Indi Azərbaycanda ən sadə həqiqəti dilə gətirməklə böyük tozanaq qaldıra, ajiotaj yarada, asanlıqla qəhrəmana çevrilə bilərsən. Bu, ölkədəki mənəvi derqedasiyanın həddini göstərir. Kiminsə, hansısa situasiyada düz danışması niyə belə sevinclə, toy-bayram kimi qarşılanır? Axı bunda qəribə nə var? Normal olan da həyatda elə doğru danışaraq, həqiqəti söyləyərək, yalansız-filan yaşamaq deyilmi?
Hər hansı düz sözün, fikrin səslənməsindən toy-bayram düzəltməyimizin səbəbi odur ki, artıq həqiqət ölkədə defisitdir. Doğru danışmaq nadir hadisədir. Həqiqəti deyəni dəli hesab edirlər. Yalansız yaşamaq “Don Kixotluq” sayılır.
Yaxud bir də görürsən, kimsə çıxıb yaltaqlıq etməməsini böyük qəhrəmanlıq kimi təqdim edir. Razıyam, ilin-günün bu vaxtı, Əliyevlərin Azərbaycanında məddahlıq etməmək az iş deyil. Kiməsə tərif oxumadan, kiməsə əyilmədən, şahsevənlik eləmədən, qul haqqı yeyənlərə, məzlumun ahını alanlara tost söyləmədən yaşamağın özü indi bir hünərdir. Amma bəs əslində, necə olmalıdır? Əslində, bu cür yaşamaqda hansısa böyük mərifət, hansısa qeyri-adilik axtarmağa dəyərmi? Bəyəm yaltaqlanmamaq insan olmağın ən adi şərtlərindən biri deyilmi?
Bir daha dediyim odur ki, əgər indi bizdə kimsə yalan danışmayanda, kimsə yaltaqlanmayanda bu az qala, dünyanın 8-ci möcüzəsi kimi qəbul olunursa, bu, bizim toplum olaraq nə qədər dəhşətli bir deqradasiya içində olduğumuzu göstərir. Görün ölkə nə vəziyyətə gəlib – gətirilib ki, doğru danışanda adamların gözü alacalanır, heyrətdən başının tükləri biz-biz durur.
Bu, çox ağrılı, kədərli mənzərədir. Büdcə pullarının dağıdılmasından daha dəhşətli, utancverici haldır. Çexov yazırdı ki, “yalan onu dinləyən üçün təhqirdirsə, danışan üçün ikiqat təhqirdir”. Amma indi bunu bizdə belə qəbul edən nə qədər adam var? Yalan artıq adiləşib, normadır. Yaltaqlıq da həmçinin. Heç oğurluq da artıq ayıb iş kimi qəbul olunmur. “Arvad-uşaq saxlamağın”, “bir qarın çörək qazanmağın” məqbul yolu hesab edilir. Yalanla, yaltaqlıqla karyera qurmaq, komfort həyat qazanmaq, hətta “fərasətli” olmağın görsənişi sayılır. “Bacarana baş qurban!” – hətta belə düşünənlər də var. Hesab edirlər ki, sən hansısa yalançını, yaltağı ona görə tənqid və ifşa edirsən ki, onun paxıllığını çəkirsən, özün bunu bacarmadığın və bir qarnı ac, bir qarnı tox yaşamağa məhkum qaldığın başqalarının da düz danışıb düzdə qalmasını istəyirsən.
Bax, belə bir qorxunc, utancverici vəziyyət yaranıb-yaradılıb ölkədə.
Ona görə də qəfildən kimsə çıxıb ən adi bir həqiqəti dilə gətirəndə sevincimizdən az qalırıq göylərə uçaq. Kimsə çıxıb yaltaqlanmayanda, tənqidi fikir söyləyəndə şoka düşürük, uzun müddət qulaqlarımıza inana bilmirik.
Bu mənzərənin yaradılması Azərbaycana vurulan yaraların ən qorxuncu, ən amansızıdır. Bizə şüurlardakı bu yuyulmanı, bu kütləvi deqradasiyanı aradan qaldırmaq üçün neçə onillər lazım olacaq, kim bilir. Həmin yaraları sağaltmaq üçün əlavə nə qədər güc, enerji sərf etmək lazım gələcək.
Indi isə yaşadığımız hər gün, nəinki hər gün, hər saat, hər dəqiqə o yaraları bir az da dərinləşdirir. Yaşadığımız hər gün, nəinki hər gün, hər saat, hər dəqiqə o yaraları sağaltmaq üçün gələcəkdə bir az da çox vaxt, güc, enerji sərf etməyimizə bais olur.
Sonda: dünən daha bir siyasi sifarişli həbs xəbəri eşitdik. Bu dəfə sıra Seymur Həziyə çatdı.
Lap hamını həbs etsinlər, ya da, lap hamını satın alsınlar. Axı bu nəyi dəyişir?
Hələ min illər əvvəl Siseron deyirdi: “Həqiqət özü-özünü müdafiə edir”.
Bəli, lap meydanı hamıdan təmizləsələr belə, bu, hələ qələbə demək olmayacaq. Lap heç kim olmadan da həqiqət özü özünü müdafiə etmək gücündədir. Onun yalandan ən böyük üstünlüyü də elə budur.