II yazı
SIO-nun (SIO – Strateji informasiya operasiyası) antik örnəyi budur: “Çörəklə tamaşa!”. Roma şairi Yuvenal belə yazmışdı: “Çörəklə sirk oyunları!” Sonralar bunu qısa, çevik deyimə çevirdilər: “Çörəklə tamaşa!” Yuvenalın sözlə bəlirlətdiyi siyasət sonrakı gəlişmə dönəmində çox genişləndi, çox dərinləşdi. Bizim çağlarda bu özünü daha çox SIO faktoru olaraq göstərməkdədir. Siz V.Q.Veliçkonun “Qafqaz” etnoloji əsərini oxuyun, görün çar Rusiyasının Qafqaza ilkin gəlişi çağlarında Azərbaycan türkləri (əsərdə “Azərbaycan tatarları”) necə görünüblər. Qafqazadkı başlıca totluluqların – türklərin, gürcülərin, ermənilərin etnoloji – xarakterik özəlliklərini göstərən Veliçko konkret faktlardan çıxış edərək Azərbaycan türklərini hər baxımdan yüksəyə qaldırır: bu xalq doğru-düzgünlükdə, dediyindən dönməməkdə, bahadırlıqda taysızdır. Veliçko erməniləri hər baxımdan Qafqaza yaraşmayan, yalançı, yaltaq, dələduz xalq olaraq tanıdır, dəyərləndirir.
Imperialist Rusiya yalnız Qafqazda deyil, bütün regionda, başlıcası, türk-müsəlman ortamında özünə dayanıqlı forpost yaratmaq üçün “Qafqaz” tipli əsərlərdən yararlanmaqla bütünlüklə ermənilərə bağlandı. Ermənilərə hər baxımdan üstünlük qazandırma axarında Azərbaycan türklərini hər baxımdan əzib sıradan çıxarma siyasətləri yürüdüldü. Ermənilər imperialist Rusiyanın bölgədə gizli-açıq basqı alətinə çevrildilər. Beləcə, Rusiya imperiyası min illərin xalqından özünün imperiyaçı Prokrust yatağına uyğun yeni – başıaşağı, üzüyola xalq formalaşdırmağa başladı: “Azərbaycan tatarları” adıyla. (Bu yolla Rusiyadakı “monqol-tatar” antipatiyası Azərbaycana ötürülürdü!) M.Ə.Rəsulzadə başçılığında ADR başlanğıc olaraq xalqın gerçək adını qaytarmaqla böyük bir dönüşə qol qoydu. Xalqın özünə qayıtması sürəci başladı. Ancaq yaxın-uzaq imperialist güclər əlbir olaraq çox keçmədən Azərbaycanın böyük gələcəyə aparan yolunu kəsdilər. O çağlar biz Böyük, Bütöv Azərbaycana aparan yolun başlanğıcında idik!
1988-ci il olaylarına görə Azərbaycan xalqına “Ilin xalqı” adı verildi. Biz bu adla dünyanın qabaqcıl dövlətləri sırasına qatılacağımızı düşünürdük. Ancaq bu adı bizə verənlərin planları başqa imiş: onlara bizim SSRI-ni dağıtmağımız gərəkmiş. SSRI dağıldı, bizsə 1918-1920-ci il praktikasından çıxış edərək Demokratik Respublika quruculuğuna girişdik. Bax, bu yerdə biz “qırmızı cızı” keçmiş sayıldıq. Sən demə, yaxın-uzaq imperialist güclərin Sovetdən sonrakı planları başqa imiş: geopolitik baxımdan olduqca önəmli, Neft-Qaz başda olmaqla doğal resurslarla dolu Azərbaycanda ərəb ölkələrindəki kimi onlara çox doğma rejimlərdən biri qurulmalıymış. Qurdular, illərlə arxasında durdular. Demokratları bütünlüklə sıxışdırıb çıxdaş etmə yoluyla Azərbaycanda da ərəb ölkələrində etdikləri sayaq sonralar (özlərinə gərəkirkən!) “terrorizmlə çarpışma aparmaq üçün2 islam fundamentalizmi əkib-becərəcəkmişlər! Indi ortaya demokratiya beşiyi sayılan dövlətin baş baxanının məktubu çıxır: ”Sevimli Müəmmər…” Açıqda qınadıqları qaniçən diktator Qəzzafiyə bunlar gizli məktublarında “Sevimli Müəmmər…” deyirmişlər! Bu məktuba oxşarının biri də 2013-cü il prezident seçkisi dönəmində Azərbaycana göndərilmişdi. Onu o dövlətin indiki baş baxanı göndərmişdi. Lord Palmerstonun ünlü deyimini burada bir az dəyişək: Neft başçıları imperialistlərin dəyişməz dostlarıdır!
Sözügedən dostluğun dayanıqlı, uzun sürəli olması üçün xalqa qarşı rejimlə əlbir işləmək gərəkir. Bax, bu yerdə bir sıra başqa gərəkən siyasətlər, siyasi texnologiyalarla yanaşı, bir də ortaya ƏJDAHA kimi bütöv bir xalqı yavaş-yavaş udub başqalaşdıran, başqasına çevirən SIO çıxarılır. SIO özüylə ölkəyə yeni dil, yeni kültür, yeni musiqi, yeni davranış örnəkləri gətirir. Qısaca desək, SIO çağdaş dünyada yeni, çoxları üçün anlaşılmaz kolonializm qurğusudur! Saya “Çörəklə tamaşa!” qurğusundan qat-qat effektli bir qurğu. Bu qurğunun böyük üstünlüyü ÇÖRƏKSIZ də TAMAŞA çəkiciliyi, TAMAŞA uyuşduruculuğu yarada bilməsindədir…