Hazırda, bütün dünyada “Oşo” kimi tanınan məşhur hindli Çandra Mohan Racniş haqqında oxuyuram, olduqca maraqlı, təbəddülatlı həyat yaşayıb.
Ölümü isə müəmmalarla örtülüdür.
Oşo 1990-cı ildə, 59 yaşında vəfat edərkən artıq həbsdə idi. Onu beş il əvvəl həbs etmişdilər. Dünyasını dəyişməsində hətta ABŞ agentura şəbəkəsindən də şübhələnirdilər, deyilənə görə, Oşonu türmədə zəhərləmişdilər.
Onun çıxışları, mühazirələri Hindistanda hər zaman mübahisələrə yol açıb. Az qala bütün ölkəni gəzərək insanları mühafizəkar anlayışlara, ənənəvi inanclara qarşı aydınlatmağa çalışıb. Əvəzində isə bir çox təbəqələrin kəskin münasibəti, aqressiv reaksiyaları ilə qarşılaşıb.
Məsələn, Oşonun dinə münasibəti bu kəsimdən olan insanlarda qəzəb yaradırdı. Oşo, dinlərin insanlara həyatın yalnız iztirablardan ibarət olmasına qarşı çıxır, hesab edirdi ki, əslində dinlər insana həyatdan zövq almağı, onu sevməyi öyrətməlidir.
Oşonun mülahizələri arasında diqqətçəkən bir məqam var, bu günümüz Azərbaycanı üçün də aktual bir məsələdir. O, hesab edirdi ki, “cəmiyyətə mütləq şəkildə təslim olmaq, tamamilə onun əsiri olmaq lazımdır. Çünki cəmiyyət ancaq kölələrə, ruhunu öldürmüş adamlara hörmət edir”.
Əlbəttə, bu xeyli dərəcədə ikrahla və ironiya ilə deyilmiş fikirdir.
Çünki Oşo özü toplumun çeşidli təbəqələrinin qəzəbindən, nifrətindən az dadmamışdı.
Onun yuxarıda da dediyimiz kimi, bir çox fikirləri hiddətə yol açırdı.
Cəmiyyət özünün əsrlərcə daşıdığı dəyər və inanclara qarşı Oşonun fərqli baxışlarını sinirə bilmirdi.
Indi eyni əhval-ruhiyyə Azərbaycan cəmiyyətinə hakimdir. Burada yüzillərlə daşlaşmış, betonlaşmış mental düşüncəyə tənqidi münasibət çoxluqda aqressiya yaradır. Ənənəviliyə mütləq inam və itaət – bizdə yalnız belələrini qeyd-şərtsiz sevir, ona hörmətlə yanaşırlar.
Bunu həm də bizdəki mövcud Sistemin mahiyyəti tələb edir. Sistem öz idarəetmə gücünü məhz cəmiyyətin “toxunulmaz” saydığı mental dəyərlərdən alır; bu “toxunulmaz” ənənəvi dəyərlər sistemi həm də hazırki Sistemi “toxunulmaz” edir.
Mental düşüncə yeniliyi və dəyişimi sancı, aqressiya, top-tüfənglə qarşılayır. Bu isə Əliyevçi rejimin işinə yarayır. Düşüncələr nə qədər boyat, şüurlar nə qədər durğun, fikirlər nə qədər geriçi olarsa, Sistem üçün də təhlükə bir o qədər azalır.
Elə ona görə də cəmiyyətin yenilik, dəyişim istəyən insanlara qarşı nifrəti belələrinə rejimin bəslədiyi nifrətə bərabərdir. Biri digərini tamamlayır. Biri digərini yaradır və inkişaf etdirir.
Gəlin özümüzü aldatmayaq: bu cəmiyyətdə nə qədər ali bəşəri dəyərlərlə yaşayan biri olsanız belə, sizə heç vaxt altında “CIP”i, yüksək vəzifəsi, fəxri adı, yüksək orden-medalı ola birinə bəslənən hörmətin mində biri qədər hörmət bəslənməyəcək. Yaltaqlanaraq, oğurlayaraq mənsəb, sərvət, karyera, komfort sahibi olmamısınızsa sizi ya fərasətsiz hesab edəcəklər, ya da dəli. Sizə “Don Kixot” deyib güləcəklər.
Cəmiyyətin qınaq və gülüş hədəfi olmaq istəmirsinizsə, cəmiyyətin sizi öz sevimlisi hesab etməsini istəyirsinizsə, Oşo dediyi kimi, özünüzü bütünlüklə ona təslim etməlisiniz. Tutaq ki, seçki qutusuna bülleten atmağı ayıb saymamalısınız, axı evdə balalarınız var. Yaltaqlanmaqdan utanmamalısınız, əsas odur ki, bir tikə çörəyinizi qazanırsınız. Rüşvət almaqda pis nə var, bəyəm başqaları da almır? Yalan danışmağın nəyi pisdir, düz danışıb düzdə qalmalı deyilsən ki?
Indi bizdə bax bu düşüncələri legitimləşdiriblər. Bu düşüncələrlə yaşamağı normaya çeviriblər. Əks halda isə bu – milli-mənəvi dəyərlərə qarşı çıxmaq, nəticədə antimilli ünsürə çevrilmək, milli satqın olmaqdır.
Hər şey daha aydın olsun deyə, Sistemin həbs və təltif etdiyi adamlara baxın.
Sistem o adamları şərləyərək həbs edir ki, onlar cəmiyyətin beynini aydınlada, cəmiyyəti zərərli mental düşüncələrdən arındıra bilər.
Və Sistem o adamları ödülləndirir ki, onlar cəmiyyətdəki hakim mental ənənələrə təslim olurlar, həmin ənənələri gücləndirir, möhkəmləndirir, bununla da həm də Sistemi yox olmaq, dağılmaq qorxularından sığortalayırlar.
Başqa sözə ehtiyac varmı?