Azərbaycanın 8 aydın, işıqlı gənci elə 8 gündür Kürdəxanı təcridxanasında ölüm aclığı edir. Bu onlar üçün son çarədir, qondarma ittihamlar əsasında barələrində istənilən ağır cəzalara etirazın son yoludur. Anlaşılandır. Başadüşüləndir.
Amma gənc dostlarımızın, bu mübariz insanların son çarə kimi gördükləri aclıq aksiyasının belə, qəlbi daşlaşmış yaptokratiyanı insafa gətirəcəyini, ədalətli olmağa məcbur edəcəyini düşünmək də sadəlöhvlükdür. Odur ki, NIDA-çı gənclərə bir insani çağırışı da mən etmək istəyirəm. Aclığı dayandırmalarını, həyatlarına qıymamalarını xahiş edirəm. Bilirəm, aksiya başladıqda elan etmişdilər ki, heç vaxt onlara belə bir səslənişdə bulunmayaq, çünki qərarları qətidir.
Ancaq gediləsi bu uzun yolda yenə də bərabər yürümək, son məqsədə çatmaq üçün bizim indi ən çox məhz belə işıqlı, ləyaqətli gənclərə ehtiyacımız var, onları itirməkdən ancaq yaptokratiya qazanacaq. Yaptokratların ən böyük arzusu elə budur: hamımız ölək, qırılıb qurtaraq, cəhənnəm olub ölkədən gedək və əvəzində bunların əl-ayağına dolaşan heç bir nəfər də qalmasın, keflərinə soğan doğrayan olmasın, daha rahat, qulağı dinc şəkildə Azərbaycanı istədikləri kimi çalıb-çapsınlar.
Son məqsədə gedən yolda heç vaxt tək çarə olmadığı kimi, son çarə də yoxdur. Onsuz da biz bu yola başlarkən onun “qəbirdən də, Sibirdən də” keçə biləcəyinin fərqindəydik. Bu yolun üstündə bizi həbslərin pusduğunu, repressiyaların gözlədiyini anlayırdıq. Heç vaxt da rejimin insafına sığınıb davam etməmişik bu yolu. Ondan hər an hər haqsızlığı gözləmişik. Amma yenə də fikirləşmişik ki, bu yol yolçusuz qalmamalıdır. Yürüyənlər olmalıdır ki, yol yol olsun. Indi NIDA-çı dostlarımıza YOLun naminə səslənirəm: özünüzü ölümə tər etməyin! Həyati təhlükəyə atmayın!
Yol yolçusu varkən yoldur. Yol gedilməlidir ki, otlar basmasın, alaqlar içində itib-batmasın.
Sizlər – yolu yol edən yolçular olmadıqdan sonra biz son məqsəd, arzuladığımız dəyişiklik adına nəyə ümid edə bilərik? O yol mənzil başına qədər necə uzana bilər? O yol azad, demokratik, çağdaş, modern bir Azərbaycana necə gedib çıxa bilər?
Bəli, azadlıq elə gözəl bir nemət, elə qutsal bir dəyərdir ki, onun uğrunda çarpışmağa da dəyər, həbslərdə, sürgünlərdə çürüməyə də, hətta ölməyə də! Indi siz ölümü seçirsiniz, amma unutmayın ki, elə bunların arzuladığı da budur. Bunların beyninə “Insan yoxdursa, problem də yoxdur” düşüncəsi hakimdir. Siz var olmalısınız ki, sistem üçün başağrısı olsun, problem olsun, ən azı xalqdan qamarladıqlarını rahat-rahat yeyə bilməsinlər. Sizin varlığınız onların başı üzərindən “Domokl qılıncı” kimi asılsın – azad günlərin, aydın gələcəyin səksəkəsi ürəklərindən bir an belə çəkilməsin.
Alnımıza azadlıq uğrunda ölüm yazılıbsa, o bizi istəsək və istəməsək də gəlib tapacaq. O günədəksə ayaqda qalmaq, hər şeyə rəğmən güclü, sağlam qalmaq, zora, zülmə, şərə inad yaşamaq və dirəşmək vəzifəmizdir. Azadlıq naminə heç nəyə, hətta ölümə belə könüllü təslim olmaq haqqımızsa əsla yoxdur. Əsla!