Yadımdadı, bir müddət əvvəl edamların sayına görə Çindən sonra dünyada ikinci olan Iranın ali dini rəhbəri ən sevdiyi bədii kitabın “Səfillər” romanı olduğunu demiş, hamıya mütləq bu romanı oxumağı məsləhət görmüşdü. Təzəlikcə isə alovlu yapçı Siyavuş Novruzov bir müsahibə verib, orada da deyib ki, “Səfillər” romanını oxumayan adamda nəsə çatmır. Amma çatışmayan o “nəsə”ni açıqlamayıb. Beləcə, avtomatik olaraq sual yaranıb: bəs niyə bəzən, lap Novruzovun öz timsalında desək, “Səfillər”i oxuyan adamda da “nəsə” çatmır?
Bu suala sonda qayıdacağıq.
Hələliksə onu deyək ki, bəli, zülmü sevənlərin və dəstəkləyənlərin zülmə qarşı yazılmış bu nəhəng, əvəzolunmaz kitab haqqında belə yüksək fikirləri adamda ilk baxışda ikrah və ironiya doğurur. Soruşmaq istəyirsən ki, “Səfillər”i oxuyub başa düşmüsənsə, bəs niyə özün də zülm edirsən, bəs niyə özün də zülmün yanındasan, bəs niyə həyatda Tenardyelik etməklə məşğulsan. Amma soruşmamaq da olar. Çünki məsələ yalnız “Səfillər”də deyil ki! Onsuz da dünya ədəbiyyatında elə bir qüdrətli əsər tapmaq mümkündürmü ki, o, Siyavuş Novruzovun təmsil etdiyi idarəetmə tərz və təfəkkürünə qarşı olmasın? Neyləsinlər, hərdən məcbur qalıb oxuduqları bir əsər adı çəkməlidirlər, amma gəl gör ki, o əsərlərin heç biri bu rejimin zülm ocağına odun atmır. Əksinə, bütün yaxşı kitablar, bütün dahi yazıçılar, ümumiyyətlə, bütün həqiqi ədəbiyyat inkivizasiya tonqallarının üstünə su səpmək, onları söndürmək işinə xidmət edir.
Bəlkə Albert Kamyunun “Taun”u bu rejimə qarşı deyil?
Bəlkə Servantesin “Don Kixot” bu rejimə qarşı deyil? Bəlkə Çexovun hekayələri, bəlkə Sviftin “Qulliverin səyahəti”, bəlkə Biçer-Stounun “Tom dayının daxması”, bəlkə Corc Oruellin “Heyvanıstan”ı, bəlkə Steynbekin “Qəzəb salxımı”, bəlkə Drayzerin “Kerri bacı”sı zülmə züy tutur, yalanı, yaltaqlığı, köləliyi, qorxaqlığı, oğruluğu, əliəyriliyi vəsf edir, bizim xəbərimiz yoxdur?
Dediyim odur ki, Siyavuş Novruzov və qeyri-yapçı istənilən başqa klassikləşmiş əsərin də adını çəksə belə, yenə də mənzərə dəyişməzdi. Onların “Səfillər”dən başqa istənilən bir qüdrətli kitab barədə bəh-bəhli sözləri də ironiya və ikraha yol açardı. Eyni suallar yaradardı: bu kitabı doğrudan da oxuyub, anlayıb, oradan “baqaj”ına bir şey qoymusansa, bəs nədir zülmə bu aşiqliyin? Bəs nədir haqsız, ədalətsiz bir Sistemin müsəlləh əsgəri olmağın? Bir daha yazaq: elə bir klassikləşmiş, təkcə ədəbiyyat deyil, bəşər tarixinə möhürünü basmış elə bir qüdrətli əsər yoxdur ki, o, yaptokratiyaya və ona oxşar eybəcər rejimlərə qarşı olmasın. Yoxdur belə bir kitab! Bir dəfə dostlarla bu haqda danışanda da söhbət əsnasında xeyli roman adları sadaladıq və məlum oldu ki, onların hamısının ruhu, enerjisi, siqləti Şərə, pisliyə, ədalətsizliyə qarşı müqavimətə köklənir.
Hətta indi Əliyevlər rejiminin könüllü köləliyini qəbul edən xalqsız xalq şairlərinin, xalqsız xalq yazıçılarının kitablarında belə yalanın vəsfini görməzsiniz. Oğurluğun mədhini görməzsiniz. Qul haqqı yeməyə, zülm etməyə, məzlumun ahını almağa çağırış görməzsiniz. Onların hamısı əsərlərində ali dəyərlərdən, insanpərvərlikdən, Xeyir əməllərdən pafosla dəm vururlar. Həyatda isə bunun tam əksi ilə məşğuldurlar. Yetər ki, özlərinin, övladlarının karyerasını, işıqlı gələcəyini təmin edə bilsinlər. Qayıdıb soruşanda ki, bəs ədəbiyyatda carçısı olduğunuz həqiqəti, ədaləti həyatda dəyər-dəyməzinə satmaq hansı əxlaqa, məntiqə sığır, onda da inciyirlər, az qalırlar adamın basıb gözünü çıxarsınlar.
Daha bundan sonra Siyavuş Novruzovu və onun kimiləri niyə qınayaq? Bir halda ki, bu ölkədə hansısa yazıçı əsərlərində yazdıqlarını həyatda bir addım yaxına buraxmırlar, onda niyə hansısa oxucu da “Səfillər”i oxuyub xalqı səfil etməklə məşğul olanların səfində yer almasın?
Qayıdaq əvvəldəki suala. Niyə bəzən “Səfillər”i oxumuş adamda da nəsə çatmır? Niyə tutaq ki, “Taun”un oxucuları da həyatda Şər ideyaların xidmətçisinə çevrilirlər?
Bu sualın cavabı çox sadədir, daha doğrusu, elə həyatın, təbiətin özündədir: məsələn, ilanı hamı öldürə bilər, ilan kimi sürünərək yaşamamağı isə yalnız cəsurlar bacarırlar.