Uzun illərdir ölkədə taleyüklü məsələlərdən danışa, yaza bilməyən xeyli adamın baş girlədiyi ənənəvi mövzular var. Onların başında yas və toy mərasimlərində israfçılıq gəlir. Büdcə talanır, offşor şirkətlər millətin sərvətlərini sümürür – veclərinə deyil. Veclərinə olsa belə, danışmağa, yazmağa cəsarətləri çatmır, ya da buna Sistemdən umacaqları, təmənnaları yol vermir, amma kiminsə ölüsünə zəngin ehsan süfrəsi açmasını dərhal məmləkətin bir nömrəli problemi halına gətirirlər.
Demirik ki, bu problem deyil. Əlbəttə, problemdir. Azərbaycandakı toy və yas mərasimlərinin təqdir ediləcək heç bir yanı yoxdur. Bu öz yerində.
Amma heç bir problem Sistemin mahiyyətindən kənarda dəyərləndirilə bilməz.
Biz bu günlərə məhz Sistemin özünə görə doğru, çağın ruhuna görə isə yanlış yönləndirmələri sayəsində gəldik. “Nə dəxli var” deməyin. Çox dəxli var. Əlindəki telekanallarla, radiostansiyalarla, internet saytları ilə gecə-gündüz çalışıb Səməd Səmədovu əvvəlcə “Toylar kralı”na çevirərək sonra onu sizin “xalq artisti”niz elan edən bir Sistemdən danışırıq.
Ya da birdən-birə, böyük sürətlə bu qədər kütləvi şadlıq sarayı, müğənni, tamada istehsalı özfəaliyyətdirmi sanki? Sistem öz telekanalları ilə hər gün, hər dəqiqə toyxana təfəkkürünün carçısı kimi çıxış etmirmi? Bu, bir yandan xalqı talan etməyin başqa bir yoludur. Hər şadlıq evinin arxasında kiçik, yaxud iri buynuzlu bir məmurun dayandığını bilməyənmi var? Digər yandan, bu, beyinləri zombiləşdirməyin, kütləşdirməyin, bayağılığı, zövqsüzlüyü həyat və düşüncə normasına çevirməyin növbəti vasitəsidir.
Mən öz aləmində toylarımızın səviyyəsinə acıq edib şadlıq saraylarına getməyənlərə gülürəm. Istədiyiniz qədər getməyin. Axı bu nəyi dəyişir? Onsuz da Sistem televiziyaları hər gün həmin o toyxana estetikasını, tamada təfəkkürünü sizin evlərinizə daşımaqla məşğuldurlar.
Təkcə toylarla bağlı da deyil. Falçıları, cadugərləri televiziyaları ilə hər gün, məqsədli şəkildə evimizə, oradan beynimizə dolduran kimdir? Məqsəd nədir?
Indi guya, yas mərasimlərindəki israfçılığın qarşısını almaq üçün ehsanlarla bağlı yasaqlar qoyulub. Nə dəyişəcək? Əmin olun, heç nə.
Əvvəla, ehsanda banan vermək pisdir, amma bananı belə inhisarda saxlamaq yaxşı?!
Ikincisi, bu cür problemləri sadəcə, inzibati, administrativ yollarla həll etmək təcrübəsi yoxdur. Hətta xoşməramlı yasaq da uğurlu heç nə vəd etmir. Azərbaycandakı böyüklü-kiçikli istənilən problem yalnız çağdaş, sivil, mədəni, modern dövlət və cəmiyyət qurmaqla həllini tapa bilər.
Heç kimi aldatmaq lazım deyil. Ağlı başında olan hər kəs başa düşür ki, Zaur Qurbanlı kimi aydın, savadlı, topluma doğru örnək ola biləcək gəncləri şərləyərək türmələrə doldurub, hansısa telekanaldakı Ay Zauru az qala milli kimlik nümunəsi göstərənədək, təqdim edənədək, ölkədə, hətta ən xırda bəlanın belə, aradan qalxmaq imkanı yoxdur.
Üzeyir Məmmədliyə doğum günü təbriki
Üzeyir, əziz dost! Əminəm ki, Sən, illərdir apardığımız və indi Səni həbsə qədər götürən bu tarixi mücadilənin mahiyyəti ilə bərabər, məhrumiyyətlərini də ən yaxşı anlayan, bu səbəbdən də hər bir çətinliyə öncədən hazır olan dostlarımızdansan. Bunu Sənin o gur, alovlu, üsyankar səsindən hiss etmək çətin deyil. Inanıram ki, Sən və digər dostlarımız həbsxanadan tezliklə daha möhkəm, daha hazırlıqlı şəkildə çıxacaqsınız.
Bu ölkə enində-sonunda sizlərin idarə etdiyi, aydın və azad gələcəyin qalib gəldiyi ölkə olacaq. Mən bunu əsla pafos üçün yazmıram. Tarixin məntiqinə, axışına ən uyğun olan budur.
Bernard Şou deyirdi ki, “əgər getdiyiniz yolda çətinlik və maneə yoxdursa, bilin ki, o yol sizi heç bir yerə çatdırmaz”.
Üzeyir, əziz dost, əmin ol ki, Sənin və bütün mübarizə dostlarımızın qarşılaşdığı çətinliklər, maneələr aşılacaq və yolumuz mənzil başına çatacaq.
“Yaşamağa və azadlığa o adamlar layiqdir ki, hər gün onların uğrunda döyüşür” – bunu da Höte yazmışdı.
Üzeyir, əziz dost, Sən yaşamağa və azadlığa layiq olanlardan birisən.
Gözlərindən öpürəm, əziz dost, ad gününü təbrik edirəm, Səni hərarətlə bağrıma basıram!