Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Uca xalq, sevgili millət! Əvvəla hamınızı baş prokurorumuz Zakir Qaralovun Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv ölkələrin Assambleyasının növbəti il üçün sədri seçilməsi münasibəti ilə ürəkdən təbrik edirəm. Həqiqətən tarixi qələbədir. Milli mental nailiyyət, monumental hadisə, fundamental uğurdur. Kim bilir, dünən bu xəbəri oxuyandan sonra nə qədər erməninin ürəyi paxıllıqdan partlayıb ölmüşdür. Bu gedişlə, çox keçməz, Ermənistanda bir nəfər də sağ erməni qalmaz, biz də gedib rahatca oturarıq Qarabağda. Isa bulağında kabab çəkib Cıdır düzündə “Yallı” gedərik.
Yadınızdadırsa, hardasa üç il əvvəl, “ərəb baharı” çoxillik despotik rejimləri bir-birinin ardınca domino daşları kimi uçuranda bizdə yaptokratlar əl-ayağa düşüb tələm-tələsik “korrupsiyaya qarşı mübarizə” elan etdilər, hətta həmin vaxt Zakir müəllim çıxıb elə beləcə də demişdi: “Korrupsiyaya qarşı mübarizəni özümüzdən başlamalıyıq”. Unudulmaz cümlə, dəhşətli etiraf idi.
Sözüm onda deyil. “Korrupsiyaya qarşı mübarizəni özümüzdən başlamalıyıq” dedilər də, başladılar da. Nəticə göz önündədir. Hazırda ölkə həbsxanaları ağzınacan ictimai-siyasi fəallarla doludur. Hansı ki, onlar həm də ölkədə korrupsiyanın kökünün kəsilməsi üçün mübarizə aparırdılar.
Hələ bu harasıdır? Korrupsiya ilə analoqu olmayan mübarizə çərçivəsində xalqın sərvətlərini talayan, büdcə pullarını yeyib-dağıdan, xaricdə bahalı mülklər alan, ofşor şirkətlər yaradan xeyli meşəbəyi, feldşer, tibb bacısı, qatar bələdçisi də həbs edildi. Əcəb gözəl günlər idi. Gözümüzün qabağında konduktorlar, ofisiantlar, süpürgəçilər, “stoyanşiklər” bir nömrəli korrupsioner kimi qandallanır, Ziya Məmmmədovların, Kəmaləddinlərin cibinə girənlər, onların haqqını yeyənlər öz layiqli cəzasını alırdı.
Hazırda isə qətiyyətlə demək lazımdır ki, ölkəmizdə bir nəfər də korrupsioner qalmamışdır. Hətta iş o yerə çatmışdır ki, artıq Beynəlxalq Antikorrupsiya Akademiyasının üçüncü Assambleyası Bakımızda keçirilir, baş prokurorumuz Assambleya sədri seçilir, dünyanın dörd tərəfindən gələn qonaqlar korrupsiya ilə mübarizədə Azərbaycanımızın təcrübəsini öyrənməyin vacibliyi haqqında uzun-uzadı laqqırtı vururlar.
Düzü, mən bu Beynəlxalq Antikorrupsiya Akademiyasının adını ilk dəfə eşidirəm, nəmənə qurum olduğunu bilmirəm, heç bilmək də istəmirəm. Çox güman ki, hər nədirsə, bizim Milli Elmlər Akademiyası kimi bir zaddır. Elmsiz ölkədə Milli Elmlər Akademiyası varsa, adında antikorrupsiya olan hansısa Akademiya niyə korrupsiya ölkəsində Assambleya keçirməsin? Məntiqəuyğundur. Lap məntiqə uyğun olmasa, nə olacaq ki?
Onsuz da biz artıq çoxdan məntiqin itdiyi ölkədə yaşayırıq. Dünən sosial şəbəkələrdə belə bir xəbərlə rastlaşdım: bu yaxınlarda Istanbulda kitab fuarı keçirilib, bizdən də gedib orada iştirak edənlər olub. Qayıdanda özləri ilə həmin fuardan aldıqları kitablar gətiriblər, amma gəl gör ki, Bakı aeroportunda həmin kitabları xeyli çək-çevir ediblər. Məsələn, ermənipərəst olduğunu deyib Nobel ödüllü yazıçı Orxan Pamukun kitabını ölkəyə buraxmaq istəməyiblər.
Adam bilmir, gülsün, yoxsa ağlasın.
Əvvəla, Ilham Əliyevin sərəncamı ilə çap edilən 150 cildlik dünya ədəbiyyatı seriyasında yer alan müəlliflərdən biri məhz Orxan Pamukdur. Necə olur, burada dövlət büdcəsi ilə kitabı çap olunur, amma Türkiyədə çap edilən kitabının ölkəyə gətirilməsinə icazə verilmir?!
Ikincisi, elə həmin o areoportdan bir neçə il əvvəl Orxan Pamukun özünü Azərbaycana buraxmışdılar, gəlib burada Yazıçılar Birliyinin qurultayında möhtərəm qonaq kimi iştirak etmiş, Anar Rzayevli, Aydın Xanlı, hamı bəh-bəhlə onun qulluğunda dayanmışdı.
Və buyurun: müəllifi təmtəraqla, təntənə ilə ölkəyə buraxılan yazıçının kitabını ölkəyə buraxmırlar. Əcaib-qəraibliyi, anormallığı görürsünüzmü?!
Biz də durub ölkədə baş verənlərdə məntiq-zad axtarırıq. Doğrudan da, avaragor, bivec adamlarıq, vallah. Bircə başımızın gülləsi çatmır.