironik münasibəti də göz önündədir. Belələrini Don Kixot hesab edənlər bəs deyincədir. Belələri hansısa repressiv addımla qarşılaşanda ilk səslənən isə bu sual olur: “Sənə bu lazım idi?”
Axı belə düşünənlərin çoxluq təşkil etdiyi yerdə azadlığı əldə etmək nə qədər asan ola bilər? Asan olsa belə, qorumaq nə qədər mümkündür? Elə bir əsrdə qurduğumuz iki Cümhuriyyətin ömrünün azlığında da bu faktor – azadlığın dərk edilmiş zərurətə çevrilməməsinin rolunu kim inkar edə bilər ki?!
Bizdə indi ancaq ictimai pisliklər azadlıq kimi sırınır. Yalan və yaltaqlıq – söz azadlığı kimi. Büdcəni talamaq, xalqın sərvətlərini oğurlamaq – iqtisadi azadlıq kimi. “Gülərgeyt işi”ndə deyilən “prezidentdən keçən siyahını pozdurmaq” – azad seçki kimi. Dubinka, gözyaşardıcı qaz, rezin güllə və icazəli mitinq – toplaşmaq azadlığı kimi və s.
Azadlığı məhz bu cür qavrayan, əksini anlamaqda çətinlik çəkən, azadlığı ən ali mövcudluq forması kimi dərk etmək istəməyən bir cəmiyyətdə proqressiv dəyişim çox çətindir, çox. Əlbəttə, xilas yolları tamamilə bağlanmayıb, ümidlər tamamilə itirilməyib, səylər davam etməlidir, sadəcə, heç vaxt belə fikirləşmək doğru deyil ki, proses uzun çəkdi, guya nəticəyə nail olmaq üçün 20 il çoxdur-filan. Əsla!
Bir ölkədə böyük çoxluq üçün azadlıq dərk edilmiş zərurət deyilsə, prosesin uzun çəkməsi də, ağrılı, əzablı keçməsi də təbii haldır.
Şikayətlənmək əvəzinə azadlığı daha çox insanımızın dərk və ali mövcudluq forması kimi qəbul etməsinə çalışmaq lazımdır. Əlbəttə, hərə öz imkanları çərçivəsində!