Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Xaricdən Azərbaycana daha çox tutuquşu gətirilirmiş. Yox, yox, bunu mən demirəm, yatıb yuxumda-zadda da görməmişəm. Bunu ölkəyə idxal olunan heyvanlarla bağlı açıqlama verən Dövlət Baytarlıq Xidmətinin rəsmisi deyir.
Və düşünür adam: ölkədə Az.TV-nin dediklərini təkrarlayan bunca insan varkən, xaricdən bir belə tutuquşu gətirilməsinə nə ehtiyac var görəsən? Ətraf tutuquşu qaynayır onsuz da.
Bizə təkrarın biliyin anası olduğunu öyrədərdilər uşaqlıqdan. Amma biz böyüyüb təkrarın az qala cümlə bəlalarımızın baiskarı olduğunu gördük. Hamı bir-birini təkrarlayır. Geyimlərdən tut beyinlərədək eyni. Fikirlər eyni. Sözlər eyni. Üzdən belə artıq bir-birimizə oxşayırıq: yorğun, kədərli, bitkin, əzablı, gülümsəməyi yadırğamış…
Səhər hansısa bir yaltaq şairi televizorda eyni inkişaf nağıllarını tutuquşu kimi ötdüyü yerdə qoyub evdən çıxırsan. Minirsən avtobusa, baxırsan o “tutuquşu” ilə qoşa oturacaqda əyləşmisən. Sadəcə, bu “tutuquşu” indi xalq şairi deyil, məsələn, əməkdar müəllimdir. Günorta baxırsan, onunla eyni tabutun altına çiynini vermisən, sadəcə, bu dəfə də o nə xalq şairi, nə əməkdar müəllimdir, tutaq ki, ikiqat həci, üçqat məşədi, beşqat kərbalayıdır. Axşam baxırsan, onunla artıq eyni toyda, bir masa arxasındasan. Bu dəfə isə yuxarıdakıların o heç biri deyil, uşağının təhsil haqqını ödəmək üçün kredit almağa zamin dura biləcək adam axtaran “prostoy vətəndaşdır”, tez-tez də təkrarlayır: “Nə olsun oğurlayırlar, amma ”zato” körpü də tikirlər”.
Və bütün bu eyniliklərin, təkrarların içində fərqli nəsə etmək, fərqli düşünmək, fərqli geyinmək, fərqli danışmaq istəyənlərin aqibəti də eyni: həbs, sürgün, təhqir, təhdid.
Fərqli hər şeyə qəzəb. Fərqli hər kəsə nifrət. Və eyniliklərə hüdudsuz sevgi.
Azərbaycanın bu günki faciəvi mənzərəsində ən qorxunc olan da elə budur. Və bu faciəvi mənzərə get-gedə daha da tündləşir. Eyniliklər çoxalır, olan-qalan fərqliliklər aradan qalxır. Hamı daha çox bir-birinə oxşayır: üzdən, gözdən, sözdən…
Hamı bir-birinin təkrarına çevrilir.
Bəlkə mən ölkədə yaradılan hazırki mənzərəni bu qədər tünd qara boyalarla təsvir etməkdə haqsızam. Ola bilər, yanılıram. Təzəlikcə həbsxanadan müsahibəsinin sonunda Yadigar Sadıqov, deyəsən, belə demişdi: “Ən qaranlıq an – şəfəqdən öncəki andır”. Bəlkə doğrudan da belədir. Ola bilər.
Amma bu da insanın iztirablarını azaltmır. Eyniliklərin yaratdığı bozluq və boşluq bıçaq kimi sümüyünə işləyir adamın, ruhunu zorlayır, sanki bir uçurumun kənarındasan – irəli bir addım və son. Başında beyin yerinə, peyin daşıyan çoxluqdan həmişəlik xilas və əbədi dinclik.
Yox, mən qətiyyən gələcəklə bağlı ümidsiz deyiləm. Aydındır ki, sonsuzadək bu cür davam edə bilməz. Əsas o deyil ki, hər şeyin yaxşılığa doğru dəyişdiyini səndən əvvəlkilər kimi, sən özün də görməyə bilərsən. Əsas odur ki, o günü görməyə sənin ömrün çatmasa belə, hər şey onsuz da yaxşılığa doğru dəyişəcək.
Sadəcə, məsələ budur: niyə mütləq əksəriyyət bir beyinlə düşünüb, bir ağızla danışmaq istəyir? Bəs onun özünün gözlərinin, qulaqlarının, dilinin funksiyası nədən ibarətdir? Görə-görə görməmək, eşidə-eşidə eşitməmək, danışa-danışa susmaq niyə bu qədər asan olmalıdır axı? Doğrudanmı, eyniliklərin bu qədər əzici üstünlüyü, təkrarlar üzərində qurulmuş həyat az bir qismi çıxmaqla heç kimi yormur, bezdirmir? Evlərini rəngbərəng bəzəyirlər, amma ölkələrinin bir rəngə bürünməsinə səssizdirlər, təpkisizdirlər. Niyə axı, niyə?
Yox, mən indi bu sualları ona görə vermirəm ki, cavabları mənə maraqlıdır. Ya da guya mənim özümün bu suallara heç bir cavabım yoxdur. Qətiyyən. Sadəcə, bəzən hətta cavabını bildiyin sualları soruşmaq, dilə gətirmək belə, insanı rahatladır, uçurumun düz kənarında dayanıb irəli doğru bir addım atmaqdan qoruyur.
Bu işlərin axırı necə olacaq, yaxşı olacaqmı?
Əlbəttə, yaxşı olacaq.
Bunu belə əminliklə ona görə yazmıram ki, tarixin gedişatı belə deyir. Ona görə yazmıram ki, başqa xalqların təcrübəsi belə deyir. Ona görə yazmıram ki, oxuduğum bütün kitablar bunu deyir.
Ona görə yazıram ki…
Ona görə yazıram ki, istəyirəm, doğrudan da yaxşı olsun.