Dünən məhkəmə-məzhəkədə NIDA-çı gənclərə iş istənildi. Üst-üstə 63 il! Kənardan baxan da mühakimə olunanların hər birinin Bin Laden-zad olduğunu zənn edər. Məhkəmə-məzhəkənin sonda neçə il iş kəsəcəyini bilmirəm. Bilmək də istəmirəm. 63 il deyil, 63 ay olsa, nə fərq edər. Bir insanı günahsız yerə, sadəcə, siyasi intiqam duyğusu ilə 63 saniyə azadlıqdan məhkum etmək belə, insanlıq cinayətidir. Utancvericidir.
***
Qoqol deyirdi: “Gənclər ona görə xoşbəxtdir ki, onların gələcəyi var”. Elə bir gələcək ki, orada bu hökmü sifariş və icra edənlərin heç birinə yer olmayacaq. Onlar tarixin tozlu arxivlərinə gömüləcək, hər zaman lənət və qınaqla xatırlanacaqlar. Bizim indi bu adi həqiqəti dönə-dönə xatırlatmaqdan başqa əlimizdən heç nə gəlmir. Öz xalqlarına, ölkələrinə azadlıq, ədalət, bərabərlik bəxş etmək istəyənlərin aqibəti bütün zamanlarda üç aşağı, beş aşağı eynidir: basqı, işgəncə, həbs, edam, sürgün. Bu gün gəlişmiş ölkələrin heç biri sahib olduqları yüksəlişi, tərəqqini bəxşiş kimi almayıblar. Yoldan tapmayıblar. Onların heç birinə bəşəri dəyərlər göydən səbətlə enməyib. Çalışıblar, çarpışıblar. Yeniliblər də, yıxılıblar da. Məğlubiyyət də dadıblar, məhrumiyyət də. Qan da görüblər, göz yaşları da. Daşdan daşa dəyib başları. Amma heç bir zülm, zillət, zindan azadlığa, hürriyyətə, ədalətə gedən yolun önünü sonadək kəsməyə kifayət etməyib. Bu gün eyni məşəqqətlərdən, eyni əzablardan, iztirabldardan Azərbaycan keçir. Sonda Azərbaycanda da nəticənin eyni olacağına heç kimin şübhəsi olmasın. Azərbaycanda da Xeyirlə Şərin mübarizəsini sonda azadlıq istəyənlər, demokratiya arzulayanlar, hüququn üstünlüyünü, ədalətin təntənəsini diləyənlər qazanacaq. Bu gün fərqli fikirə, azad sözə, tənqidçi mövqeyə görə qurulan hər mühakimə nə vaxtsa tarixin utanc səhifələrinə çevriləcək.
Həqiqət hayqıranları dəmir barmaqlıqlar ardına da məhkum etmək olar, qara torpaqlar altına da. Həqiqətin səfini tutanları susdurmaq da olar, sındırmaq da. Amma həqiqət özü – günəşdir, onu suvamaq olmaz. Günəş palçıq tutmaz. Öz yarasa təfəkkürü ilə günəşi üfürərək söndürəcəyini zənn edənlər həmişə acınacaqlı vəziyyətə düşüblər, yenə də düşəcəklər.
***
Azərbaycanın az qala hər gün yeni siyasi məhkəmə şoularından keçdiyi bu günlərdə gündəmin digər bir mövzusu “Rusiya təhlükəsi”dir. Nə sirri-xudadırsa, bu haqda indi iqtidarlı-müxalifətli böyük bir çoxluq danışır. Hamıda bir təlaş. Hamıda bir həyəcan. “Şimaldan gözlənilən təhlükəyə qarşı həmrəy olmaq” çağırışları qulaq batırır.
Amma heç kim çıxıb soruşmur: ölkədə siyasi qisasçılığı hər gün bir az da dərinləşdirərək, azadlıqların sərhədlərini tamamilə daraldaraq, Putinin nifrət etdiyi bütün diyərləri Azərbaycandan silib-süpürərək hər aykırı səsi boğaraq “Rusiya təhlükəsi”nə (əgər belə bir təhlükə doğrudan da varsa!) qarşı nə əldə etmək mümkündür?
Putinin güc aldığı idarəetmə metodlarını Putinsiz belə öz vətəndaşına tətbiq etdikdən sonra “Rusiya təhlükəsi”ndən danışmaq gülməli deyilmi? Bir yandan “Rusiya təhlükəsi” deyib yeri-göyü inlətmək, şivən qoparmaq nədir, o biri yandan sabah “Rusiya təhlükəsi”nin önünə çıxacaq gerçək vətənpərvər, millətsevər, vicdanlı, dürüst, ləyaqətli insanları həbslərdə çürütmək, iyrəndirib ölkədən didərgin salmaq nə?
Allah xətrinə deyin, məntiq, səmimiyyət bu işin harasındadır?