Son çağlar tez-tez belə deyildiyini eşidirik: “Biz çox azıq, az olduğumuza görə də gücsüzük”. Ortadakı bəlli gerçəkliyə baxıb, bu baxışı düzgün saymaq olar. Ancaq… başqa bir gerçəklik də var, özü də yalnız bizlik olmayan – planetar gerçəklik. Ötən yüzilin 80-ci illərinin sonlarındakı Azərbaycan Xalq Hərəkatının təkanvericilərindən, yaradıcılarından biri olaraq bildirirəm: mən bizim haçaqsa indi düşünüldüyü kimi çox olduğumuzu görməmişəm. Bizlər: idealist-romantiklər, gerçək ideya adamları bütün çağlarda az olmuşuq.
Gördüklərimdən, bildiklərimdən çıxış edərək deyirəm: biz Xalq Hərəkatından qabaq da az olmuşuq, Xalq Hərəkatı dönəmində də az olmuşuq, indilikdə – Xalq Hərəkatından sonrakı dönəmdə də – azıq. Bu isə başlanğıcda dediyim kimi, planetar görsənişdir: bütün dünyada, bütün ölkələrdə idealistlər azlıqda olur.
Idealistlər hər yerdə, hər çağda azlıqda qalsalar da, hər yerdə, hər çağda sonuc baxımından güclü olurlar. Bu isə YOL-IDEYA doğruluğuna bağlı gücdür. Rejim bu AZ gücdən çox qorxduğu üçün demokratik dünya ilə çatışmaya gedərək AZlıqla böyük çoxluq savaşı aparmaqdadır. Siyasi dustaq statistikasına baxın, Azərbaycan indi bu baxımdan yalnız regionun deyil, dünyanın ANALOQU olmayan bir neçə LIDER dövlətindən biridir. Butün qabaqcıl-demokratik dünya qarşısında üzümüzü ağardan (rejimin üzünü qaraldan!) bu statistika bizim gücümüzün görsənişi deyilmi?! Görün indiyədək nə çox YOLdaşımız tutulub dustaq edilib, YOLda boşluq, kimsəsizlik görürsünüzmü? Yox, YOLumuz eləcə qalır – YOL olaraq qalır, gedilir. Böyük, uğurlu gələcək baxımından ən pisi də, ən qorxulusu da YOLun yolçusuz olmasıdır. Bu gün bizim YOLumuz da var, o YOLu gedən yolçularımız da! Qalanı çağa bağlıdır. Çağsa geriçi rejimə deyil, bizə işləyir.
Son günlər Batumda keçirilən bəlli yığıncaqla bağlı ortaya çıxanlar: Sosial setdəki Böyük Yol aktivliyi, BIZIMKILƏRIN danışıqsız üstünlüyü – bütün bunlar AZlığın gücü deyil, nədir? Mənim illərlə təkbaşına çarpışma apardığım bəlli bir qrupla indi, demək olar, bütün düşərgə çarpışmaya qalxıb. Vur-tut iki il qabaq mən onları MÜTƏŞƏKKIL CINAYƏTKAR DƏSTƏ adlandıranda qəzetlərində məni topa tutdular, adıma nələr yazmadılar?! Onlar onda məni təkləmişdilər. Ancaq əllərində fakt olmadığından uzağa gedə bilmədilər. Ondan qabaq, Ictimai Palatanın iki yığıncağında (2011. 26 fevral, 24 mart) onlardan bir neçəsinin adını tribunadan çəkmişdim. Onda qəzetlərində mənə nə qaralar yaxmadılar! Bir sıra “QHT” pulyeyənlərini, bir partiya başçısını mənə qarşı danışdırtdılar: “Xaliq Bahadır hakimiyətin məkrli planlarına qulluq eləyir”. Bunlar mənim bir sıra MƏKRLI planlarla bağlı tribunadan etdiyim çıxışlara qarşılıq idi. Onda hansı zərbələri alacağımı bilə-bilə tribunadan gərəkən gerçəkləri dilə gətirdim. Məni hamılıqla alqışladılar, sonra da hamılıqla – yüksək səs çoxluğuyla o adamları Koordinasiya Şurasına seçdilər. Kimlərsə onda strategiyanı taktikaya qurban verməklə Ictimai Palatanı qaçılmaz uğursuzluğa yönəltdilər. Indiki bəlli təpkilər onda olsaydı! Biz onda kimin kim olduğunu hamılıqla, ən azı, indiki kimi çoxluqla dilə gətirsəydik!..
2012-ci ildə, prezident seçkisinə bir il qalmış yazmışdım: illərdən bəri müxalifət arasında rejimə qulluq edən bir çoxlarının maskası prezident seçkisi qabağı yırtılacaq. Yırtılıb, yırtılır. Illərlə “Müsavat” adı altında rejimlə gizli alış-verişdə bulunanlar indi açıq işə keçməkdədirlər – qəzetlərilə birlikdə. Demokratik dünyanın böyük basqıları ilə üzləşən rejim onlardan daha gizli deyil, açıq DESANTLAR kimi yararlanmalı olur. Bunda AZların gücü də önəmli rol oynayır – rejim satılmışları, özlərinin sevili leksikonları ilə desək, DEŞIFRƏ etməklə AZlara AZlıqda qaldıqları inamını aşılamağa çalışır. Ancaq, göründüyü kimi, bu deşifrə faktından itirən rejimlə müxalifətdəki gizli əlaltıları olur.