Indiki uğurlu parlament seçkisilə Ukrayna daha bir aşamanı başa vurdu. Özü də bu, demokratik dəyərləndirmə baxımından olduqca parlaq uğurdur: hələlik elə bir reytinq sorunu olmayan prezident Poroşenkonun bloku ikinci, Yatsenyukun Xalq Cəbhəsi birinci yerdədir. Bu isə Əliyevlər Azərbaycanında geniş yayılmış, başlıca “seçki” faktoruna çevrilmiş administrativ resurs anlayışının indiki Ukrayna seçkisində keçərsiz olması deməkdir. Alqışlayırıq. Bu sevindirici görsəniş imperiya-aqressiya ambisiyalarından qopub ayrıla bilməyən Rusiyadan Ukraynanın biryolluq qopub ayrılması, ayrılıb demokratik Avropaya qovuşması deməkdir. Başqa bir yandan bu, demokratiya sınırlarının istər-istəməz Azərbaycana yaxınlaşması deməkdir.
Rusiya televiziyalarına baxanlar bilirlər: bugünlər Rusiya televiziyaları Ukraynada indiki seçkinin baş tutmaması üçün dəridən-qabıqdan çıxdılar. Rusiya televiziyaları Krımın tutulmasından bu yana Ukraynaya qarşı apardıqları informasiya savaşını bugünlər apogeyə qaldırdılar, ancaq… alınmadı! Seçkini nüvə yaraqlarıyla bütün dünyaya, indilikdə isə ən çox Ukraynaya meydan oxuyan aqressor-imperialist Putin deyil, əli bülletenli, bağımsızlıq istəkli Ukrayna xalqı uddu – bunun başqa adı yoxdur. Putin uduzdu, putinçi Rusiya uduzdu. Eləcə də Putinlə, putinçi Rusiya ilə birlikdə Ukraynanın uduzmasını istəyən əliyevçi rejim uduzdu, bu rejimin başında duran Ilham Əliyevlə Ramiz Mehdiyev uduzdu! Gerçəyə qalsa, bu seçki indi yox, Ukrayna prezidenti Poroşenkonun Putinlə Minsk görüşündə udulmuşdu. Poroşenko onda Putinlə olduqca sayğısızcasına görüşməklə istər Putinə, istərsə də başında durduğu Ukrayna xalqına Ukraynanın bağımsızlığının, yenilməzliyinin konkret mesajını vermiş, konkret örnəyini göstərmişdi. Elə görsənişlər koloniya boyunduruğundan qurtulmuş ölkələrdə istər-istəməz ulusal qalxınmanı stimullaşdırmaqla, böyük təkanverici rol oynayır. Bundan başqa, Ukrayna güc qurumlarının Putin administrasiyasının “Novorossiya” adlandırdığı güney-doğu Ukraynadakı uğurlu döyüşləri Kiyevdəki seçki uğurunu stimillaşdırmışdı! Seçkidən az öncə Putin Ukrayna sınırlarından 17 min 500 nəfərlik qoşununu çəkib aparmalı olmuşdu. Onun planlarına görə, bu qoşun “Novorossiyaya” yeridilməli idi. Bir yandan Ukrayna xalqının böyük dirənişi, o biri yandan sanksiyalar üzündən Rusiyanın üzləşdiyi kəskin çöküş faktı Putinə geri çəkilməkdən başqa yol qoymadı. Açıq-aydın göründüyü kimi, bu gün aqressor aqoniya içindədir…
Bunu indi bütün dünya görür. Bunu indi görməyən varsa, o da bizdəki bütünlüklə Rusiyaya, Putin rejiminə bağlı I.Əliyev-R.Mehdiyev hakimiyətidir. Düzünə qalsa, onlar da illərdən bəri arxalandıqları Rusiyanın necə çökdüyünü, əlinin hər yerdən üzüldüyünü görməmiş deyillər. Görürlər, bilirlər, ancaq özlərinə Rusiya ilə yaxınlaşmaqdan başqa yol da bula bilmirlər. Onlar Rusiyaya Gürcüstan, Ukrayna kimi QORXUdan yaxınlaşırlar, başqa cür desək, demokratiya, demokratikləşmə qorxusundan. Onlar günü bu gün demokratiya, demokratikləşmə qorxusundan Azərbaycanı Rusiyaya qatarlar, ancaq 21 ildə oğurladıqları milyardlardan ölkədə üstün gücə çevrilsələr də, pullu üstünlükdən özgə üstünlükləri olmadığını gözəl bilirlər. Baxın, onlar qızğınlıqla repressiyalara başlamışdılar, uzun sürəli, sağ-sol müxalifəti biryolluq aradan qaldırmağa yönəlik repressiyalara. Nə oldu? Hələ çox da böyük olmayan təpkilərdən durmalı oldular.
Şahmatda suqsvanq deyilən görsəniş var. Bu nə deməkdir: istənilən aktiv gediş qorxuludur, ancaq eləcə dayanmaq da olmaz. Bu gün I.Əliyev-R.Mehdiyev hakimiyəti belə bir durumdadır. Çoxillik aparat oyunçusu R.Mehdiyevin bugünlərdə etdiyi bəlli çıxışı da suqsvanq yolsuzluğu doğurub. Bu, qoca oyunçu-ideoloqun özünü SIĞORTALAMA – “məni bunlara qatmayın” – çabalarıdır…