Əliyev rejiminin tikdiyi körpülərin təyinatını get-gedə daha aydın görürük. Həftə səkkiz, mən doqquz Bakıdakı körpülərin birindən intihar xəbəri gəlir. Dünən də istisna olmadı: Zərdab rayonunun icra başçısı 64 min manat pulunu mənimsədiyi, bu günədək səsi heç bir əlaqədar qurumda eşidilməyən vətəndaş Koroğlu körpüsündən özünü atmaq istədi.
Yaptokratlar tikdikləri yollarla, körpülərlə öyünürlər həmişə. Bizimsə illərdir yazmaqdan əlimiz, söyləməkdən dilimiz qabar olub: yol, körpü tikməkdə deyil məsələ. Əvvəlcə cibinizin ağzını tikin. Əvvəlcə xalqın sərvətlərini talamaqdan əl çəkin. Əvvəlcə hüquqa hörmət edin. Əvvəlcə ədalətli olun.
Əks halda tikilən körpülərin intihar etmək istəyənlərin ünvanına çevrilməsindən təbii nə var?
“Xəstəxana tikirik” deyirlər, amma azərbaycanlılar ucuz və keyfiyyətli müalicə, müayinə üçün Irana axışır.
“Məktəb tikirik” deyirlər. Nəticə? Iləbəil buraxılış imtahanlarında “2″ qiyməti alanların sayının artdığını özləri etiraf edirlər.
Səbəblər aydındır. Ölkə doğru idarə edilmirsə, yalan, talan, oğurluq idarəetmə normasına çevrilibsə, tikilən, təmir edilən nə varsa, “həpsü rəngidür” (Səməd Mənsur), görüntüdür, formallıqdır. Ölkə özü doğru yolla getmirsə, orada istədiyin qədər yol çək, anlamı nədir? Sistemin ölkəni yönəltdiyi yolların hamısı bizi geriyə, orta çağların qaranlığına sürükləyirsə, bizi çağdaş dəyərlərdən, müasir yaşam, düşüncə standartlarından uzaqlaşdırırsa, lap müasir standartlara uyğun yollar çəksən, nə mənası var?
Əgər “ulu öndər”in “yolun bir hissəsi” adlandırdığı körpülər əslində korrupsiyanın, yağmaçılığın bir hissəsidirsə, insanlara onun üzərindən keçməkdən çox, onun üstündən özünü atıb intihar etməkdən başqa yol qalırmı?
Azərbaycanın bu gün körpüdən, yoldan, olimpiya-idman kompleksindən çox ədalətə ehtiyacı var. Həm də təcili! Yalnız ədalətin bərqərar olduğu yerdə başqa nə varsa, dəyər və anlam qazana bilər.
Bəzən bizi qınayırlar ki, hər şeyi siyasiləşdiririk, hər şeydə ictimai-sosial bəlaların izlərini axtarırıq. Bəs başqa necə olmalıdır? Elə dünənki intihara cəhd yalnız bir vətəndaşın bir icra başçısına üsyanı deyildi ki? O özünü körpüdən atmağa çalışmaqla həm də haqlı şikayətlərini dinləməyən indiyədək şikayətlərini eşitməzdən gələn Prezident Administrasiyasına, onun haqlarına sahib çıxmayan Baş Prokurorluğa, polis orqanlarına etiraz etmirdimi? Görürsünüz, bir vətəndaşa qarşı ədalətsizlikdə az qala bütün Sistem iştirak edir. Bir ölkə 21-ci əsrdə bu cürmü idarə olunmalıdır? Bir ölkənin vətəndaşı 21-ci əsrdə belə rəftarla, tale ilə üzləşirsə, bunun adı nədir? Ona da siz qərar verin.
Ədalətsizliyin olduğu heç yerdə təsadüfi qəza, bədbəxt hadisə olmur. Ədalətsizliyin hökm sürdüyü yerdə hər ölüm əslində bir qətldir. Ədalətsizlik elə bir böyük bəladır ki, onun fəsadlarını, onun yaratdığı faciələri, yaşatdığı dəhşətləri, vurduğu yaraları nə musiqili fontanlarla, nə “Alov qüllələri” ilə, nə ən uzun bayraq dirəyi ilə, nə üzü ağardılmış binalarla ört-basdır etmək, malalamaq mümkündür.
Lap Heraklit dediyi kimi: “Ədalətsizliyin qarşısını yanğından tez almaq lazımdır”.
Yalnız ondan sonra körpülər doğrudan da, yolun bir hissəsi olacaq, amma intihara, ölümə gedən yolun yox, ölkəni irəli aparan, çağdaşlığa, demokratiyaya, hüququn üstünlüyünə, azadlıqların toxunulmazlığına aparan, ləyaqətli yaşama aparan yolun!