Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Son 20 ilin ən ağır dövrünü yaşayırıq. Bu illər ərzində heç bir zaman eyni vaxtda bir belə parlaq sima həbsə atılmamışdı. Resurslar da heç vaxt bu qədər azalmamışdı: sərbəst toplaşmaq azadlığı yoxdur, azad söz adına vur-tut bir-iki tribuna qalıb.
Ən əsası isə xalq prosesdən tamamilə təcrid olunub. O, reaksiyasızdır. Hərəkətsizdir. Burada ölkədə yaradılan xof mühitinin rolu böyükdür. Həlledici səbəbdir bu.
Amma yeganə səbəb deyil. Şübhəsiz ki, başqa səbəblər də var.
Əksəriyyət bir qarın çörək dərdindədir. Kredit bataqlığı toplumun böyük bir hissəsini udub. Quş dimdiyindən tələyə düşdüyü kimi, bizdə də çoxluq kredit tələsində çapalamaqdadır. Onlara demokratik, hüquqi dövlət qurmaq, Azərbaycanı azadlıqları, insan haqlarına hörmət duyulan bir ölkəyə çevirmək barədə danışsan ən yaxşı halda əllərini yelləyib, başını bulayıb sakitcə yanından keçəcəklər.
Digər bir səbəb kütləvi yorğunluq hissidir. Nə demək istədiyimi ictimai nəqliyyatdan istifadə edənlər yaxşı başa düşərlər. Orada aqressiv və kədərli üzlərdən başqa nə görürsünüz? Əksəriyyət oturacaqda, bəzən lap elə ayaq üstəcə mürgüləyir. Bu əsla və əsla xırda bir detal deyil. Əksinə, cəmiyyətin ictimai, siyasi və mənəvi halının ifadəsidir, toplum da ətrafında baş verənlərə bax belə – yuxulu gözlərlə, yorğun nəzərlərlə baxır.
Nədir bu kütləvi yorğunluğu, mürgünü yaradan? 20 il əvvələdək hərəkətli bir ölkədə yaşayırdıq. Müharibə də vardı, daxili çəkişmələr də, maddi ehtiyaclar da vardı, digər narahatlıqlar da. Amma əsas o idi ki, gələcəklə bağlı xoş gözləntilər, ümidlər də çox idi. Insanlar ölkənin taleyinin müəyyənləşməsində aktiv, birbaşa iştiraka can atırdılar, vaxt, güc, enerji sərf edirdilər. Indikindən qat-qat fərqli – coşqun, qaynar bir ruh, ab-hava hökm sürürdü. Durğunluq həyatımıza yad idi. Elə bir ev, ailə tapmaq çətin idi ki, orada ən azı bir-iki nəfər hansısa siyasi təşkilatla bağlantılı olmasın. Azərbaycan insanı tarixin heç bir dönəmində bu qədər siyasiləşməmiş, sosiallaşmamışdı.
O illərdə məktəbli olan bizlərin belə sinif otaqlarında öz aramızda, uşaq ağlımızla müharibə, Ali Sovetin, Milli Məclisin canlı yayımlanan sessiyaları ilə bağlı necə həvəslə mübahisələr, müzakirələr apardığımızı xatırlayıram. Siyasi mövzularla, ölkədə baş verənlərlə bağlı suallar hətta biologiya, fizika, kimya dərslərimizə də “burnunu soxar”, həmin suallar müəllimlərimizi də həvəsləndirər, öz yozumlarını, fikirlərini həvəslə dilə gətirərdilər.
Amma sonra?
Amma sonra ya vəlvələdən, ya zəlzələdən gözləntilər doğrulmadı. Ümidlər suya düşdü. Tədricən böyük bir xəyal qırıqlığı yarandı. Ən əsası isə toplumun enerjisi cəmi bir neçə ildə xərclənib qurtardı, onun bərpasına isə illər tələb edilirdi. Bunu hazırki rejim də bildiyi üçün mümkün yollarla başından bəri həmin enerji bərpasına mane olmağa çalışır: həbslər də bunun üçündür, xalqı çörəklə sınağa çəkmək də. Kim bilir, elə son “üç günlük müharibə”nin sirlərindən biri də bəlkə elə bu idi: yığılmış az-çox enerjini qəfil eyforiya ilə boşaltmaq.
Digər tərəfdən, gəlin razılaşaq ki, biz siyasi, inqilabi proseslərdə heç də tamamilə bərkiməmiş xalqıq. Etiraz tariximiz, protest keçmişimiz kifayət qədər zəngin deyil. Bizi Xudayar bəylərdən, Şeyx Nəsrullahlardan o qədər də böyük bir zaman məsafəsi ayırmır. Üstəlik, ən yaxın tarixdə bir neçə dəhşətli travma yaşamalı olmuşuq. Bura ilk Cümhuriyyətin iflasından tut, bir əsrdə iki dəfə torpaq itirməyədək, 1937 repressiyalarından tut ikinci Cümhuriyyətin acınacaqlı taleyinədək mütəmadi təkrarlanan ağır, ölümcül zərbələr, ruhumuzda, şüurumuzda dərin yaralar açan qorxunc qəzalar daxildir. Üstəlik, heç cür qurtula bilməydiyimiz mental düşüncə tormozlayıcı hegemoniyası… Ona görə də toplum olaraq gücümüzün, enerjimizin tez tükənməsi kimi tez də bərpa olunmasını gözləmək bəlkə də bir az sadəlöhvlükdür.
Amma ümidverici odur ki, sadaladığımız zərbələrin heç birindən sonra tamamilə yox olmadıq, tükənmədik. Suyun axdığı yerdən bir daha axacağına hər zaman inandıq və heç vaxt yanılmadıq.
Yenə də inanırıq.
Yenə də yanılmayacağıq.