III yazı
Ölkədəki rejimin yaxından yardımı olmadan, daha doğrusu, rejimlə əlbirlik olmadan SIO (Strateji informasiya operasiyası) çox da böyük, önəmli uğur qazana bilməz. SIO-nun effektli işi onun uyğun rejimlə birbaşa ortaqlığındadır. Bu isə antidemokratik, antixalq rejimi deməkdir. Varsa – var!, – yoxdursa, seçilən obyekt-ölkədə strateji planlara uyğun rejim qurmaq gərəyi yaranır. Hansı yolla olur olsun. Uyğun rejim qurulandan sonra əlbir iş başlayır. Qıraqdan gizli-açıq yardımlarla rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya DÖVLƏT SIYASƏTINƏ dönüşdürülür. Dövlət yönətimi işində xalqın rolu minimuma endirilir.
SIO-nun iki ən önəmli yardımçısı olur: dağıdılan Təhsil sistemi ilə Sağlamlıq sistemi. Rüşvət-korrupsiya içində bu iki sistemin çürüdülüb-dağıdılması sonucda xalqın özünün istər can, istərsə də düşüncə baxımından çürüdülüb-dağıdılmasına gətirib çıxarır. Burada mən bilərəkdən açınma yerinə DAĞILMA anlayışını işlədirəm. Məncə, bu daha düzgündür. Axı, gözümüzün qarşısında danılmaz faktlar var: Təhsil, Sağlamlıq sistemlərinin dağdılması yoluyla aşındırılan, başqa cür desək, istər fiziki, istərsə də mənəvi sağlamlığını itirən xalq istər-istəməz psixoza tutulur. Belə xalqın bir araya gəlməsi, birləşib böyük, üstün güc yaratması olduqca çətin olur. Bu çətinliyin özünün də bir çox DÜZƏLTMƏ nədənləri var.
Yuxarıda deyildiyi kimi, antidemokratik rejim xalqı dövlət yönətimindən bütünlüklə uzaqlaşdırır. Belə rejimlər Ana yasada xalqı ağalığın-hakimiyətin başlıca qaynağı olaraq göstərsələr də, bu yalnız görüntü xarakteri daşıyır. Çox saya bir örnək: xalqın ağalıq-hakimiyət qaynağı olması üçün yerli özünüyönətim bütün ölkə boyu yayılmalı, ən aşağılardan ən yuxarılaradək doğru-düzgün seçkilər keçirilməsi yoluyla xalqın dövlət yönətiminə qatılması qarantiyalanmalıdır. Belə hakimiyət isə istər-istəməz demokratik xarakter daşıyır. Başqa cür desək, o, XALQDAN qaynaqlandığı üçün gerçəkdən LEGITIM hakimiyət olur. Belə hakimiyətin gücü bütünlüklə xalqa bağlı olduğundan, istər-istəməz o özü özünü xalqa fokuslaşdırdığından ona uzanan yad əllər eləcə uzalı qalır! Burada qarşılıqlı sürəc-proses baş verir: xalq hakimiyətə, hakimiyət xalqa güvənciylə güclü olur: ət-dırnaq görsənişi yaranır SIO kimi pozucu faktorlar burada araya girə bilmir!
Xalqdan qaynaqlanma olmadıqda, hakimiyət başqa yerlərə, qıraq güclərə bağlı olduqda, yad-yağı əlbirliklə xalq hakimiyətin subyekti deyil, obyekti olur, onunla bir obyekt olaraq davranılır. Antimilli-antidemokratik rejim milli gücləri, milli subyektləri dışlamaq, çıxdaş etməklə yaradılır. Beləcə də, milli gücləri, milli subyektləri dışlamaqla, çıxdaş etməklə ölkədə xalqa çox da bağlılığı olmayan siyasi elita yaradılır. Hakimiyət də, ölkənin yeraltı, yerüstü var-yatırı da bu bir ovuc qondarma siyasi elitanın əlində olur. Bu elita yaxın-uzaq yad güclərlə əlbir olaraq ölkədə gerçək milli elita yaranmasına yol vermir: ölkədəki var-yatırı düşmənlərlə paylaşmaq ölkə içindəki başqa qruplarla, başlıcası da milli yönümlü qruplarla paylaşmaqdan üstün tutulur!
Dünəndə, bugündə xalqa güc verən, güc örnəyi olaraq dəyərə çevrilən nə varsa, hamısı bircə-bircə gözdən salınmaqla dışlanıb çıxdaş edilir. Xalqa keçmişlərdə də indi olduğu sayaq yenildiyi, gücsüz olduğu düşüncəsi aşılanır. Siz belə ölkədə bu başdan o başa adamlarla danışın, çətinliklərdən çıxma-qurtulma yollarını arayın, görüşdüyünüz-danışdığınız adamların böyük çoxluğu sonda belə deyəcək: “Hamısı boş şeydir!” Bax, SIO-nun amtimilli-antidemokratik rejimlə birgə, əl-ələ çalışdığı, çatdığı budur! Bu isə bəlli bir kvadratura çevrəsi deməkdir. Bu çevrəni aşıb-dağıtmaq üçün çox çalışqan, dünənin-bugünün başlıca siyasi bilgilərinə yiyələnən, ellik istəkləri öz istəklərindən üstün tutan olduqca güclü liderlər gərəkdir!