Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Son günlərin ən çox müzakirə olunan mövzusunu bilənlər bilir, bilməyənlərə isə nə isə anlatmağa ehtiyac yoxdur. Elə bilməsələr yaxşıdır. Ölkənin indiki vaxtında taleyüklü məsələlərdən xəbərsiz halda, kefləri kök, damaqları çağ yaşamağı özlərinə rəva görür, bunu bacarırlarsa, biz kimik onların keflərinə soğan doğrayaq, ovqatlarını, Xaliq Bahadırın gözündən və qulağından uzaq, təlx eləyək. Qoy belə də davam etsinlər, gedib öz mənasız teleserialları, Xoşqədəmləri, Elgizləri, Rafel-Coşqunları, Aşıq Telliləri, gül-bülbül şeirləri, Anar Rzayevləri, Ay Zaurları, Rəqsanələri ilə xoşbəxt yaşasınlar.
Ustad Sabirin məşhur misraları ilə desək: “Səs salma, yatanlar ayılar, qoy hələ yatsın, yatmışları razı deyiləm kimsə oyansın…”
“Tək-tək ayılan varsa da”, onlar Gürcüstanın Batum şəhərində keçirilən beynəlxalq tədbirdə vətənpərvərlik cildinə bürünmüş pulpərvərlərin Azərbaycandakı siyasi məhbuslar məsələsi ilə bağlı vay-şüvənindən, hətta bir az da irəli gedib ölkənin ən işıqlı insanlarından biri – Intiqam Əliyevin tədbirin keçirildiyi məkanda asılan şəklini cırmalarından, bununla da ağalarının onlara göstərdiyi etimadı ən rəzil formada doğrultmağa çalışmalarından xəbərdardırlar.
Intiqam Əliyev Azərbaycanın son onilliklərdə yaratdığı dəyərlərdən biridir. Böyük bir hüquqşünas ordusunun yetişməsində ömrünü şam kimi əridib. Bunu hətta Çingiz Qənizadə kimi biri də son müsahibələrinin hansındasa inkar etmədi, Intiqam bəyin xidmətlərini görməzdən gəlməyi bacarmadı.
Indi isə Batumdakı tədbirdə “erməni barmağı”nı bəhanə edib Azərbaycanda haqsız, ədalətsiz həbs edilənlərlə bağlı fotostendi yığışdırtmaqla gerçək üzlərini “vətənpərvər”, “dövlətçi” maskası altında gizlədənlər belə bir dəyərli adamın şəkilini cırmağı özlərinə rəva gördülər.
Mən bununla bağlı fotoya ürək ağrısı ilə baxdım. Ağlımdan iki fikir keçdi. Biri odur ki, Intiqam bəyin köməksiz, müqavimətsiz şəklini cırmaq olar, amma onun özünü əymək, sındırmaq, yox etmək, ən əsası, müdafiə etdiyi prinsipləri, uğrunda səylə çalışdığı, çabaladığı idealları – əsla!
Ikinci, Intiqam Əliyevin cırılmış şəkli mənə 1858-ci ildə Qubada baş verən bir hadisəni xatırladım. Bu hadisə barədə bir dəfə yazmışam, amma yenə xatırlatmaqda fayda var.
Həmin vaxt Azərbaycanın görkəmli maarifçilərindən Həsən bəy Zərdabi Qubada – ona böyük hörmətlə yanaşan məhkəmə hakiminin yanında katib kimi işə başlayır. Həsən bəy katiblikdən çox, yeni qanunları camaata başa salmaqla, onlara hüquqlarını anlatmaqla məşğul olur.
Bu isə ona rüşvətxor məhkəmə işçilərinin, pulgir vəkillərin, acgöz polislərin, fırıldaqçı tərcüməçilərin nifrətindən başqa heç nə qazandırmır. Niyə də nifrət etməsinlər ki? Zərdabinin ucbatından zərərə düşürlər, qaz vurub qazan doldurmaqdan məhrum olurlar.
Həsən bəyə özünü yığışdırması, camaatın gözünü açmaqdan əl çəkməsi üçün ard-arda xəbərdarlıqlar gəlir. Amma Zərdabi geri çəkilmir. Savadsız xalqa haqq və hüquqlarını anlatmağa davam edir.
Quru hədə-qorxulardan bir şey çıxmadığını görənlər Həsən bəyi aradan götürməkdən başqa çarələrinin qalmadığını anlayır, 1858-ci ilin soyuq bir mart gecəsi onun ölümünə fətva verirlər.
Zərdabi gecəyarısı hələ də işləyərkən kabinetinin pəncərəsindən açılan güllə xoşbəxtlikdən Həsən bəyin başının üzərindən keçir və divara dəyir.
Amma birdən-birə mənə elə gəldi ki, əslində həmin güllə 156 ildir yol gəlməyə davam edirmiş, bu 156 ildə Ömər Faiq Nemanzadəyə qıyan güllə də həmin güllə olub, Hüseyn Cavidə, Bəkir Çobanzadəyə, Vəli Xulufluya, Hacı Kərim Sanılıya dəyən güllə də.
Bu dəfə isə, obrazlı desək, həmin güllənin hədəfində azərbaycanlıların pozulan hüquqlarının davasını Avropayadək aparan, xalqın hüquq maariflənməsi üçün əlindən gələni və ondan artığını etməyə çalışan Intiqam Əliyevin şəkli vardı.
Illər və adlar dəyişsə də, bu ölkədə mahiyyətcə tətikçilər də, hədəfdəkilər də eynidir.
Nə qədər ağrılıdır, nə qədər əzablı, nə qədər kədərlidir, nə qədər ürəkbulandıran, nə qədər utancverici.
Adamın könlündən dəli bir ağlamaq keçməsin, neyləsin?!