Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Dünən Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin, qısaca yazsaq, “Qaçqınkom”un xəbərdarlığını oxuyuram. Sən demə, kimlərsə qaçqın və məcburi köçkünlərdən pul alıb onlara “Qaçqınkom” xətti ilə tikilən binalarda mənzil veriləcəyini deyirlər.
Nəticədə xeyli vətəndaşımız aldanıb, indi də pullarının geri qaytarılması üçün “Qaçqınkom”dan kömək istəyirlər.
Komitə də vətəndaşlara xəbərdarlıq edir ki, belə vədlərə inanmasınlar, guya, həmin binalardakı mənzillər xüsusi yaradılmış komissiyanın iştirakı ilə yüksək şəffaflıq şəraitində həyata keçirilir-zad.
Bilirsiz burada ən önəmli məqam, cavab verilməsi gərəkən əsas sual nədir?
Axı niyə vətəndaşlar düşünürlər ki, kiməsə pul verib öz işlərini aşırmaq mümkündür?
Axı niyə onlar fikirləşirlər ki, yalnız rüşvət onları hansısa arzularına çatdıra bilər?
Əgər rüşvət, cibgirlik bu ölkədə idarəetmə normasına çevrilməsə, kiminsə ağlına gələrmi ki, payına düşən mənzili almaq üçün bir başqasına “şirinlik” versin?..
Bir də görürsən, xəbər yayılır: kimdənsə külli miqdarda pul alıb onu hansısa nazirlikdə işə düzəldəcəyini vəd verən şəxs yaxalanıb.
Normal, gəlişmiş ölkədə bu cür cinayət hadisəsinin baş verməsi mümkündürmü? Vətəndaş fikirləşsə ki, onun ölkəsində rüşvətlə vəzifə, karyera əldə etmək, hansısa işini aşırmaq mümkünsüzdür, kiməsə əli ilə verdiyi pulu sonra ayağı ilə axtarmağa başlayarmı?
Keçənlərdə tanış bir həkimin qəbuluna getmişdim. Yanında başqa bir xəstə olduğu üçün gözləməli oldum. Bir neçə dəqiqə sonra həmin xəstə çıxıb qapı ağzında onu gözləyən yaxınına heyrətdən gözləri bərəlmiş halda deyirdi: “Deyəcəm, inanmayacaqsan, pul götürmədi…”
– Bəlkə demək istəyib, azdır?
– Yox, əşşi, pulu acıqla atdı üstümə, dedi, get, ona dərmanlarını al.
Bu yerdə xəstənin yaxını nə desə yaxşıdı:
– Pul götürməyibsə, deməli, səni başından eləyib, yəqin, müayinə kağızlarına da heç düz-əməlli baxmayıb, gedək başqa həkim tapaq.
Mən həkimin ondan rüşvət almamasına heyrətlənən xəstəni də, rüşvət almayan həmin həkimin reseptinə şübhə ilə yanaşan xəstə yaxınını da qınamıram.
Məmləkətimin bütün bu əcaib-qəraib mənzərələrinin bircə günahkarı var – o da rejimdir!
Görün bizi nə vəziyyətə salıblar?
Mollaların müraciətinə sözardı
Qafqaz Müsəlmanları Idarəsi (QMI) “Azərbaycanda dəbdəbəli toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı əhaliyə müraciət” yayıb. Müraciətin məzmunu belədir ki, toy və yas mərasimlərində israfçılığa, dəbdəbəli qəbirüstü abidələrin ucaldılmasına son qoysunlar, çünki bu, islami qaydalara ziddir.
Azərbaycanda israfçılıq, təkcə toy və yas mərasimlərində baş vermir. Ən böyük israfçılıq neft-qaz pullarının gərəksiz yerlərə xərclənməsi ilə bağlı baş verir.
Kimsə müalicə üçün 10-15 min manat pul tapmır, amma 1000-2000 manat maaş alan məmur oğlu 200 min manatlıq “inomarkalarda” şütüyür.
Ölkədə bir nəfər də rəsmi milyonçu olmadığı halda, Bakıda bu qədər bahalı imarətləri, villaları kimlər və hansı pullar hesabına tikirlər?
Ən əsası: bunlar necə, “islami qaydalara” uyğundurmu?
Uyğundursa, daha nə düşmüsünüz toyların, yasların canına? Niyə bahalı körpü tikib yol çəkmək olar, bahalı toy etmək olmaz?
Uyğun deyilsə, bəs hörmətli mollalarımızın buna münasibəti, etirazı hanı?
Bernard Şounun o sözləri
“Azadlıq məsuliyyətdir, ona görə çox az adam ona can atır” – deyirdi Bernard Şou.
Onun bu sözlərinin konkret ünvanı yoxdur.
Amma birdən-birə mənə elə gəldi ki, Bernard Şou bunu həm də bizim – azərbaycanlılar haqqında deyib.